İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI

67741 08.11.2011 13:56 Son xəbər A A

Sovetlər Birliyinin rejimi üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdılar:
Çoxdandır ayrı  düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan.
Bəs xalqımızın başı üzərində 93 il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixini, onun mənasını, ağ ayparanın və səkkiz guşənin nə olduğunu, hansı ideyalardan qaynaqlandığını düzgün bilirikmi? Aparılan sorğular, ortaya çıxan həqiqətlər sübut edir ki, bu sahədə hələ də məlumatsızlıq və tarixi bilgisizlik ucbatından yanlış təsəvvür və fikirlər mövcuddur. Məhz bu yazıda həmin o sualları cavablandırmağa çalışacağam.
1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.
M. Ə. Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cümhuriyyət” olacağını hələ 1917-ci ildə “Açıq Söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, Cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) Cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam!” (Yəni Xalq Cümhuriyyəti – N. Y.).
M. Ə. Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.
Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin  bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Yəni əsas o idi ki, biz türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də biz məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymində bu Seymdə fəaliyyətdə də Azərbaycan nümayəndələri (onların sayı 40-dan çox idi) siyasi istiqaməti güclü və ermənilərdən fərqli olaraq Türkiyə olacağını müəyyənləşdirmişdilər.
Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdılar. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşndan sonra dörd gün sonra verilmişdi.
1918-ci ilin noyabrın 9-da isə Üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsi”.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.
Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avropalaşmaq, (firəngləşmək)” üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub?
Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri, Azərbaycanda doğulub Rusiya və Türkiyə universitetlərində təhsil almış Əli bəy Hüseynzadə olub. 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.
Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z. Göyalp tərəfindən inkişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azərbaycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda qənglər belə verilib: “göy rəng – türkləşmək, qırmızı – müasirləşmək, yaşıl – islamlaşmaq. Göründüyü kimi, klassik şüardan fərqli olaraq islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?
1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq Söz” qəzetinin ilk sayında Baş redaktor M. Ə. Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq” (“Açıq Söz”, N 1, 2 oktyabr 1915-ci il).
Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə hələ 1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq, müasirliyi önə çəkmişdi.
1916-cı ilin oktyabr ayında isə yenə “Açıq Söz” qəzetində çap edilən “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun – mümkün deyil...”
M. Ə. Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da öz təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamğa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq Söz” qəzetindəki məqaləsindən götürüldü.  Yəni, göy – türkləşmək, qırmızı – müasirləşmək, yaşıl – islamlaşmaq.
Həmin Üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. Himnin əvəzinə isə o zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü. Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrkən səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir. (Qeyd edim ki, Ü. Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Bu musiqi həm də 1453-cü ildə Konstotinopolu (İstanbulu) fəth edərkən  belə bir marşla hücum etmişdilər.
Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Və onlarda bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idilər. Müsavat partiyasının qurucularından olan M. Ə. Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri – yəni iclas keçiriləndə icazə verirdilər ki, parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.
1918-ci ilin 7 dekabrında Parlamentin açılışı mərasimində M. Ə. Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu Üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq, bir daha enməyəcəkdir!”
Böyük mütəfəkkir Ü. Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M. Ə. Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.
Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.
Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbuczqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. “Təqvimlər keçmişdə və bu gün”. “Elm”, 1998, N 1).
Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C. Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.
Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilmişdir. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdur. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.
Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdir. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdur. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarınamüraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”
Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.
Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı:
Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya, göy moğoldan qalma
Bir türk nişanı
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın sarsılmayan
İnamını ürəklərə dolmalı
Şu al boya azadlığın təcəddüdür, fərmanı,
Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar.
Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra Qız qalası üzərində üç azərbaycanlı vətəndaşımız (birinin adı Cahid, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox orada dalğalandırılıb. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan oğurluq adı ilə 12-13 ilə qədər həbsə məhkum ediblər.
1988-ci ildən isə başlanan Azərbaycan Xalq Hərəkatı yenidən üçrəngli bayrağımızı meydanlarda dalğalandırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR