İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüdlü olayında “5-ci kolon” izi - Rusiya təxribatçıları Azərbaycana verəcəkmi?

931 24.06.2023 12:38 Gündəm A A

Xoşagəlməz insident ətrafında “sular” yavaş-yavaş durulur; günahkarların xaricdə yaşadığı müəyyənləşərsə, barələrində İnterpol axtarışı veriləcək...

Gədəbəyin Söyüdlü kəndində iyunun 20-də baş vermiş insident, az qala, “açıq səmada şimşək” effekti yaratdı. Başqa sözlə, yetərincə qəfil və təəccüblü olmaqla ictimaiyyətdə bir sıra suallar doğurdu. Əsas da bu sual ki, doğrudanmı polis qüvvələri ilə toqquşma, ümumiyyətlə, aksiya dinc sakinlərin öz ideyası olub?

Artıq aydın olur ki, baş verənlərdə “xarici barmaq” var. Daha dəqiqi, söhbət Rusiyaya bağlı “5-cu kolon” üzvlərinin ölkəni qarışdırmaq, milləti bir-birinə qarşı qoymaq üçün aldığı təlimatlardan gedir.

Musavat.com həm bu barədə, həm də konkret adlar barədə artıq yazıb. Onların ikisi A.Allahverdiyev və E.Cabbarov Rusiya vətəndaşıdır, orada yaşayırlar. Hər iki şəxs hadisədən bir müddət əvvəl yasda iştirak adı ilə Gədəbəydə olublar. Onlar kəndə böyük vəsait pulla gəliblər. Burada onlar kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər. Bundan sonra 400 nəfərlik “Whatsap” qrupu yaradılıb.

Dadaş Şirinov qızıl yatağında işləyən şirkətdə sürücü kimi çalışıb və daim Allahverdiyev və Cabbarovla əlaqədə olub. Onun Allahverdiyevdən konkret təlimatlar aldığı məlumdur. O, həmçinin aksiyadan çəkilmiş görüntülərin Tik-tok-da geniş yayılmasını təmin etməli idi. Bundan başqa, D.Şirinov təxribatın növbəti mərhələsində çalışdığı müəssisənin işçilərini də aksiyaya cəlb etməli və tətilə səsləməli idi.

“Whatsap” qrupu üzərindən danışıqlar zamanı A.Allahverdiyev Söyüdlü kənd sakinlərini “ekoloji problemlə” bağlı mütəmadi olaraq “məlumatlandırıb”, xüsusilə yataqda “texnologiyanın standartlara uyğun olmaması, gölün üstünün açıq olması, sızıntı olması, gölün dolub daşması, insanların xəstə olması, ağciyər, xərçəng, damar xəstəliklərinin yaranması, insanların çətin nəfəs alması” və s. bu kimi amilləri əsas gətirərək dövlət qurumlarına etirazlar göndərilməsinə dair təlimatlandırıb.

İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirib, onları icra hakimiyyətinin qarşısına toplaşmağa çağırıb və s. Qrupda ən radikal addımlar atmağa dair çağırışlar olub. Səs yazılarında açıq şəkildə təxribatların hazırlanması üçün pul yığıldığı, aksiya edənlərlə bağlı hesabatların istənildiyi eşidilir. İnsanlar küçələrə çıxarılır.

O da məlum olub ki, aksiya zamanı qaldırılan plakatlar kənddə yox, Gəncədə sexlərdən birində hazırlanıb. Musavat.com-a həmin plakatların çap olunduğu mətbəənin görüntüləri də əldə edib. Yəni söhbət spontan bir aksiyadan yox, qabaqcadan təşkil edilmiş, hazırlıqlar görülmüş bir təxribat əməlindən gedir.

Qeyd edək ki, iyunun 23-də parlamentin növbədənkənar sessiyasının plenar iclasında bir sıra deputatlar Söyüdlü kəndində baş verən hadisəyə münasibət bildirib.

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov

Deputat Elman Nəsirov bildirib ki, Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb: “Heç nə birdən-birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan iki nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti üzə çıxsın”.

Elnur Allahverdiyev kimdir? - Deputat haqqında bilmədiklərimiz - ƏTRAFLI |  KONKRET

Elnur Allahverdiyev isə deyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var: “Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır. Açıq görünür ki, onların əsas hədəfi vətəndaşla polisi, xalqımızla dövləti üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların niyyəti həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, insanları qoruyan hüquq mühafizə orqanlarını bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır”.

HÜSEYNOVA Sevinc Əmirəhməd qızı

Sevinc Hüseynova

103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova da Söyüdlü kəndində baş verənlərə münasibət bildirib. Sevinc Hüseynova hazırda rayonda bu hadisələrlə bağlı iş aparıldığını diqqətə çatdırıb. Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib: “Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır. Lakin bu qüvvələrin niyyəti gözündə qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizəsi orqanları, həm də komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər də öz layiqli cəzasını alacaq”.

Gədəbəydən seçilən digər deputat Arzu Nağıyev isə deyib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin dediklərində də həqiqət var. O bildirib ki, problemi bu qədər böyütmək lazım deyildi: “Biz bu məsələdə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

Bəs təxribatçılar yaxalanacaqmı, onların haqqında cinayət təqibi həyata keçiriləcəkmi? Axtarışa veriləcəklərmi? Ən önəmlisi, Rusiya öz adamlarını Azərbaycana verərmi?

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə bayramqabağı ərzaq  yardımı edir (FOTO)

Arzu Nağıyev

Deputat Arzu Nağıyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, araşdırmalar əsasında təxribatçıların xaricdə yaşadığı müəyyənləşərsə,  barəsində İnterpol axtarışı veriləcək: “Məlum məsələdir ki, Gədəbəyin Söyüdlü  kəndində baş vermiş hadisə ilə bağlı artıq baş nazirin sərəncamına uyğun olaraq komissiya işləyir, hər bir kənd sakini ilə görüş keçirilir, həmçinin həmin gölün monitorinqi aparılır. Bu proseslərlə paralel insidentin baş verməsində rol oynamış şəxslərlə bağlı da araşdırmalar aparılır. Məlum olduğu kimi, 5 nəfər həbs edilib, barələrində 20 sutkalıq həbs-qətimkan tədbiri seçilib, həmçinin cərimə olunanlar var.

Əlbəttə ki, iğtişaşın necə baş verməsi ilə bağlı araşdırma  davam etdiriləcək. Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətidir. Cinayət işinin qalxması üçün subyektiv, obyektiv tərəf var və məram, məqsəd nə olmalıdır - bu aydınlaşmalıdır. Aydınlaşma, cinayət işi qaldırıldıqdan sonra kimin harada yerləşməsindən asılı olmayaraq, barəsində müvafiq qərarlar qəbul ediləcək. Əgər həmin şəxslər xarici ölkə vətəndaşıdırsa, onların haqqında İnterpol vasitəsilə araşdırma, eyni zamanda  axtarışavermə məsələsi gündəmdə ola bilər".

Qeyd edək ki, iyunun 21-də baş nazir Əli Əsədovun sərəncamı ilə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Kənddə vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri artıq Gədəbəy rayonuna gedib. Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR