İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial sahədə şəffaflıq və antikorrupsiya siyasəti bəhrəsini verir

744 22.10.2019 10:00 Sosial A A

Prezidentin gənc kadrları təqdir etməsinin səbəbləri

«Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əmək haqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən əmək və əhalinin sosial müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub».

Bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində ölkə prezidenti son 2 ildə vəzifəyə təyin etdiyi gənc nazirlərin işini təqdir edib. O, vergilər, kənd təsərrüfatı və sosial siyasət sahələrində mühüm işlər görüldüyünü bildirib.

Prezidentin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə bağlı xüsusilə təqdiredici fikirləri, eyni zamanda gənc kadrların həyata keçirdiyi islahatlara qarşı olanlara xəbərdarlığı diqqəti cəlb edir: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

2018-ci ilin aprel seçkilərindən sonra vəzifəyə təyin olunan gənc kadrlardan biri olan S.Babayev sosial müdafiə və sosial təminat sistemində hansı işlər görüb ki, ölkə rəhbərliyi səviyyəsində təqdir olunur? Bu sualı cavablandırmaq üçün ötən ilin aprelindən bəri bu sahədə həyata keçirilən tədbirlərə diqqət yetirməyə ehtiyac var.

Saxta əlillik ləğv ile ilgili görsel sonucu

Saxta əlillik ləğv olunur

Qeyd edək ki, qarşısına sosial müdafiə, pensiya, əlilliyin və  ünvanlı sosial yardımın təyinatı sahələrində uzun illərdən bəri kök salmış korrupsiyanı aradan qaldırmaq, müxtəlif sosial xidmətlərin göstərilməsi, məşğulluğun təmin olunması sahələrində effektiv və şəffaf mexanizmlərin formalaşdırılması kimi mühüm vəzifələr qoyulan nazirin işi heç də asan deyil. Bu sahələrin hər birinin əhalinin həssas qruplarından birinə bağlı olması məsuliyyəti daha da artırır. 

Saxta əlillik ləğv ile ilgili görsel sonucu

Ötən il ərzində əlilliyin təyinatı sahəsində elektron sistemin oturuşması, bu prosesdə vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində ciddi addımlar atılıb. Nəticədə ötən il ərzində Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib. Həmçinin ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əllilik faizi 70 faiz azalıb. S.Babayevin bu barədə mətbuata verdiyi məlumata görə, saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var: “Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfindən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.

Nazirin sözlərinə görə, aparılan optimallaşma, eyni zamanda əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib: “Növbəti dövrlər ərzində bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.

Dünya Bankı və BMT İnkişaf Proqramı ile ilgili görsel sonucu

İki mühüm proqrama cəlb olunanların siyahısı açıqlanıb

Ötən ildən Azərbaycanda aztəminatlı həssas qruplardan olan şəxslərin özünüməşğulluğunun təminatı istiqamətində də xeyli işlər görülüb. Dünya Bankı və BMT tərəfindən yüksək qiymətləndirilən bu proqram 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb. Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib.

Cari ilin ötən dövrü ərzində isə 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edilib. Layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır.

Hazırda ƏƏSMN özünüməşğulluq proqramının genişləndirilməsi işlərində Dünya Bankı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Dünya Bankı ilə danışıqlar artıq yekun mərhələdədir. Cari ilin sonunadək hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. Növbəti il Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak payı kimi 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailənin özünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.

Gələn il isə İşsizlikdən Sığorta Fondu hesabına özünüməşğulluq proqramının icrasına 63 milyon manat vəsait yönəldiləcək. Bu vəsait hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.

Bu ilin sentyabrından etibarən proqrama cəlb olunanlar, onlara verilən aktivlərlə bağlı məlumatlar nazirliyin internet saytında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsində yerləşdirilib.

ƏƏSMN-in məşğulluğun təminatı sahəsində həyata keçirdiyi daha bir proqramın təşəbbüskarı birbaşa ölkə prezidentidir. Cari ilin əvvəlindən reallaşdırılan  “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Bu proqramın icrasında şəffaflığı artırmaq üçün ƏƏSMN “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında yerləşdirib -  http://sosial.gov.az/list-of-persons-involved-in-social-work  linkinə daxil olmaqla hər bir şəxs bu proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim olunur.

Dünya Bankı və BMT İnkişaf Proqramı ile ilgili görsel sonucu

Xidmətlər elektronlaşdırılır

Vətəndaş-məmur təmasının minimuma endirildiyi sahələrdən biri də pensiya təyinatıdır. Belə ki, bu ilin əvvəlindən ƏƏSMN tərəfindən yaşa görə əmək pensiyalarının elektron qaydada, heç bir məmur-vətəndaş təması olmadan təyinatına başlanıb. Yeni sistemlə pensiya yaşı tamam olduğu gün vətəndaşlara pensiya təyinatı həyata keçirilir. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “SMS”, e-mail və ya rəsmi məktubla onlara məlumat verilir. Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün  müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyac olmadan, onların pensiya hüququ reallaşdırılıb. Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır.

Nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb. E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın anadan olmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək.

Ünvanlı yardımla bağlı korrupsiya hallarının qarşısı alınır

Bu ilin ötən dövrü ərzində ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 2 minə yaxın vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

Müəyyən edilib ki, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib. Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.

Hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240 manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilir.

Prezident İlham Əliyevin tapşırığı ilə gələn il ünvanlı yardım alacaq ailələrin sayı artırılacaq. Bu məqsədlə ƏƏSMN tərəfindən qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb. Dəyişiklik kredit borcu olan ailələrin də ÜDSY proqramına cəlb olunmasına imkan verəcək.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR