İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ortaya bircə video, şəkil qoysunlar, deyim, cinayətkaram”

6642 08.01.2014 18:55 Son xəbər A A
Yanvarın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 7 üzü, eləcə də Azad Gənclik Təşkilatından İlkin Rüstəmzadənin işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirildi.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən proses başlayan kimi İlkin Rüstəmzadə səhhətində ciddi problemlər olduğunu və bu səbəbdən müayinəyə ehtiyac duyduğunu məhkəmənin nəzərinə çatdırdı. Bildirdi ki, onun müayinəsi üçün lazım olan aparatlar Penitensiar Xidmətin tabeçiliyindəki müalicə müəssisələrində yoxdur. Özəl və ya dövlət xəstəxanalarında müayinədən keçməsi üçünsə məhkəmənin icazəsi olmalıdır. Hakim dedi ki, İ.Rüstəmzadənin özü, vəkilləri və ya yaxınlarından kimsə məhkəməyə bu haqda yazılı müraciət etsə, onlar da məsələ ilə bağlı öz mövqelərini bildirəcəklər. Bundan sonra siyahı üzrə Rəşadət Axundova ifadə vermək təklif olundu. O dedi ki, hazırkı mərhələdə ifadə verməkdən imtina etsə də, ifadələri elan olunandan sonra tərəfləri maraqlandıran bütün suallara cavab verməyə hazırdır: “Bu cinayət işi tamamilə şər, böhtandır. Bu 18 cildlik işdə şəxsən mənə qarşı heç qondarma da olsa, bircə sənəd yoxdur. Belə bir vəziyyətdə təqsirsizliyimizi sübut etmək bizim borcumuz deyil. İttiham tərəfi buyursun, sübut eləsin ki, bizim cinayətimiz nədən ibarətdir. İttiham tərəfi o qədər saxtakarlığa öyrəşib ki...İstəmirəm belə anlaşılsın ki, biz ifadə verməməklə nəyisə gizlədirik. Ona görə də bütün suallara cavab verəcəm. Hətta prokuroru məhkəmənin əvvəlindən maraqlandıran “Venesiya” kafesi ilə bağlı məsələyə də aydınlıq gətirəcəm”. 

Bundan sonra R.Axundovun 30 mart 2013-cü il tarixli dindirmə protokolu elan olundu. R.Axundov ifadəsində göstərir ki, özünü qətiyyən təqsirli bilmir. Onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarda yazılanlarla da razı deyil. İttihamla razı olmadığından da ifadə verməkdən imtina edir. 12 sentyabr 2013-cü il tarixli dindirmədə də o, bir daha ittihamı tamamilə rədd etdiyini, özünü təqsirli bilmədiyini vurğulayır: “NİDA yarandığı gündən manifestində dinc, demokratik mübarizə yolunu seçib. “Molotov kokteyli”, tüstü şaşkaları barədə nə kiməsə göstəriş verilib, nə də bu barədə söhbətlər aparılıb. İttihamları və həbsimi siyasi sifariş hesab edirəm, hakimiyyətin NİDA-ya qarşı repressiyalarının tərkib hissəsi kimi qiymətləndirirəm”. 

Bundan sonra prokurorun suallarını cavablandıran R.Axundov aşağıdakıları söylədi: “Biz NİDA-nı yaradanda elə bir qurum nəzərdə tutmuşduq ki, demokratikləşmə məsələsində ictimai rəyə təsir edə, proseslərin dinc, demokratik məcrada getməsinə yön verə bilsin. Elə bir qurum ortaya qoymaq istəyirdik ki, hakimiyyət onunla hesablaşsın. Misir, Suriya hadisələri Azərbaycanda təkrarlanmasın”. 

NİDA-nın yaranması, orada təmsilçiliyi barədə danışan R.Axundov bildirdi ki, təşkilat 2011-ci il fevralın 4-də yaradılıb və o da ilk gündən İdarə Heyətində təmsil olunub. Lakin 2012-ci ilin avqustunda İdarə Heyətindən istefa verib. Lakin elə həmin ilin dekabrında Zaur Qurbanlı İdarə Heyətindən istefa verəndən sonra boş qalan yerə yenidən qayıdıb. Təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyev və Məmməd Əzizovu Nidanın üzvü kimi sadəcə üzdən tanıdığını deyən R.Axundovun sözlərinə görə, Şahin Novruzlu ilə isə ilk dəfə Kürdəxanı təcridxanasında tanış olub: “MTN Şahin, Məmməd və Bəxtiyarı tutandan sonra onları televizora çıxarmışdı. Şahini birinci dəfə televizorda gördüm. Canlı şəkildə isə Kürdəxanıda, vəkil otağında görmüşəm. Həmin vaxt atası da orda idi. İstintaq məni dəstənin rəhbərlərindən biri kimi qələmə verir. O görüşdə Şahin gəlib yanımdan düz keçdi. Atası ona dedi ki, Şahin, Rəşadət budur. Sonra zarafat elədi ki, dəstənin üzvü dəstənin başçısının yanından düz keçir. Məmməd və Bəxtiyara gəlincə, onlar əsgər ölümləri ilə bağlı birinci 12 yanvar aksiyasından əvvəl vərəqələr payladıqlarına görə 9-cu bölməyə aparıb, orada onlara işgəncə vermişdilər, qeyri-əxlaqi hərəkətlər etmişdilər. Oktyabrda Moskvada azərbaycanlı Orxan Zeynalovu tutub, ona işgəncə verəndə Azərbaycan hökumətinin nökər-naibləri çığır-bağır salırdılar ki, təqsirsizlik prezumpsiyası var, adama işgəncə vermək olmaz-filan. Bəs niyə demirdilər ki, özləri 7-8 ay əvvəl Bakının mərkəzində 3 gəncə qarşı  linc kampaniyası təşkil etmişdilər. Guya Orxan Zeynalovun qohumlarını düşünən bu hakimiyyət bəs bu gənclərin qohumlarının nə çəkdiyini, nə hisslər keçirdiklərini veclərinə almırdılar? Onları terrorçu, narkoman elan etmişdilər”. 

10 martda keçirilən “Əsgər ölümlərinə son” aksiyasına gəlincə, R.Axundov dedi ki, fevralın 28-də, gecə saatlarında daha bir əsgər ölümü barədə xəbər yayılıb. Martın 1-də Rəşad Həsənov həmin əsgərin ailəsinə baş çəkmək üçün Göyçaya gedib: “Həmin gün mən işdə idim. Rəşad zəng edib, təəssüratlarını bölüşdü. Sonra Üzeyir və İdarə Heyətinin digər üzvləri ilə zəngləşdik. Qərara gəldik ki, əsgər ölümləri ilə əlaqədar aksiya keçirək. Digər təşkilatların, o cümlədən AXCP və Müsavatın Gənclər Təşkilatları ilə məsləhətləşmələrdən sonra Bakı şəhəri İcra Hakimiyyətinə müraciət hazırlanıb, mitinq üçün ya “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı meydanı, ya da “İnşaatçılar” tərəfdəki Məhsul stadionunu istədik. Absurd odur ki, bizə ayın 10-a qədər heç bir cavab verilmədi. Amma ayın 8-də, ya da 9-da Tural Abbaslı və Ziya Bayramovu ayın 10-da Fəvvarələr Meydanında keçiriləcək aksiyaya görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. Halbuki biz Fəvvarələr Meydanında keçiriləcək aksiyanın təşkilatçısı deyildik. Aksiyanın təşkilatçısı xalq idi. O aksiyaya çıxan 5 min nəfərin cəmi 10 faizi siyasi partiya üzvləri olardı, qalanları bitərəf adamlar idi. Çünki insanlar əsgər ölümlərindən hiddətlənmişdilər”. 

İş materiallarında adı tez-tez çəkilən və guya iğtişaş planının orada hazırlandığı iddia olunan “Venesiya” kafesinə gəlincə, R.Axundov bildirdi ki, NİDA-nın konkret ofisi olmadığından  onlar müxtəlif kafelərdə, çayxanalarda görüşüblər. Belə kafelərdən biri də  “Venesiya” kafesi olub: “Biz çox yerdə görüşürdük. Kərəmin yeri, Şirzadın yeri, Gənclikdə pensionerlərin oturduğu yer, “Xəqani” Ticarət Mərkəzinin üçüncü mərtəbəsindəki kafe. Konkret “Venesiya” kafesinə gəlincə, həmin kafe Konstitusiya Məhkəməsi binasının altında yerləşir. Ora şəhərin mərkəzidir, ətrafında 50 mağaza var, hər yer kameradır. İş materiallarında müstəntiq “Venesiya” kafesində elə bir tərkibin toplaşıb, iğtişaş planı hazırladığını yazıb ki, indiyədək nəinki “Venesiya”, ümumiyyətlə, heç bir kafedə o tərkibdə görüş olmayıb. Əgər belə bir görüşün olduğuna dair ittiham tərəfi bircə video, şəkil ortaya qoysunlar, mən də deyim ki, cinayətkaram. Sadəcə müstəntiq ağzına gələni yazıb”. 

NİDA-nın əsgər ölümləri məsələsi ilə bağlı aksiyalara qoşulmasına gəlincə, R.Axundov bildirdi ki, bu haqda məlumatları, zərərçəkmiş valideynlərin müsahibələrini oxuyur, belə ailələrlə görüşürdülər. İnsanları ağrıdan bu problemi hakimiyyətin diqqətinə çatdırmaq istəyirdilər: “Bir üzü çürüyən, bu səbəbdən vəfat edən əsgər var idi - Eldar Novruzov. Hətta onun qardaşı Sirac sonradan NİDA-ya üzv oldu.  Ümumiyyətlə, qurumun məqsədi o idi ki, sosial problemlərin həllində insanlara dayaq olsun. Bu problemlərlə əlaqədar insanların sözünü hökumətə çatdırsın. Əgər biz bu gün həbsdə olmasaydıq, bu günlərdə özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun, tələbələrin dərdləri ilə məşğul olacaqdıq. Nida müstəqil gənclərin mübarizə brendinə, vətəndaş narahatlıqlarının səsinə çevrilmişdi”. 

R.Axundov vəkillərin suallarını cavablandırarkən necə həbs olunmasından da danışdı. Bildirdi ki, martın 7-də NİDA-nın üç ən gənc üzvü - Bəxtiyar, Məmməd və Şahinin həbsindən sonra o da həbs təhlükəsini hiss edib: “Martın 9-da uşaqların həbsi ilə bağlı mətbuat konfransı keçirdik. Elə həmin gün axşam evimizə kimsə zəng vurub özünü Nərimanov rayon Cinayət Axtarış şöbəsinin müstəntiqi kimi təqdim edərək deyib ki, Rəşadət “Gənclik” tərəfdə kimisə maşınla vurub qaçıb. Halbuki mənim heç sürücülük vəsiqəm yoxdur. Maşını da sürmək bir yana qalsın, heç tərpədə bilmirəm. Müstəntiqin nömrəsi atamın telefonunda qalmışdı. Amma getmədim, dedim, lazım olsa, təkrar zəng edəcək. Amma ertəsi gün, ayın 10-da vəkilim Namiq Hacıyevlə müqavilə bağladım ki, birdən lazım olsa, mənimlə dindirmədə iştirak etsin. Amma o məsələdən səs çıxmadı. Martın 30-da evdən çıxıb, taksiyə minmək istəyəndə tanımadığım adam adımı çağırdı, çevrilib baxanda 4 nəfər qolumdan tutdu. Mən Azərbaycan hakimiyyətinin həbs praktikasını bilirəm. Elə həmin gün də şənbə idi. Ondan bildim ki, şənbə günü bunlar məni həbs edirlər. Dərhal telefonumu aldılar, özlərini təqdim eləmədilər. Hiss etdim ki, MTN əməkdaşlarıdır. Məni faktiki evin qabağından oğurlamışdılar. Heç kimə xəbər verməyə imkan vermədilər. Yolda bir neçə dəfə soruşandan sonra dedilər ki, guya Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraçılarıdır. Məni aparanda hakimiyyətin əsas işgəncə barakı olan “Bandotdel”in yanından keçdik. Ora çatanda elə bildim ki, məni ora aparırlar. Sonra gördüm ki, təhlükə sovuşdu. Məni Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gətirdilər. Ora çatanda da bir “paykavoy” vəkil gəldi. Ona dedim ki, sən lazım deyilsən, mənim öz vəkilim var. Müstəntiq zəng elədi, Namiq müəllim gəldi”. 

Sonda R.Axundov R.Həsənovun suallarını cavablandırarkən dedi ki, Rəşadın 2012-ci ilin mayında NİDA-ya qoşulmasında onun da böyük rolu olub: “Həsənov səviyyəsinə, xarakterinə, bacarığına görə Azərbaycanda üç-dörd gəncdən biridir. O, qaragüruhun yox, məhz dinc, demokratik mübarizənin tərəfdarı idi. Rəşad bu mübarizənin taktikasını başa düşən, aydın hədəfləri olan adamdır. NİDA-nın manifestində yazılanlara uyğun adam olduğuna görə də çalışırdım ki, quruma üzv olsun. Martın 14-də Rəşad həbs olunandan sonra vicdan əzabı çəkirdim. Çünki dediyim kimi, onun NİDA-ya gəlməsində mənim rolum olmuşdu. Amma sağ olsun Azərbaycan hakimiyyəti, 16 gündən sonra məni də tutmağı bu iztirabıma son qoydu. Ümumiyyətlə, NİDA dinc mübarizənin tərəfdarı olub və bu mübarizəni də qələbəyə qədər davam etdirəcəyik”. 

Məhkəmə yanvarın 9-da davam edəcək.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

Sevinc TELMANQIZI 
Fotolar: Məhəmməd TÜRKMƏN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR