İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sovet ordusunun Bakıya daxil olmasına bəhanə yaradacaq addımlardan yayına bilərdik"- Fazil Mustafadan SENSASİON AÇIQLAMA

908 20.01.2024 14:26 Siyasət A A

 

“20 Yanvar faciəsinin yaşanması labüd idi. Mən də daxil olmaqla, Xalq hərəkatını idarə edənlərin qlobal deyil, lokal siyasi baxışının olması hadisələri doğru istiqamətləndirməyə imkanı vermirdi”.

Bu fikirləri Musavat.com-a millət vəkili Fazil Mustafa deyib. O vurğulayıb ki, eyni zamanda partiya nomenklaturası ilə hərəkat rəhbərləri arasında normal, səviyyəli dialoqun olmaması informasiya mübadiləsində müəyyən problemlər yaradırdı:

“Məsələn, Baltikyanı ölkələr bunu birgə hərəkətlə gerçəkləşdirirdilər. Təəssüf ki, Azərbaycanda hər kəs öz bildiyi istiqamətdə getməyi seçdi. O dövrdə Qarabağ məsələsinin qlobal mahiyyətini dərindən anlamırdıq. Biz bunu sovet rəhbərliyinin yaratdığı problem kimi görürdük. Əslində, bu beynəlxalq problemin yaranmasında yalnız Moskvanın deyil, Moskvanı təhrik edən ABŞ və Avropa ölkələrinin rolunu tam görə bilmirdik. Küçələrə çıxmaq məsələsində isə təcrübəsiz toplumun  idarə olunması baxımından siyasi liderlərin məsuliyyəti önə çəkilir. Azərbaycan xalqına addım-addım, siyasi mərhələləri keçərək müstəqilliyə gedən yolu aşılaya bilmədik. Qan çıxarıb, dalana dirənib dayanmaq labüd idi. Biz da bu yolu seçdik. Prosesləri  mexaniki düşüncə ilə hərəkət edən siyasi idarəetmə anlayışı ilə apardıq və məğlub olduq. Bütün hallarda biz sovet ordusunun Bakıya bu şəkildə daxil olmasına bəhanə yaradacaq addımlardan yayına bilərdik. Bu, sadəcə küçələrə çıxan deyil, hərəkatı idarə edən insanlarla əlaqəli idi. Sonradan zaman da göstərdi ki, insanların təfəkkür baxımından dünya siyasətinə, hətta sovet siyasətinə yaxınlığı, yaxud informasiya baxımından anlayışı demək olar ki, yox səviyyəsindədir. Məğlubiyyətin əsas səbəbi budur".

F. Mustafa qeyd etdi ki, bu hadisələr Azərbaycan xalqının birliyini, həmrəyliyini yaratmaqla yanaşı, həm də naşı trayektoriya izlədiyimizi ortaya qoydu:

"Sonrakı mərhələlərdə nisbətən yayına bildiyimiz üçün daha faciəli vəziyyətlə üzləşmədik.  20 Yanvar faciəsi həm də belə situasiyalarda  insanları ağıllı düşünməyə yönəltdi. Əvvəllər də qeyd etdiyim kimi, 20 Yanvar gününün matəm günü kimi yad edilməsini doğru hesab etmirəm. Artıq matəm anlayışından çıxmalıyıq. Əgər qəhrəmanlıq tarixidirsə, yanaşma da belə olmalıdır. Hüzn ritualı artıq keçmişdə qalıb. Xalqın daha çox gələcəyə indekslənməsi, gələcək uğurlar üçün səfərbər olması vacibdir. Tarixlə həddən artıq aludəçiliklə yaşamaq xalq üçün faydalı deyil.  Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!"
 

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR