İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkədə tanış olduğu qadın kişi çıxdı, bıçaqla hədələyib pulunu aldı

939 31.03.2023 14:40 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bərdə rayon sakini, 25 yaşlı Xəyal Cəbiyevin və Lerik rayon sakini, 28 yaşlı Mirağa Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Musavat.com xəbər verir ki, yeznə-qayın olan Xəyal Cəbiyevlə Mirağa Şahbazov cinayət əlaqəsinə girərək quldurluq ediblər.

Xəyal Cəbiyev “Odnoklassniki.ru” saytında “Seva” adı ilə qeydiyyatdan keçib, həmin vaxt saytda onlayn olan M. Quliyevə özünü qadın kimi təqdim edib. Daha sonra isə güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə ona göndərib, intim əlaqədə olması üçün 100 manata razılaşıb. Ötən il yanvarın 27-də gecə yarısından səhərə qədər onunla uzun müddət yazışdıqdan sonra kirayə yaşadığı evə dəvət edib. M.Quliyev həmin ünvana gəlib. Evə girəndən sonra qarşısını kəsərək ona basqın ediblər, bıçaqla hədələyib, üstündəki pulları verməyi tələb ediblər. Onun üzərindəki 703 manatı zorla əlindən alıblar.

Təqsirləndirilən Xəyal Şahbazov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşadığını, səhər saatlarında evdə çay dəmləyərkən bir nəfər tanımadığı şəxsin evin həyətində gəzdiyini görüb: ”Səslədim, əhəmiyyət vermədi, həyətdən çıxıb getdi. Arxasınca çıxıb həyətə niyə girdiyini soruşdum. Bu zaman uzaqdan qohumum Mirağanın gəldiyini gördüm. Dedim ki, o gedən adamı saxla. Dedi ki, taksi sürücüsüyəm, bir nəfəri axtarıram. Sinəsindən itələdim, dedim düzgün hərəkət eləmirsən. O, da qışqırdı, Mirağa ilə mən uzaqlaşdıq”.

Təqsirləndirilən Mirağa Şahbazov da elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində bacısının əri Xəyalla birgə məişət əşyalarının təmiri ilə məşğul olduqlarını deyib: ”Səhər tezdən işə gedirdim. Xəyal dedi ki, tanımadığı şəxs evin həyətinə girib gəzib. Onu vurmaq istəyəndə mane oldum. Xəyalı sakitləşdirib öz evinə apardım. Özüm tək işləməyə getdim. Ertəsi gün məni Sabunçu rayon Polis İdarəsinǝ çağırdılar”.

Zərərçəkmiş ifadəsində göstərib ki, “odnoklassniki.ru” saytında adını xatırlamadığı qadınla mesajlaşıb tanış olub. Həmin qadın ona 100 manat müqabilində görüşməyi təklif edib, öz sifəti düşmədən müxtəlif fotoşəkillər göndərib, Sabunçu qəsəbəsindəki orta məktəbin yaxınlığında yaşadığını bildirib. O da hazırlaşıb həmin şəxsin dediyi ünvana şəxsi avtomobili ilə gedib. Məktəbin yanına çatanda şəkil çəkib tanış olduğunu “qadın”a göndərib, ünvana çatdığını deyib:” Təqribən 40 metr irəlilədikdən sonra sol tərəfdə yerləşən dalanda dayanmış iki nəfər mənə salam verdilər, hara gəldiyimi soruşdular. Mən də bir nəfəri axtardığımı dedim. Biri qolumdan tutdu, bıçaq çıxarıb əlində saxladı, digəri isə, adını sonradan bildiyin Xəyal çiynimdən yapışıb pul tələb etdi. Xəyala pulumun olmadığını dedikdə, “bura qız yanına gəlmisən,100 manat pulun var” dedi. Mirağa isə bıçağı qarnıma sıxaraq təhdid etməyə başladı. Xəyal şalvarından 703 manat pulu götürdü, “İphone 12 Pro” markalı telefonu götürməyə çalışdıqda etiraz etdim. Səs-küyə adamlar gəldilər deyə hər ikisi çıxıb getdilər”.

Zərərçəkmiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat verib. O, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayəti olmadığını deyib.

Məhkəmənin hökmünə əsasən, Xəyal Cəbiyev 9 il 6 ay, Mirağa Şahbazov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR