İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərkolunmaz Rusiya

4508 16.03.2015 11:53 Son xəbər A A
Boris Nemtsovun Kreml yaxınlığında qətlinin səhəri günü bir görüşdə isveçli bir tanışım rus xalqının xarakteri barədə məni söhbətə tutdu. Xeyli sual verdi. Keçmiş sovet ölkəsindən olduğumu bildiyindən elə zənn eləyirdi ki, bu mövzuda xeyli bilgim var. Ürəyimdə deyindim: “Rəhmətliyin qızı, neçə yüz ildi bütün dünya “загадочная русская душа” mifindən baş aça bilmir, mən sənə bu dar macalda onu necə izah edim!”
Rus şairi Tyutçevin məşhur “Rusiya ağılla dərk olunmaz!” misrasını ona söyləyib dedim ki, mənim fikirlərim səndə tam təsəvvür yaratmaya bilər, gəl sənə bir məsləhət verim. Ona şəhər kitabxanasının rus bölməsindən Aleksey İvanovun ötən il oxuduğum “Coğrafiya müəllimi qlobusu “gillətdi” romanını götürüb oxumağı, sonra da “Durak” və “Levifian” adlı rus filmlərinə baxmağı tövsiyyə elədim.“Kitab rus insanını duymağa, filmlər də Rusiyanı dərk eləməyə kömək edər”, dedim. Danışıq ruscası sən deyən yaxşı olmasa da, rus ədəbiyyatını rus dilində oxuya bilirdi tanışım.
***
Nemtsovun ölümü tək Rusiya yox, bütün dünyada son illərin ən ciddi siyasi qətllərindəndi. Dünya mətbuatının müzakirə mövzularından olan bu cinayət çoxlarında soyuq duş effekti yaratdı. Amma nə qədər səs-küylü hadisə olsa da,  məni təəccübləndirmədi. Nemtsova başqa rus siyasətçilərindən yaxşı mənada fərqli münasibətim olduğundan sadəcə ürəyim ağrıdı. İstənilən rus intellektualı, liberalı, canım sənə desin, demokratını danışdırsan müəyyən mərhələdə təfəkkürünün imperialist qatına çatacaqsan. Soljenitsından üzü aşağı hər kəsdə belədi. Nemtsovda isə mən bilən bu qat yox idi. Bəlkə də vardı, mən rastlamadım.
Niyə təəccüblənmədim bu qətlə? Səbəbi haqda düşündükcə təsəvvürümdə Rusiyanın qorxunc şəkli daha da qatı rəng alır. Bu nədir, Rusiyada insan ağlına sığmayan elə olaylar baş verər ki… Fantaziyamda xeyli uzaqlara getdim. 
Məsələn, bir gün eşitsəm ki, faşizmə qələbənin 70 illiyi münasibətiylə Moskvaya gələn Almaniya kansleri Angela Merkelöz məlahətiylə Kremldə kimisə 1945-ci ildə sovet əsgərlərinin milyonlarla alman qadını üzərində tarixi “şücaət”ini xatırladaraq vəcdə gətirib və o kimsə keflənib xanım kanslerə elə Kremldəcə şəhvani təcavüz edib, təəccüblənmərəm. İnanaram!
Əsgərliyini sovet Rusiyasında keçirmiş, ömrün şüurlu çağlarında dəfələrlə bu ölkəyə səfər etmiş biri kimi gördüklərimə müasir Rusiya həyatını əks etdirən oxuduğum kitabların və baxdığım filmlərin təəssüratını, prezident Putinin atkeçməz işlərini də əlavə etsəm, belə bir qətlə təəccüb eləmədiyimin səbəbini daha aydın izah etmiş olaram, zənnimcə.
İndiki Rusiyanı nə onun mətbuatından, nə televiziyasından görmək mümkündü. Qərb analitiklərinin təhlili yazılarından da boy vermir Rusiya həqiqətləri. Məncə, Rusiya özünün əsl üzünü son iyirmi ildə yazılan roman, çəkilən filmlərində göstərir. Əxlaqın abortundan bəhs edən kitab və filmləri deyirəm.
***
Dünən isveçli tanışımla yenə rastlaşdım. Atüstü söhbətdə kitabı oxuduğunu, filmlərə də baxdığını söylədi. “Doğrudan da Rusiya ağılla dərk olunmazdır!”, dedi. “Amma Saltıkov-Şedrin Rusiyanı anlamışdı”, dedim. Onun sözüdür:"Əgər yatsam, bir də yüz il sonra oyansam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, deyərdim: İçirlər və talan edirlər”. 
Tanışımın daha mənə sualı yox idi. Hər şeyi, mənim Nemtsovun qətlini sakit qarşılamağımı daanlamış kimi görünürdü! Heç Putinin yoxa çıxması da ona qəribə gəlmədi. Guya Rusiyada prezidentin on gündü itməkliyində qeyri-adi bir şey yoxmuş. Hətta kansler Merkel söhbətim də ağlına batdı.
Ondan ayrılanda ağlıma gəldi ki, nə yaxşı tanışım məndən müasir Azərbaycan haqda təsəvvür yaradası roman, film istəmədi. Neyləyəcəkdim? Buna da başqa isveçlilər kimi hələ 1973-cü ildə Stokholmda nəşr olunmuş “Ali och Nino” kitabını oxumağı tövsiyyə edəcəkdim? Vətənin 100 il əvvəlinə işıq tutan romanı!
Bir də ki, bu 100 ildə çoxmu dəyişib, vətən?! Saltıkov-Şedrinin sözü olmasın...

Vahid Qazi
vahidqazi.wordpress.com 
15 mart 2015, 
Karlskrona, İsveç

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR