“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Prosesdə şahid qismində “İdeal Kompani”nin mühasibi işləmiş Samirə Quliyeva müdafiə tərəfinin vəsatətinə əsasən sənədlərin tədqiqi ilə əlaqədar təkrar dindirilib.
İttiham akrtında İlqar İsmayılovun müxtəlif vaxtlarda “Yapıkreditbank”dan və “Silk Way Bank”dan şəxsi məqsədləri üçün götürdüyü 1 milyondan artıq kreditləri “İdeal Kompani”dən məxaric edilən vəsaitlər hesabına ödənildiyi qeyd edilsə də, mühasib S.Quliyeva həmin kreditlərin İlqar İsmayılov tərəfindən şirkətin kassasına mədaxil edildiyini təsdiqləyib. O, 1 milyon 13 min manat və 1 milyon 497 min manat məbləğində kredit vəsaitlərinin tam həcmdə “İdeal” kompaninin kassasına mədaxil edilməsi barədə müdafiə tərəfinin təqdim etdiyi qəbz və aktda olan imzaların ona məxsus olduğunu deyib.
S.Quliyeva bununla bağlı şirkətin digər vəzifəli şəxslərinə elektron poçt vasitəsilə hesabat göndərdiyini və həmin email yazışmalarının ona məxsus olduğunu da təsdiqləyib.
Bundan başqa, S.Quliyeva İlqar İsmayılovun müxtəlif tarixlərdə 5 milyon manatadan artıq məbləğdə vəsaitin “İdeal Kompani”nin kassasına mədaxil edilməsi ilə bağlı qəbzlərdəki imzalarını təsdiqləyib.
İlqar İsmayılov bildirib ki, ona gündəlik kassa hesabatları əsasında ittiham verilib və mühasibdən həmin hesabatların şirkətdə rəsmi məxaric sənədi olub-olmamasını soruşub.
S.Quliyeva həmin sənədlərin rəsmi olmadığını və onun tərəfindən belə bir sənəd tərtib edilmədiyini deyib və vurğulayıb ki, İlqar İsmayılovun adına olan məxariclər bir qayda olaraq onun özü tərəfindən imzalanırdı.
Müdafiə tərəfinin sualına cavab olaraq S.Quliyeva deyib ki, İlqar İsmayılovun adına olan və şirkətə mədaxil olan kreditlərin aylıq ödənişləri ilə bağlı şirkətdə ödəniş cədvəlləri mövcud idi.
İlqar İsmayılov bildirib ki, ona qarşı ittihama səbəb olan məbləğlərlə bağlı cinayət işi materiallarında ümumilikdə 15 sənəd olsa da, onlardan yalnız 3-də imzası var:
“Bu sənədlərdən yalnız birinin alt sənədləri var və məxaricin təyinatı, hara ödənilməsi ilə bağlı tam göstərilib. Digərləri isə yalnız məxaric sənədinin surətlərindən ibarətdir” – İ.İsmayılov deyib.
Müdafiə tərəfi işdə yer alan məxaric sənədlərin tədiqiq edilməsi, hansında İ.İsmayılovun imzasının olub-olmaması və alt sənədlərin mövcud olub olmamasının araşdırılmasını istəyib.
Məhkəmə növbəti prosesdə həmin sənədlərin tədqiq ediləcəyini bildirib.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İlkin Muradov
Musavat.com






