Aprelin 1-i gülüş günü, aldatma günü idi. Kimlərdənsə, hansısa millətlərdənsə bizə gəlib çatan “1 aprel-aldatma” gününü qeyd etmək artıq adət şəklini alıb. Bu gün gələndə insanlar sevinir, maksimum sayda adam aldatmağa, zarafat etməyə çalışırlar.
Maraqlıdır, məşhurlardan kimlər bu gündə aldadıb və ya aldanıb?
Köşə yazarı Şahvələd Çobanoğlu bu günün onun üçün adi günlərdən fərqlənmədiyini dedi: “Bu gündə nə aldatdım, nə də ki, aldandım. Bəlkə də bu işimin çoxluğundan irəli gəlib. Əvvəlki illərdə ola bilsin ki, kimsə mənimlə zarafat edib. Mən heç vaxt kimisə 1 aprel günü aldatmamışam. Mən bu günü bir gülüş günü kimi xatırlayıram. Hesab edirəm ki, gülüşün həm xoşluq mənasında, həm də ifşa edici bir gücü var. Düzdür özüm satira janrında yazmıram. Ancaq satiranı güclü bir silah hesab edirəm. Məsələn mənim üçün Zamin Hacı gülüşün simvollarından biridir. O, dəqiq, vicdanlı və lazımlı gülüşün simvoludur. Bəlkə mən də kiminləsə zarafat etdim. Amma insanlara gərginlik yarada biləcək bir zarafat etməyi təbii ki, düşünmürəm”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Sucəddin Şərifov da aldatmadığını və aldanmadığını bildirdi: “Hələ ki, nə aldatmamışam, nə də ki aldanmamışam. 1 aprellə bağlı daha çox yadımda qalan hadisə elə “Azadlıq” qəzeti ilə bağlı idi. Bir neçə il bundan qabaq qəzetimizin manşetinə çox ustalıqla bir xəbər yazmışdıq. Bu manşetdə o xəbərin ciddi olmadığına da bir eyham vurulmuşdu. Bunun üçün onu diqqətlə oxumaq lazım idi. Biz bu manşetdə prezidentin icra aparatının rəhbərinin istefa verdiyini yazmışdıq. Bu xəbər ölkədə çox böyük hay-küyə səbəb oldu. Yaxşı ki, sonradan bildilər ki, bu bir zarafatdır”.
Maraqlıdır, bəs həmin gün zarafatla belə olsa, yalan danışmaq günahdırmı?
Yalan danışmaq bütün millətlərdə, hər yerdə və hər ölkədə pis xüsusiyyət kimi tanınır. Yalan - həqiqət və inamın əksinə olan şeylərə deyilir. Onun 2 əsas şərti vardır; onlardan biri deyilənlərin həqiqətə uyğun gəlməməsi, digəri isə insanın elm və məlumatları ilə əldə olunan inam və etiqadla müvafiq olmamasıdır. Bir aprelin adam aldadan günü adını almasının maraqlı bir rəvayəti də var. Deyilənə görə XV əsrin sonlarında Xaçlı ordusu müsəlmanların son qalasını əhatə edir. Uzun müddət əhatədə qalmasına baxmayaraq, qala tam ələ keçirmək mümkün olmurdu. Vəziyyətin çətinliyini anlayan Xaçlı ordusunun komandiri dəyişik taktikalar düşünürdü. Sonda belə bir nəticəyə gəldi, 31 Mart gecəsi qalanın önünə gedərək bir əlində Quran, bir əlində İncil tutaraq “Bu iki kitab üzərinə and içərəm ki, təslim olsanız, bu axşam sizə bir şey etməyəcəyəm” dedi. Bu fikrə əsasən, müsəlmanlar sağ qalmaq məqsədi ilə qalanı təslim etdilər. Sabahısı, yəni 1 aprel günü Xaçlı ordusunun komandiri müsəlmanların öldürülməsi əmrini verir. Bunun qarşılığında müsəlmanlar “And içmişdiniz, bizə söz vermişdiniz” dedikdə, Xaçlı ordusunun komandiri cavab verir ki, mənim sözüm sizə dünən axşam üçün idi, bu gün üçün sizə bir sözüm yoxdur. Beləcə bütün müsəlmanları öldürtdürür. Elə o gündən 1 aprelə “Hiylə Günü” adı verilir.
Dini ekspert Kənan Rövşənoğlu yalan danışmağın ən böyük günahlardan biri olduğunu dedi: “Yalan danışmaq ən böyük günahlardan hesab olunur. 1 aprelə əslində zarafat günü deyilir. Rahat, heç kimə zərər verməyən bir zarafat qəbul ediləndir. O, zarafatda yalan varsa, bu artıq günahdır”
Günel MANAFLI






