İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nehrəmli” Kənan Sınıq körpüdə yerli sakinləri döydürdü

7744 05.06.2014 17:31 Son xəbər A A
İyun ayının 4-də saat təxminən 19:30 radələrində 4 nəfər Qazax rayon İkinci Şıxlı kənd sakini Sınıq körpü sərhəd-buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döyülüb. Döyülən şəxslərin bildirdiyinə görə, məlum tarixdə gün ərzində ikinci dəfə Gürcüstan respublikasına keçmək istərkən onlara bunun qeyri-qanuni olduğu deyilib. Səbəbini soruşanda isə buraxılış məntəqəsinin mülki geyimli əməkdaşları toplu halında onlara hücum çəkiblər.

Gözü sarıqlı halda bizə müraciət edən Elmar Süleymanov bildirib ki, Gürcüstana bazarlıq məqsədi ilə gedirmişlər, ancaq buna icazə verilməyib.

"Gürcüstana bazarlıq məqsədi ilə getmişdik. Biz İkinci Şıxlı kənd sakinləri sərhədi keçmək istəyəndə bizi saxlayıb dedilər ki, 24 saat ərzində ancaq bir dəfə keçmək olar. Qanunun kim tərəfindən qoyulduğunu soruşanda, qanuna dair sənəd tələb edəndə bildirdilər ki, qanunu rəis qoyub və bizə heç bir sənəd göstərmədilər. Bir az sonra "Nehrəmli" ləqəbiylə tanınan Kənan Məmmədov gəldi. Gələn kimi dedi ki, buranın yiyəsi mənəm, ürəyim necə istəyir, elə də edirəm, buraxmıram".

Bundan sonra mübahisə yarandığını deyən Elmar bildirib ki, dörd nəfərin vəhşicəsinə döyülməsiylə nəticələnən dava düşüb. 

"Mübahisənin ardından dava düşdü. Kənan Məmmədovun xalası, dayısı, əmisi oğlanları, həyat yoldaşının qardaşı da daxil olmaqla 30 nəfərə yaxına adam üstümüzə hücum çəkdilər. Yarı mülki, yarı siravi geyimdə olan şəxslər bizi ölümünə döydülər. Sifətimə dəyən yumruqdan gözümə qan damıb, yavaş-yavaş görmə qabiliyyətini itirir. Bir nəfərimiz Şəmmədov Şəmməd isə başına dəyən zərbədən hazırda xəstəxanada yatır ki, o güclü travma alıb, nəzarət altındadır. Ətrafdakı polislər olmasaydı, bizi öldürəcəkdilər."

Travma aldığından Qazax rayon Mülicə Diaqnostika Mərkəzində nəzarət altında saxlanılan Şəmmədov Şəmməd də Elmar Süleymanovun dediklərini təsdiqləyib.  O da saxlanılan şəxslərə ciddi təzyiqlərin olduğunu və uzun çəkən mübahisənin davaya çevrildiyini deyib.

"Gürcüstana gedən zaman saxlayıb bizə bildirdilər ki, sərhədi gün ərzində bir dəfə adlaya bilərsiniz. Və Kənan müəllim dərhal uşağı-böyüyü yığdı, yumruqla, təpiklə hərəni bir tərəfə saldı. Məsələn, məni ratsiya ilə vurdular, başım hələ də ağrıyır. Qanun bu adamların vecinə deyil, sənəd-sübut göstərmədən öz beyinlərinin məhsulunu camaata qanun deyə sırıyırlar. Sərhəddə yaşayırıq. Amma bunların əlindən biz bir dəfə o bir tərəfə keçə bilmirik".

Digər zərərçəkmiş şəxlər Şəmmədov Ramil, Qarayev Rafael və hadisənin birbaşa şahidi olduğunu deyən zərərçəkmişlərin həmkəndliləri də yuxarıda səsləndirilənləri təsdiqləyiblər. 

Kənan Məmmədovun Sınıq körpü sərhəd-buraxılış məntəqəsinə rəis gəldiyi gündən bu yana bir ağ gün görmədiklərini deyiblər.

"Gündə bir qanun çıxarır, ət, yağ, siqaret, telefon, evdə gündəlik tələbat olan şeyləri gətirməyə imkan vermirlər. Sorğusuz-sualsız müsadirə edirlər. Günümüzü qara ediblər, dolanmağı, yaşamağı haram ediblər bizə".

Sonda bir qrup şəxsin imzasıyla polisə müraciət ünvanlanıb. 

Hikmət Carçılı Orhun, Qazax

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR