İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid pilotlarımız və polkovnik-leytenant dəfn edildi

18809 12.04.2016 07:50 Gündəm A A
Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə izdihamlı vida mərasimi keçirilib.

Musavat.com-un məlumatına görə, vida mərasimi aprelin 11-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində baş tutub. Cənazələri ermənilərdən alınan şəhidlərimizlə vida mərasimində böyük izdiham müşahidə olunub.

Dəfn mərasimində icra başçıları, deputatlar, digər dövlət rəsmiləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidlərin ailə üzvləri iştirak edib. Rəsmi mərasimdə müdafiə naziri Zakir Həsənov və  Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov da iştirak ediblər. Prezident İlham Əliyevin də adından mərasim zalına gül çələngi göndərilib.
Müdafiə naziri rəsmi vida mərasimində çıxış edib. Z.Həsənov şəhidlərin ailə üzvlərinə onların qisasının alınacağı vədini verib.

Aprel ayının əvvəlindən cəbhə xəttində başlayan döyüşlərdən danışan nazir bildirib ki, düşmən təxribatlarının qarşısı hər zaman alınıb və bundan sonra da alınacaq: “Bu mərasimdə danışmaq çətindir. Ermənilər Azərbaycana qarşı cinayət törədiblər və törətməkdə də davam edirlər. Bunun qarşısı alınmasa, davam edəcəklər. Bizim şəhidlər bütün dünyaya sübut etdi ki, onlar qəhrəmandır. Onlar vətən uğrunda canlarından keçdilər. Nazir prezidentin çıxışından sitat gətirərək ”Azərbaycan ordusunun hər bir əsgəri, zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun qorunacaq", - deyib. Z.Həsənov çıxışının sonunda şəhidlərin qisasının alınacağı vədini verib: “Buna heç kimin şübhəsi olmasın”.

Vida mərasiminin rəsmi hissəsindən sonra şəhidlərin ailə üzvləri sonuncu dəfə tabutlara salınaraq şəhidləri ilə vidalaşıblar. 

Şəhid pilotlarımızla vida mərasimində mayor Təbriz Musazadənin iki oğlu da iştirak edirdi. Onlar mətbuata qısa açıqlama veriblər. 10 yaşlı Tayfun Musazadə atası ilə fəxr etdiyini, onun vətən uğrunda şəhid olduğunu deyib. 10 yaşlı Tayfun “Şəhidlər ölməz” deyərək atasının daim onun qəlbində yaşayacağını bildirib.

7 yaşlı Onur Musazadə isə vida mərasiminin keçirildiyi zalda atasının fotosunu öpərək “o mənim qəhrəmanımdır” deyib.

Vida mərasimindən sonra şəhid pilotlar və polkovnik-leytenant II Fəxri Xiyabanda torpağa tapşırılmaq üçün Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzindən yola salınıb. Şəhidlərin cənazələri yaxınlarının, tələbələrin, şagirdlərin, dövlət rəsmilərinin qatıldığı izdihamlı yürüşlə II Fəxri Xiyabana aparılıb.




Şəhid pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı II Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.  Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, hərbi hava qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov da iştirak edib.

Yaylım atəşi açıldıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib. Dəfn zamanı “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilib.

Düşmən təxribatına cavab olaraq torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də Pəncəli Nurməmməd oğlu Teymurovdur. 

AzNews.az xəbər verir ki, Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atası Nurməmməd Teymurova təqdim edilib.

İlkin MURADOV
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR