Amerikalı milyarder Corc Soros növbəti dəfə Avropa Birliyinin (AB) taleyi ilə bağlı söylədiyi fikirlərlə gündəmə gəlib. Son illərdə bu tipli açıqlamaları tez-tez dilə gətirən milyarder bildirib ki, Avropa İttifaqının mövcudluğu təhlükə altındadır. Bu barədə axar.az məlumat yayıb.
C.Soros ittifaqın yenidən qurulması təklifi ilə də çıxış edib.
"Keçmiş, yəni buraxılan səhvlər dəyərləndirilməlidir. 2008-ci il böhranından bəri AB keçmiş öhdəliklərlə idarə edilir. Bu durum dəyişməlidir" - deyə, amerikalı milyarder bildirib.
Onun bu açıqlaması dünya gündəmini zəbt edib. Çoxları bu fikirləri ciddiyə almasa da, Aİ-nin taleyinin acınacaqlı duruma sürükləndiyini düşünənlər də az deyil. Xüsusilə, Böyük Britaniyanın birliyi tərk etməsindən sonra bu cür düşünənlərin sayı durmadan artmaqdadır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Sorosun fikirlərini onun yaşı ilə əlaqələndirdi: “Onun bu fikirləri hesab edirəm ki, yaşının çox olması ilə əlaqədardır. Hadisələrin bütün detallarını, reallıqlarını tam qiymətləndirmək qabiliyyətini itirib. Bu baxımdan onun Avropa Birliyi ilə bağlı dediyi fikirləri qətiyyən bölüşmürəm. Çünki Avropa Birliyi ideyası ən azından bir əsrdir Avropanı məşğul edən bir ideyadır. Həmin ideyanı 1949-cu ildə nəhayət reallaşdırıblar. Əvvəl adi bir Gömrük Birliyi kimi meydana gələn birlik sonradan inkişaf edərək, az qala dövlət xarakteri kəsb edən böyük birliyə çevrilib. Öz parlamenti, pul vahidi, gerbi olan birlikdir. Bir sıra dövlətçilik atributlarına malik ittifaqdır. Qısa müddətdə sənaye rəqabətində Amerika, Yaponiya kimi ölkələri geridə qoyub. Məsələn, Almaniya hazırda sənaye cəhətdən dünyanın ikinci ölkəsidir. Fransa da həmçinin sürətlə inkişaf edən dövlətlər sırasına daxildir.
Avropa Birliyi dağılmır, sadəcə onu dağıtmaq istəyənlər var. Tramp, Soros ağlında olan şəxsləri misal göstərmək olar. Avropa Birliyində Almaniya və Fransanın, xüsusilə, Almaniyanın önə çıxması bunlarda dərin qısqanclıq hissi yaradır. Tarixən bu dövlətlər arasında düşmənçilik, tarixi rəqabət olub. Görünür bəzi şəxslərin beyinlərində tarixi düşmənçilik elementləri qalmaqdadır. Bu da zaman-zaman özünü büruzə verir. Açığı tam əmin deyiləm ki, Böyük Britaniya birlikdən çıxma proseduralarını sona qədər həyata keçirə biləcək. Çünki birlikdən çıxmaq üçün vaxtı ilə birlikdən alınan pullar geri qaytarılmalıdır. Bu pulları da geri qaytarmaq elə də asan məsələ deyil. Üstəlik də, İngiltərənin özündə Avropa İttifaqı tərəfdarlarının sayı kifayət qədər çoxdur. Şotlandiya, Şimali İrlandiya Böyük Britaniyanın birliyi tərk edəcəyi halda, krallığı tərk edəcəklərini bəyan ediblər. Bunun özü onu göstərir ki, Britaniya hökumətinin qəbul etdiyi qərarlar insanların və tərkibinə daxil olan federasiyaların maraqlarına uyğun deyil. Digər tərəfdən birliyə can atan dövlətlərin sayı kifayət qədər çoxdur. Türkiyə illərdir bu quruma daxil olmaq üçün can atır. Amma qardaş ölkə birliyin bəzi proseduralarını hələ də həyata keçirə bilmədiyinə görə, onun birliyə qəbul etməyə tərəddüd edirlər. Ukrayna, Gürcüstan, Balkanlardakı bəzi xırda dövlətlər də Avropa İttifaqına can atırlar”.
Politoloq Sorosun fikirlərini yəhudi lobbisinin maraqları ilə də əlaqələndirdi: “Avropa Birliyi möhkəmləndikcə, dünya maliyyə sisteminə hökm etdikcə, varlandıqca masonların dünyanın siyasi proseslərinə təsirləri xeyli zəifləyir. Düşünürəm ki, Sorosun “peyğəmbərlik” etməsi bununla bağlıdır. Avropa Birliyinin dağılacağını deyənlər ya bunu qəsdən söyləyirlər, ya da naşılıqları üzündən bu cür qənaətə gəlirlər. İttifaqın müəyyən çətin dövrə daxil olduğunu etiraf etməliyik. Buna səbəb olan amillərdən biri kimi də, Amerikada rəhbərliyə səriştəsi olmayan birinin gəlməsini də göstərmək olar. O Almaniya Sosial Demokrat Partiyasının sədri Martin Şultsun dediyi kimi, o, Amerika və dünyada hər şeyi dağıda-dağıda gedir. Amerika elə bir dövlətdir ki, hər an dünya birinciliyini qorumaq üçün siyasət yürüdür. Bu səbəbdən amerikan xalqının səhvini tezliklə başa düşəcəyini zənn edirəm. Trampın hazırda sürətlə reytinqinin aşağı düşməsini nümunə çəkmək olar.
Trampın reytinqi hazırda ən aşağı səviyyədə dayanır. Tramp elə vəziyyətə çatıb ki, Paris sazişindən imtina etməsinə artıq Kaliforniya, Vaşinqton və Nyu-York ştatları etiraz edir, Paris sazişinin onların üzərlərinə qoyduqları öhdəlikləri yerinə yetirəcəklərini bəyan edirlər. Bu Amerika tarixində misli görünməmiş hadisədir. Dünya olduqca təhlükəli hala gəlir. Proseslərdə Almaniyanın oynadığı rol xüsusilə diqqət çəkir. Fransada yeni prezidentin gəlişi və Almaniya kansleri ilə Avropa Birliyini birlikdə reforma edəcəkləri ilə bağlı birgə bəyanatlar vermələri xeyli ruhlandırıcı nümunədir. Belə görünür ki, birliyin iki lokomotivi var, Almaniya və Fransa. Əgər bunlar bir-birilərini başa düşüb, birlikdə hərəkət etdiklərini deyirlərsə, demək ittifaqda olan bəzi nöqsanların aradan qaldırılması üçün işə girişəcəklər. Zənnimcə, birliyin qarşısında duran əsas problemlərdən biri mühacir məsələsidir. Mühacir axını durmadan artır. Digər əsas problem də, Amerikanın Avropa Birliyi ilə münasibətlərinin müəyyən qədər pozulmasıdır. Birliyin iqtisadiyyatında da artıq irəliləyiş nəzərə çarpır. Məsələn, son proqnozlara görə, bu il birlikdə artım tempi 3-4% olacaq. Bu artımı Amerika və Çində müşahidə etmək çox çətin olacaq. Bir sözlə Avropa İttifaqı barədə söylənilən fikirlər əfsanədən başqa bir şey deyil. Bu birliyin getdikcə daha çox möhkəmlənəcəyi qənaətindəyəm”.
Cavanşir ABBASLI






