İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüş söyməyən yaltaqdır?

1251 14.08.2021 22:14 Yazarlar A A

 

Bütün dünya kimi biz də çaş-baş içində qalmışıq. Virusun yeni ştammları meydana çıxdıqca, bəşəriyyət əlimizdən gedir əhvalına qapılırıq. Maraqlı burasıdır ki, ölkənin yarıdan çoxu vaksin olunub. Və vaksin olunanların sayı artdıqca yoluxmalar da artır. Ölkənin digər yarısı da koronavirusa yoluxub, qurtarıb. İndi durub biri desə ki, poliklinikalardakı, Asan Xidmətlərdəki, klinikalardakı vaksin növbələri yoluxmanı artırır, heç birimiz cıqqırımızı da çıxara bilmərik. Çünki “toylara görə yoluxmalar artıb” deyənlər nə qədər haqlıdılarsa, vaksin növbələrini suç keçisi edənlər də o qədər haqlıdır.

Bəli, xəbərdarlıq xəbərdarlıq dalınca... Birinci vaksini vurdurmayanlar filan-filan yerlərə gedə bilməz. İkisini də vurdursaz, pasportunuzu da alsaz, xoşbəxtin xoşbəxti siz olacaqsız... Xoşbəxtlik cəhənnəm, hamı işini itirmənin qorxusu, elementar konstitusion hüquqlarının reallaşması üçün bu prosesə razılaşırlar. Adamlar, ziyalılar tanıyıram ki, vaksin olunmasa, çayxanaya, kafeyə buraxılmayacağının qorxusu ilə bu prosesə razılaşıb. Qara adam olma perspektivi, təlaşı insanları hərəkətləndirib və indi ən qələbəlik, basabas olan yerlər vaksin növbələrinin yaşandığı məkanlardır...


Hərə bu prosesdən bir fayda götürməyə çalışır. Bir tərəfdən də şanlı məktəblərimizin üzünə gün doğub. O gün bəzi məktəblərin valideynləri vatsap qruplarına göndərilən mesajları paylaşıblar. Məlum olub ki, onlara məktəb rəhbərliyi tərəfindən göndərilən vatsap mesajda valideyn-şagird heyəti vaksin olunmasa, məktəbə buraxılmayacağı qeyd edilib. Adamın əli üzündə qalır. Axı uşaqlar vaksin olunmur, bunu bütün dünya bilir. Valideynin məktəbdə nə işi var? Uzaqbaşı aşağı sinif şagirdlərinin valideynləri uşaqları məktəbə qoyub, çıxıb gedirlər. “Məktəbə buraxılmayacaqsız” nə deməkdir? Olmaya il yarımdır ki, qılınıcının dalı-qabağı kəsməyən bəzi məktəb direktorları-zavuçlar-dərs hissə müdirlərinin üzünə gün doğub? Ay can, ay can... Bəs nə? Koronavirusun mübarək olmayan adından bu torpaqlarda nə qədər adam yararlandı, kimlərin cibi doldu, kimlərin puluna pul, varına var qatıldı? Məktəblərin başı keçəldi? İndi bəzi direktorlar da əlini əlinə sürtüb sevinir ki, bəs qonşuda bişər, bizə də düşər. Toydan qazanan oldu, vaydan qazanan oldu, maskadan cibini şişirdən oldu, saxta vaksinlər, saxta vaksin pasportları bazarı yaradıldı, məktəblər niyə bu prosesdən kənarda qalsın ki? Məktəbləri də “pasport stola” çevirəcəklər, görərsiz. Şükür Allaha, bizim rüşvətxor məmurlara barmaq ucu boyda işıq yeri göstər, dərhal barmaqları ilə oranı qapatsınlar. Hər yerdə, amma hər yerdə rüşvət üçün kiçicik bir pəncərə varsa, oranı rüşvət cənnətinə çevirəcəklər özləri üçün.

Cənnət demiş, bu günlərdə də “söyüş cənnəti” yaşayır xalqımız. Donuza bənzər Jirinovskinin təhqiri, ona İsfəndiyar Vahabzadənin verdiyi cavab... xalqımızın onsuz da gərgin əsəblərini daha da gərginləşdirdi. Təhqir, ona verilən cavabla işim yox, bu barədə aparıcısı olduğum verilişdə dəfələrlə danışmışam. Məni düşündürən bu məsələdə hər kəsin aşırı söyüş dili ilə danışması idi. Tamam, Jirinovski başını Moskvanın ən böyük daşına vurub, xalqımızı təhqir edib, hakimiyyətə dil uzadıb... Bunun cavabı da verilib. Amma baxıram, hər kəs təhqirdən, söyüşdən aşağı olan cavabı cavab hesab etmir. Sən tutaq ki, Jirinovskinin “kloun siyasətçi” olduğunu deyib, onu siyasət meydanından alaq otu kimi təmizləmək lazım olduğunu deyirsən. Amma insanımız buna da etiraz edir və tələb, israr edir ki, sən onu ən ağır söyüşlərlə söyəsən. Efirdəsən, qəzet işçisisən, ziyalısan, siyasətçisən... fərq etməz. Onun tələbi çox ağır ritorikadır. Mədəni dildə tənqid edirsənsə, satqın, rusun maşası, yaltaq sayılırsan.
Bunun səbəbkarları onlayn media efirinə söyüşü gətirənlər olub. Onlar immunitet yaradıblar cəmiyyətdə. Tələbatın arxasında onların ritorikasıdır. Və ən faciəvisi də odur ki, küyə gedənlər olur. Sırf bir qrupa yarınmaq, onların simpatiyasını qazanmaq üçün bəziləri bu üslubda danışmağa çalışırlar. Baxırsan ki, dünənə qədər tənqidini mədəni şəkildə ifadə edənlər indi barmağını silkələyib, küçə jarqonları ilə tamaşaçıya müraciət edir... Nəticədə nə baş verir? Söyüş söymədən danışan, təhqir etmədən öz fikrini ifadə edən bir qrupun gözündə yaltaq, qorxaq, gözüqıpıq sayılır.
Tənqid etmək üçün söyüş söymək şərt deyil. Söyüş də şiddətin bir növüdür. Bəs deyirdik, “şiddətə yox”, nə oldu?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR