İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet elitasına xidmət göstərən seksiya – İcazə vərəqəsi olmayanlar qapı dalında qalırmış

3586 14.12.2022 13:38 Yaxın tarix A A

Uzun illər “QUM”-un (QUM - qosudartvennıy universalnıy maqazin - dövlət universal mağazası) Qırmızı meydana tərəf açılan, təxminən Lenin mavzoleyi ilə üzbəüz böyük qapısının arxasında nə yerləşdiyindən çoxları xəbərsiz olub. Qapının qarşısında həmişə milis nəfəri dayandığından bəziləri elə düşünüb ki, bu bağlı qapıların arxasında dünyanın ən iri ticarət mərkəzlərindən biri sayılan “QUM”-un mühafisə bölməsi, yaxud da hansısa məxfi bir qurumun ofisi yerləşir. Amma yox, həmişə bağlı olan bu qapının arxasında “QUM”-un 200-cü seksiya adlı bir şöbəsi fəaliyyət göstərib. Son dərəcə məhdud sayda şəxslərə xidmət göstərən 200-cü seksiya...

1954-cü ildə “QUM”-da əsaslı təmir, yenidənqurma və bərpa işlərindən sonra ticarət mərkəzində 200-cü seksiya fəaliyyətə başlayıb. Bu seksiya yalnız Siyasi Büro üzvləri və onların ailələrinə xidmət edib. Seksiyanın xidmətlərindən yalnız ildə bir dəfə xüsusi buraxılış vərəqəsi ilə mərkəzi televiziyanın diktorları, kosmonavtlar, akademiklər, yazıçılar və ölkənin digər tanınmışları da yararlana biliblər. Xüsusi buraxılış vərəqəsi onlara Mərkəzi Komitənin işlər idarəsi tərəfindən verilib. Siyasi Büro üzvləri və onların ailə üzvlərindən isə buraxılış vərəqəsi tələb olunmayıb.

744.jpg (131 KB)

200-cü seksiya eyni zamanda xaricdən SSRİ-yə gələn rəsmi qonaqlara da xidmət göstərib. Ancaq onlar istədikləri vaxt seksiyada alış-veriş etmək imkanında olmayıblar. Xarici qonaqlar işlər idarəsinin nümayəndəsinin müşayiəti ilə seksiyaya gəliblər. Həmin nümayəndə qonaqların sayını əks etdirən vərəqəni təqdim etdikdən sonra qonaqlar içəri buraxılıblar.

Maraqlıdır, 200-cü seksiyanı “QUM”-un digər seksiyalarından fərqləndirən nə olub?

Sözsüz ki, ilk növbədə 200-cü seksiyada SSRİ-nin ticarət mərkəzlərində adi hala çevrilən uzun-uzadı növbələr olmayıb. Burada çalışan əməkdaşlar davranışları, rəftarları, dil bilgiləri ilə digər seksiyalarda işləyənlərdən tam fərqləniblər. Ən fərqli cəhət isə 200-cü seksiyada çoxçeşidli suvenir, ətriyyat, qadın və kişi geyimləri, bəzək əşyaları, məişət texnikası, xırdavatlar satılıb və istədiyini, axtardağını tapmaq mümkün olub. Biz sözlə, sıravi vətəndaşlar üçün əlçatmaz sayılanlar 200-cü seksiyada adi məhsul sayılıb.

563480_800.jpg (218 KB)


200-cü seksiyada qiymətlər də münasib olub. Məsələn, 1980-ci illərdə sıravi vətəndaşlar müxtəlif yollarla cins şalvara 250-300 rubl ödədiyi halda 200-cü seksiyada həmin şalvarların qiyməti 70 rubl olub. O cümlədən bazarlarda 200-300 rubla satılan Avstriya istehsalı olan kişi kostyumlarını seksiyada 120 rubla, 100-120 rubla satılan çex ayaqqabılarını 42 rubla, 50 rubla satılan yapon çətirlərini 14 rubla almaq mümkün olub.

200-cü seksiyada işləmək istəyənlər Mərkəzi Komitənin işlər idarəsində söhbətdən keçdikdən sonra təyinat alıblar. Onlara xüsusi güzəşt və imtiyazlar da verilib. 27 il 200-cü seksiyanın müdir müavini işləyən Qalina Sveşnikova sonralar seksiyanın işi ilə bağlı maraqlı faktlar açıqlayıb:

1378016620_2401.jpg (128 KB)

“Mən müavin vəzifəsinə 1961-ci təyin olunmuşdum və 1989-cu ilə, seksiya ləğv olunana qədər bu vəzifədə işləmişəm. Tələblər ağır idi, çünki bura gələnlərin hamısı seçilmiş şəxslər idi. Birinci şəxslər, nə Nikita Xruşov, nə Leonid Brejnev, nə də Andropov, Çernenko və Qorbaçov heç vaxt seksiyaya gəlməyiblər. Amma onların həyat yoldaşları tez-tez alış-verişə gəlirdilər. Xüsusilə Xruşovla Brejnevin həyat yoldaşları daha tez-tez görünürdülər. Onlara ya mən, ya da seksiyanın müdiri xidmət göstərirdi. Lazım olanları seçirdilər, pullarını ödəyib gedirdilər. Onu da qeyd edim ki, hər ikisi bizimlə olduqca mehriban davranırdılar. Raisa Qorbaçova da arabir seksiyaya baş çəlirdi. Amma o, heç nə almırdı. Belə düşünürdük ki, bizim mallarımız onun xoşuna gəlmir. Andropovun oğlu həyat yoldaşı ilə gəlirdi. Onları əsasən məişət texnikası maraqlandırırdı.

562420_800.jpg (130 KB)

Seksiyaya ən tez-tez gələn isə Qalina Brejneva idi.O, hər dəfə özü ilə bir neçə nəfər gətirirdi. Hamısının da buraxılış vərəqəsi olurdu. Tanınmışların seksiyaya gəlməsi isə daha maraqlı keçirdi. Yuri Qaqarin mənə öz imzası ilə “Kosmosa yol” kitabını hədiyyə etmişdi. O, kollektivlə də şəkil çəkidirmişdi. İkinci dəfə gəlmək istəyəndə zəng vurmuşdu. Biz ona bildirdik ki, yalnız buraxılış vərəqəsi ilə gəlmək olar. O, güldü, dəstəyi yerə qoydu və biz bir daha onu görmədik. Bəzən çətin situaiysya da düşürdük. Hansısa bir tanınmış vərəqəsiz gəlirdi, biz onu içəri buraxmırdıq. Bir dəfə SSRİ Elmlər Akademiyasının prezidenti Mstislav Keldış gəlmişdi. Buraxılış vərəqəsi yox idi. Mən məcbur qalıb dedim ki, bu gün işləmirik, təftiş gedir. O cümlədən Rəsul Həmzətovu da bir dəfə qapı arxasında qoymuşuq. Xarici qonaqlarımız həmişə bizdən razı qalıb. Bir dəfə soyuq havaların birində mənə Mərkəzi Komitədən zəng vurdular ki, Babrək Karməl gələcək, ona lazımi xidməti göstərin. İsti məkanlardan gəlib Moskvanın soyuğuna düşən Karməli isti üst geyimləri ilə təmin etdik. Afrika ölkələrinin birinin baş nazirinin xanımı da soyuq havalarda Moskvaya ipək paltarda gəlmişdi. Onu da razı saldıq. Mən Fidel Kastroya, Yanoş Kadara da xidmət etmişəm.

563762_800.jpg (213 KB)

 Hamısı seksiyadan razılıqla gedib. İşimiz maraqlı olduğu qədər həm də məsuliyyətli idi. Bu məsuliyyətin qarşılığında maaşlarımız da yüksək idi. 270 rubl maaş alırdım, hər kavartal eyni miqdarda mükafat da verilirdi. Mərkəzi Komitənin yeməkxanasında nahar etmək üçün bizə buraxılış vərəqəsi də verilmişdi. Amma ora qadınları şalvarda buraxmırdılar. Dəfələrlə buna görə məni geri qaytarmışdılar. Mərkəzi Komitənin klinikasından istifadə etmək güzəştimiz də var idi. 1989-cu ildə seksiya bağlandı, mən də təqaüdə çıxdım. Bu 27 il ərzində həyat yoldaşımdan başqa mənim harada işləməyimi heç kim bilmədi. Yəni bunu gizlətməyi mənə rəsmi olaraq heç kim qadağan etməmişdi. Özüm gizlədirdim. Çünki bilirdim ki, ətrafım hər gün məndən bir şey xahiş edəcək. Heç özüm də seksiyada işləməyimdən sui-istifadə etmirdim. İl ərzində yalnız pulunu ödəyib bir iki paltar götürürdüm...”

200-cü seksiyanın hansı mallarla təmin edilməsini seksiya müdiri müəyyənləşdirib. O, hər ay SSRİ Xarici Ticarət Nazirliyinə siyahı göndərib. Nazirlik bu siyahıda olanların alınmasına, gətirliməsinə ciddi yanaşıb. Çünki nazirliyin rəsmiləri yaxşı anlayıblar ki, birincilərin ailə üzvlərinin kiçik bir narazılığı onlar üçün böyük problemə çevrilə bilər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR