İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şou-biznes nümayəndələrinin yersiz hərəkətləri çoxalıb”… - Bəhram Bağırzadənin videosu ilə bağlı açıqlama

1717 20.05.2022 21:19 Gündəm A A

Xəbər verdiyimiz kimi, tanınmış KVN-çi Bəhram Bağırzadənin paylaşdığı bir video ciddi ictimai narazılığa səbəb olub.

Belə ki, fiziki əngəlli bir şəxsin "çəkmə, lazım deyil, başına dönüm" deyərək etiraz etməsinə rəğmən onu videoya çəkən B.Bağırzadə "Bu camaata nə məsləhət görürsən?" deyə sual da verib.

Fiziki əngəlli şəxs isə gözləri yaşararaq bir neçə ağrılı cümlə ilə sualı cavablandırıb.

Bu video sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb. Yüzlərlə insan onu paylaşaraq B.Bağırzadəni tənqid edib, hətta Daxili İşlər Nazirliyini tag edərək, bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb edənlər də var.
Aktyor həmin adama qarşı çoxmu ədəbsizlik edib? Bu, mənəvi dəyərlərin ayaqlanması, fiziki əngəlli şəxsin mənəvi-psixoloji əzilməsidirmi?

Без названия (1).jpg (17 KB)

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında şou-biznes əhlinin son onillikdə artıq-əskikliyinin çoxaldığını bildirib:

“Ümumiyyətlə son onilliklərdə aktyorların, müğənnilərin, şou-biznes nümayəndələrinin yerli və yersiz hərəkətləri çoxalıb. Yəni cəmiyyətin tərəqqisi üçün sənət adamları ilə yanaşı sıravi vətəndaşların da fəaliyyətinə diqqət çox olmalıdır, burada müəyyən bir balans olu. Bizdə isə bu balans pozulub. Şou-biznes əhlinin fəaliyyəti həm insanların diqqət mərkəzində olub həm də onların həyatına təsir edib. Sanki onların fəaliyyəti onlara istədikləri cürə hərəkət etməyə imkan yaradır. Ona görə təkcə B. Bağırzadə deyil, ümumilikdə bu şəxslər yeri gəldi-gəlmədi televiziya kanallarında və ya başqa bir yerdə bəzən elə şit söz danışırlar, elə ifadələr işlədib, hərəkətlər edirlər ki, bu hərəkətlər əslinə qalsa yol verilməzdir. Məsələn, müğənninin biri efirdə durub deyir ki, mənim yoldaşım evə qazanc gətirirsə bəsimdir, başqa kimlə görüşürsə görüşsün, öz işidir. Belə şey olar?!

Bilirsiniz, bunların hər biri gənclərin zehniyyətini də, cəmiyyətimizi də pozur.

Sosial-psixologiyada bu sahə kifayət qədər təhlil olunub. O insanlar ki, cəmiyyətin diqqət mərkəzində olur, onların danışığı, hərəkəti cəmiyyətə ciddi impulslar verir və cəmiyyətdə müəyyən dəyişikliklərin olmasına səbəb olur. Ona görə də biz çalışmalıyıq ki, bu kimi neqativ halların sayı azalsın. Bəzən nəinki sənət adamlarının, hətta bəzi deputatların belə elə çıxışları olur ki, ölkənin gündəmini zəbt edir və insanlar 1 həftə həmin söhbəti edirlər. Bu səbəbdən biz bu məsələlərdə bir az diqqətli olmalıyıq. Bu sahədə ictimai qınağımız olmalıdır. Təəssüf ki, bu gün cəmiyyətdə bu məsələlərə diqqət arzu olunan səviyyədə deyil. Bunun aradan qaldırılması üçün isə bizim ciddi elmi-tədqiqat mərkəzlərimiz olmalıdır. Bu elmi-tədqiqat mərkəzinlərində günü-gündən mürəkkəbləşən, həssaslaşan mövzular təhlil olunmalıdır. Onlarla bağlı ölkədə ictimai fikir formalaşmalıdır. Biz isə bu məsələləri başlı başına buraxmışıq. Ona görə də belə hallar yaranır. Yəni kimin nə qədər məşhur olmaslna baxmayaraq kimsə küçədə və ya başqa bir yerdə istədiyi hər bir şeyi edə bilməz".

Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında həmin şəxsə kömək etdiyini açıqlayıb: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim “TikTok” platformasında layihəmdir”.

Onu da qeyd edək ki, B.Bağırzadə sosial media hesabında paylaşdığı videonu edilən tənqidlərdən sonra silib.

Anar Əhməd,
Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR