Bu saytlar həmin informasiyanı "Mirqafar Seyidov Türkiyədə “Rövşən Lənkəranski” ilə görüşüb - (Video) (Yenilənib)" başlığı altında dərc edib.
Hər saytın hansısa məlumatı necə istəsə yaymaq hüququna sahib olduğunu nəzərə alaraq buna qarışa bilmərik. Buna xəbəri yayan saytlar özləri məsuliyyət daşıyırlar.
Ancaq haqqin.az saytı sözü gedən məsələ ilə bağlı Musavat.com saytının "Gecəyarısı qəfil xəbər" başlıqlı yazı dərc edərək, redaksiyaya qurama xəbər ötürülməsi barədə yazısına kəskin reaksiya verib. Sanki özünün hazırladığı xəbəri biz təkzib etmişik. Bu da bizdə təəccüb doğurur. Doğrudur, sonradan həmkarlarımız aksenti bir qədər yumşaltdılar - lakin yenə də bizim üstümüzə qoyurlar ki, bir saxta, əsli və əsası olmayan xəbəri qoymamaqla, general Mirqafar Seyidovu müdafiə etmişik.
Bizim yazımızda məqsəd heç də adı çəkilən vəzifəli şəxsin - generalın müdafiə olunması deyil. Məqsəd kimlərinsə, hansısa bir qrupun mənsəb və sərvət uğrunda apardığı mübarizədə mətbuatı öz oyununa alət etməsi və qəzetçilərin bu tələyə düşməməsini nəzərə çatdırmaqdır.
Həmin məlumatın "Habertürk"ün saytında gerçəkdən getməsi və redaksiyalara göndərilən "scrinşot" səciyyəli şəkillərin gerçəyi əks etdirməsi barədə israrlı təsdiqlərə gəlincə, necə deyərlər, "İsfahan burda deyilsə də, yüz iynə boyu məsafə burdadır..." Qoy bu xəbərin qurama olmadığı barədə israr edənlər mənbə, bağlantı ("ssılka", "link") göstərsinlər.
Əgər idda olunursa ki, bu xəbər saytda-qəzetdə olub, sonra çıxarılıb, o zaman gülməli bir səhnə alınır. Çünki Azərbaycan mətbuatına bu "scrinshot"u göndərən professor Murad Bardakçıdır - "Habertürk" qəzetinin redaktoru, eyniadlı tv-nin rəhbərlərindən biri, müəllif verilişinin sahibidir. Özü öz saytından xəbəri çıxarıb, sonra öz "cinayətini" Azərbaycana göndərir? Bu nə məntiqdir? Biz Murad Bardakçının e-mail ünvanını burada yayınlayırıq - kim istəsə, buyurub, suallarını ona göndərə bilər: mbardakci@htgaz
Bir də əlinin altında yüzlərlə "sümükqıran"lar, adamı başına torba geydirərək naməlum istiqamətə aparmağı bacaran əməliyyatçılar olan generalın nə bizim müdafiəmizə ehtiyacı var, nə də bizim onun müdafiəsinə qalxmağa həvəsimiz. General bilər, bir də onun adını hallandıranlar bilər - hər kəs öz münasibətini başqa yerdə ayırd eləsin.
Sadəcə, biz xəbərin əlimizə keçməsindən 10 saat sonra araşdırıb görmüşük ki, bu real xəbər deyil, quramadır və bunu yaymaq olmaz. Bunun müxalifətçiliyə nə dəxli var? "Yeni Müsavat" müxalifət qəzetidir deyə, hakimiyyət əleyhinə olan qurama, ötürülmə xəbərləri yaymağa borclu deyil. İndi nə edək, səhihliyinə inanmadığımız, qurama olduğuna əmin olduğumuz xəbəri dərc edərək özümüzü işə salaq?
Ancaq kim istəyirsə, götürüb eyni xəbəri istədiyi qədər yaysın.
P.S. Məsələ ilə bağlı DİN-dən də təkzib yayıldı. Bu təkzibi haqqın.az və virtualaz.org saytları da yayınladılar.
musavat.com






