“Sovetski” unuduldu: “Gəlib, heç vəziyyətimizi soruşan da yoxdur” - VİDEOREPORTAJ, FOTOLAR
I Avropa Oyunlarının bitməsini səbrsizliklə gözləyən "Sovetski" sakinləri artıq köç əhval ruhiyyəsindədir. Çünki, idman yarışlarının bitməsindən sonra söküntü və köçürülmə işlərinin davam etdirəcəyi vəd olunmuşdu. Artıq I Avropa Oyunları başa çatıb.
Bəs görəsən, "Sovetski"də növbəti köçürülmə mərhələsi başlayıbmı? Kompensasiya məsələsində hökümətlə sakinlər arasında narazılıq varmı?
Bu suallara ayınlıq gətirmək üçün üz tutduq, Bakının tarixdən silinməkdə olan qədim məhəlləsinə… Uçuq-sökük evlər, qəzalı şəraitdə düşən binalar sanki müharibə səhnələrini xatırladır. Əvvəlki çılğın "Sovetski" həyatını indi səssizlik əvəz edib.
Söküntü işlərinin pərakəndə aparılması, səliqəsizlik, kompensasiyaların azlığı və sair səbəblərin yaratdığı narazılığı hər bir "Sovetski" sakinlərinin üzündən oxumaq mümkündür. Daha öncə evlərin bir hissəsi sökülmüş Mirzağa Əliyev küçəsi, dalan 7-də yaşayan sakinlərlə həmsöhbət olduq.
"Sovetski" sakini Elxan Əliyev dedi ki, köçürülmə işləri dayanıb, indi onların vəziyyəti ilə maraqlanan da yoxdur: “Demişdilər ki, I Avropa Oyunlarından sonra gələcəklər, lakin heç kim bizimlə maraqlanmayıb. Mən özüm gedib, müraciət etmişəm. Bildirdilər ki, biz deyən qiymətlə razısınızsa köçürək, razı deyilsinizsə, gedin yaşayın. Verdikləri kompensasiya bizə də sərf eləmir. Kvadratı düzgün ölçmürlər. Həyətimi kvadratla hesaba almırlar. Bu səbəbdən də veriləcək kompensasiya ilə başqa yerdə ev almaq mümkün deyil. Bu barədə Yasamal rayonundan millət vəkili Ülvi Quliyevin qəbulunda oldum. Millət vəkili bu işlə bağlı bizə köməklik etmədi. Vəd verdi ki, deyərəm gəlsinlər, yenidən ölçsünlər, amma heç bir nəticəsi olmadı”.
“Sovetski” sakini onu da dedi ki, evləri sökərkən ehtiyatsızlıq edirlər: "Qonşuluqdakı evləri köçürdülər. Söküntü işləri aparıldı. Buradakı evlər bitişik olduğundan söküntü zamanı mənim də evimə zərər dəyib”.
Başqa bir sakin, xəstəliyi səbəbindən yataq şəraitində olan Rəisə Hacıyeva da vəziyyətlərinin acınacaqlı olduğunu dedi: "Bir neçə aydır ki, gəlib vəziyyətimizi soruşan da yoxdu. Qalmışıq, toz-torpaq, xəstəlik içərisində... 40 kvadratmetr evimiz var. O vaxt gəlib, 60 min manat pul verirdilər, qəbul eləmədim. Bu qiymətə ev almaq çətin məsələdir. İndi ətrafı söküb, viran qoyublar. Məqsədləri bizi bu yolla çıxarmaqdır”.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Fotolar və video müəllifindir.






