Sosial şəbəkələrdəki mənzil elanları MTK-ların növbəti fırıldağı ola bilərmi?
Elan saytları, sosial şəbəkələr tikinti şirkətlərinin elanları ilə dolub-daşır. “Kristal Abşeron”, “Qurtuluş -93”, “Melisa”, “AAF Park” şirkətlərinin “facebook” səhifələrində ilkin ödənişsiz, tək şəxsiyyət vəsiqəsi ilə təklif etdikləri aşağı faizli təmirli mənzillər ilk baxışdan cəlbedici olsa da, insanlarda həm də sual doğurur. Bu sərfəli şərtlər həm də onları tələyə salmaq üçün bir yer ola bilər. Çünki, Bakıda yüzlərlə insanın MTK-lar tərəfindən aldadılması, bir mənzilin iki və daha artıq şəxsə satılması, səs-küylü məhkəmə işləri heç kimə sirr deyil.
Musavat.com bu mövzunu ekspertlərlə müzakirə edib. Mütəxəssislər adıçəkilən şirkətlərdə vətəndaşların aldadılması hallarının olmadığını bildirsələr də, qiymətlərin həddindən artıq şişirdilmiş olduğunu açıqladılar.
Mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, tanınmış tikinti şirkətlərinin adı fırıldaqçılıqda hallanmayıb: “Burada aldadılma hallarından söhbət gedə bilməz. Çünki, həmin şirkətlər banklarla işləyir. Mənzil almaq istəyən şəxslərə bəlli bir qrafik verilir və o cədvəl üzrə ödənişlər aparılır. Fırıldaqçı şirkətlər, əvvəlcədən pulun hamısını alıb, sonra mənzili tikmirlər. Aylıq olaraq, həmin şirkətin hesabına pul köçürürsən və mənzil alırsan. Burada aldadılma mümkün deyil. Vətəndaş sadəcə, müqavilənin şərtlərini diqqətlə oxumalıdır ki, o şərtlər istehlakçının mənafeyini qorusun. Fırıldaqçılıq hallarına gəlincə, artıq bunu edən şirkətlər cəmiyyətə bəllidir. Bir də bu işlə məşğul olan tək-tək adamlar saxtakarlıq edə bilərlər. Lakin adıçəkilən iri şirkətlər vətəndaşı aldadıb, öz nüfuzuna xələl gətirməz”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikrincə isə tikinti şirkətlərinin təklif etdikləri mənzillərin qiymətləri maya dəyərindən bir neçə dəfə artıqdır: “Bu şirkətlərin təqdim etdiyi mənzillərin qiymətləri həddindən artıq yüksəkdir. Binaların əksəriyyəti Xırdalan ərazisindədir. Orada mənzilin hər kvadratına düşən tikinti xərcini hesablasaq, təxminən 500 manat edir. Üzərinə 25 faiz də şirkətin mənfəətini gəlsək, orada real dəyər təxminən 600-650 manat arasında olmalıdır. Ona görə də, hesab edirəm ki, təklif olunan qiymətlər sadəcə, mövcud vəziyyətdən istifadə etməkdir. Bazarda tələb çox, kredit imkanları isə məhdud olduğuna görə şirkətlər bu vəziyyətdən istifadə edirlər. Təklif az, tələb çox olduğu üçün istədikləri qiyməti qoyurlar. Əhali də həmin qiymətə ev götürür, sonra ödəniş etməkdə çətinlik çəkir”.
Vətəndaşların aldadılma ehtimalına gəlincə, R.Osmanlı bildirdi ki, adıçəkilən şirkətlərlə bağlı belə faktlara rast gəlməyib: “Bu şirkətlər tərəfindən aldadılma halları ilə bağlı hər hansı fakt olmadığına görə bu haqda danışmağı düzgün hesab etmirəm. Lakin bu hallar başqa şirkətlərdə olub. Düşünürəm ki, istehlakçılar MTK-lardan, mənzil-tikinti şirkətlərindən əmlak alarkən bağladıqları müqavilələrdə diqqətli olmalıdırlar”.
Tikinti şirkətlərinin təklif etdikləri mənzillərlə bağlı məlumat almaq üçün onlardan bir neçəsi ilə əlaqə saxladıq. “Kristal Abşeron”dan bildirildi ki, onlarda mənzillərin kvadratı 1435 manatdan hesablanır və ilkin ödənişsiz, 4.54 faizlə 20 illik kreditlə verilir. Yaşayış binası Biləcəri qəsəbəsindədir və hər cür kommunal şəraitlə, qaz, mərkəzi istilik sistemi ilə təchiz olunub. Təmirli mənzillər “kupça” ilə 2 il müddətinə verilir. İlk baxışsan şərtlər sadə görünsə də, əlinizə kalkulyatoru aldığınız zaman mənzərə dəyişir. Belə ki, 99 kvadratmetrlik bir mənzil üçün aylıq 1189 manat ödəmək lazım gəlir, həm də 20 il... 68 kvadratmetrlik mənzilin qiyməti isə aylıq 818 manat edir.
“Melisa” tikinti şirkətində isə mənzillərin kvadratmetrınin qiyməti mərtəbəsindən asılı olaraq dəyişir. Təmirli mənzillərin hər kvadratmetrinin qiyməti 1500-1790 manata başa gəlir. Şəffaflığın təmin olunması, Azərbaycan Beynəlxalq Bankında hər mənzil üçün müvafiq hesab açılır və ödənişlər bank vasitəsilə həyata keçirilir. Burada mənzillərin əldə olunması üçün illik 8 faizlik kredit verilir. İlkin ödəniş isə mənzilin qiymətinin 10 faizi həcmində müəyyən edilir. Binalar “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşir.
Bu mənzilləri də hesablasaq, aylıq ödəniş orta səviyyəli Azərbaycan ailəsinin büdcəsini aşır. Qiymətlər baha olsa da, ekspertlərin qiymətləndirmələrinə görə, bu şirkətlərdə aldadılma ehtimalı yoxdur.
Nərgiz LİFTİYEVA,
Musavat.com






