İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazar Vahid Qazi naşir Nigar Köçərliyə cavab yazdı

1006 13.09.2013 14:47 Son xəbər A A
“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.
 
Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.
 
Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.
 
Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq (http://vahidqazi.wordpress.com/2013/06/24/haramistan/) ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.
 
İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.
 
Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.
 
Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.
 
Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.
 
Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var, Şamaxı şoru” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.
 
Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”
 
Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.
 
Vahid Qazi
 
13 sentyabr 2013-cü il
 
Karlskrona, İsveç


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR