İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosioloq Əhməd Qəşəmoğlu: “Mən oğlanların çox doğulmasının tərəfdarıyam, çünki...”

1943 11.05.2016 15:59 Son xəbər A A

“Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra ikinci yerdədir”. Ötən  gün bu fikirləri  BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev səsləndirib. Fərid Babayev bildirib ki, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür: "Oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb".

BMT-nin açıqladığı statistikaya inansaq, Azərbaycanı bir neçə ildən sonra həqiqətən də ciddi problemlər gözləyir. Bəs ekspertlər nə fikirdədir? 

“Yeni Müsavat”ın suallarını cavablandıran sosioloq Əhməd Qəşəmoğlu ilk növbədə bu cür statistik məlumatlara ehtiyatlı yanaşmanın vacib olduğunu bildirdi: “Bu cür statistikalara inanmaq doğru deyil. Çünki mən ömrüm boyu statistika ilə işləmiş adamam və dəqiq bilirəm ki, çox vaxt düzgün metodoloji yollarla toplanmır və reallığı əks elətdirmir. Bu səbəbdən Azərbaycanın bu xüsusda dünyada neçənci yeri tutduğunu dəqiq demək olmaz. Ancaq bu bir həqiqətdir ki, Azərbaycanda selektiv abortların sayı artıb, ölkədə oğlan uşaqları daha çox doğulur. Ancaq mən həmişə bu fikri səsləndirmişəm ki, burada qorxulu bir şey yoxdur. Bu daha çox mənəvi baxımdan qorxuludur”. 

Demoqrafik tələblərə gəlincə, ekspert qeyd etdi ki, Azərbaycanda həmişə qızların sayı daha çox olub, bu baxımdan oğlanların sayının artmasının qorxusu yoxdur: “70-ci illərdən başlayaraq mən statistikanı izləyirəm. Həmişə bizdə ailə qura bilməyən qızların sayı artıq olub. O vaxtlar mən elmi  mərkəzin rəhbəri idim və bu problem bizim araşdırma predmetimiz idi. Qızların ailə qura bilməməsi Azərbaycanda çox böyük problem yaradırdı. Başqa ölkələrdə belə qızlar daha sərbəst həyat tərzi sürürdülər. Azərbaycanın əxlaqi, mənəvi ənənələrinə uyğun olaraq, ailə qurmayan qızlara cəmiyyətdə çox çətinlik yaranırdı. İndi oğlanların çox doğulması həmin vəziyyətin aradan qalxmasına kömək edir. İndi hansısa deputat, ya jurnalist bu vəziyyəti faciə kimi təqdim edirsə, mən bununla razılaşmıram. Bu sahəni izləyən mütəxəssis olaraq deyirəm ki, oğlanların sayının artması tarazlıq yaracaq. Statistika onu göstərir ki, ölkədən çıxıb gedənlər arasında oğlanlar çoxdur. Hətta dünyaya gələn oğlanlarla qızların sayı bərabər olsa da, böyüdükdən sonra oğlanların bir qismi ölkəni tərk edir, qızların sayı yenə çox qalır. Ona görə də mən oğlanların müəyyən qədər çox doğulmasının tərəfdarıyam”. 

Qız uşaqlarının abort edilməsinə gəlincə, Ə. Qəşəmoğlu qeyd etdi ki, bu  mənəvi baxımdan abort dəhşətli bir hadisədir: “Təsəvvür edin ki, ata və ana övladlarını məhv etmək üçün razılaşırlar. Valideynlər öz uşağının qatili olur. Öz uşağının qatili olan valideyndə bir çox mənəvi aşınmalar baş verir. Artıq onlar cəmiyyətdə əvvəlki mənəvi keyfiyyətlərə malik olmurlar. Yəni, bu məsələ demoqrafik baxımdan normal olsa da, mənəvi baxımdan abort dəhşətli bir əməldir. Mən birmənalı olaraq abortun əleyhinəyəm. Abortun qadağan edilməsi çoxdan müzakirə olunan bir məsələdir və BMT-nin də gündəliyindədir”.  

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR