Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev oktyabrın 2-də Polşada həbs edilib. Sabiq icra başçısının Azərbaycan Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilir.
Elxan Nuriyev Azərbaycanı tərk edəndən sonra Ukrayna vətəndaşı olaraq dəfələrlə xaricdə olub, Türkiyəyə və Polşaya sərbəst səfərlər etsə də, ölkələr arasında sərhəd buraxılış məntəqələrində heç vaxt problemlə qarşılaşmayıb. Onun Polşaya son səfərinin məqsədi Ukraynada Rusiyanın cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması və hazırlanması ilə bağlı Avropa ölkələrilə aparılacaq məsləhətləşmələrdə iştirak olub.
![]()
Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb. 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Elxan Nuriyev 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib. Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.
Hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan Elxan Nuriyev tez-tez yutubun Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib.
"Rusiya bugünkü qədər zəif, incidilmiş, gözdən düşmüş vəziyyətdə olmayıb" deyən E.Nuriyev Putin hakimiyyətinə qarşı fəal siyasi mövqeyi, Rusiyanın Ukraynaya təcavüzünə qarşı tənqidi münasibəti və informasiya fəaliyyəti ilə tanınır.
Elxan Nuriyevin həbsi onu tanıyanlarda birmənalı reaksiya doğurmayıb. Nuriyevin müdafiəsinə qalxanlar arasında Ukrayna deputatları və ombudsmanı da var.
Bəs bu təşəbbüs nəticə verəcəkmi?
Vəkil Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, Polşa tərəfindən araşdırma gedir, müvafiq sənədlər tələb olunur:
![]()
"Elxan Nuriyev Ukrayna vətəndaşıdır. Əgər Azərbaycan hökuməti iddia edirsə ki, o, Azərbaycanda olarkən 5 nəfərin qətlinə və daha bir vəzifəli şəxsi öldürməyə cəhdə görə məsuliyyət daşımalıdır, bunu təsdiq edəcək sənədləri Polşa hökumətinə təqdim etməlidir. Əgər orada ciddi sübutlar, əsaslı şübhələr olsa, aydındır ki, ölkələr arasında hüquqi yardım haqqında müqavilələr, öhdəliklər var. Ancaq burada şübhəli məqamlar da çoxdur. Bilirsiniz ki, Elxan Nuriyev uzun illərdir Ukraynada yaşayır və indiyə qədər Azərbayan hökuməti tərəfindən belə ciddi cəhdlər olmamışdı. Elxan Nuriyev Ukraynada sıravi insanlardan biri deyil. O, müxtəlif vəzifələrdə, o cümlədən Təhsil Nazirliyində işləyib. Mənim feysbuk dostluğumda var, onun haqqında oxuyurdum. Xüsusilə də Rusiya ilə müharibədə onun çağırışları, statusları, Ukraynaya qarşı olan müharibəni kəskin tənqid etməsi, Ukrayna xalqını mübarizəyə səsləməsi, çağırışlar etməsi əlbəttə həm Rusiyada, həm də Rusiyanı Azərbaycanda dəstəkləyən bəzi dairələri qıcıqlandırırdı. Bu da belə bir məsələdə öz əksini tapa bilər. Hər halda ümid edək ki, Polşa hökumətinin qərarı ədalətli, hüquqi olacaq. Hər şey hüquqi müstəvidə həll olunmalıdır. Yox, əgər alınmasa, Elxan Nuriyev Azərbaycana gətiriləsi olsa, güman edirəm ki, burada onun həm ictimai, həm də hüquqi müstəvidə müdafiəsi təşkil olunacaq. Onun keçmiş həmkarlarının xatirələrini, müsahibələrini oxuyuram və əminəm, təsdiq olunacaq ki, Elxan Nuriyevin deyilən hadisələrdə iştirakı yoxdur. Bu, hüquqi məsələdir. Hər halda gözləyək. Bizim bir vətəndaş olaraq borcumuz odur ki, Azərbaycan hökumətinə çağırış edək ki, məsələni hüquqi müstəvidə həll etsin. Əgər o, təhvil veriləsi olsa, ya azad olunub Ukraynaya qayıtmalıdır, ya da Azərbaycana təhvil verilməlidir".
Prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov qeyd edib ki, Elxan Nuriyevin həbsi gözlənilməz oldu:
![]()
"O baxımdan ki, Elxan Nuriyev Baş Prokurorluğun açıqlamasına görə, kifayət qədər ciddi məsələlərdə ittiham olunur. Eyni hakimiyyətdə təmsil olunmuş şəxslər kimi və şəxsən tanıdığımıza görə bizim üçün həm təəccüblü və qəribə gəlir, həm də təəssüf doğurur. Hər birimizin arzusu bu istintaq proseslərinin obyektiv və doğru aparılmasıdır. Və inanırıq ki, Azərbaycan hüquq-mühafizə orqanları qaldırılan bu cinayət işində sırf həqiqətin ortaya çıxarılmasında maraqlı olacaqlar. Ukraynada Elxan Nuriyevin müdafiəsinə həsr olunmuş mövqelər gözlənilən idi. Çünki Elxan Nuriyev təxminən 30 ilə yaxındır Ukraynada yaşayır. Nəzərə almaq lazımdır ki, onun tələbəlik illəri də Ukraynada keçib, o, Xarkov Millli Radioelektronika Universitetini bitirib. 1993-cü ildən isə Ukraynada yaşayır. Ukraynanın ictimai-siyasi həyatında kifayət qədər fəallıq göstərən bir şəxsdir. Ukrayna siyasi dairələri ilə də kifayət qədər sıx təmasları olan bir soydaşımızdır. Bu baxımdan Ukrayna tərəfindən bu cür reaksiyaların olacağı gözləniləndir. O ki qaldı Elxan Nuriyevin ölkəyə ekstradisiyasına, bu, Azərbaycan-Ukrayna, Azərbaycan-Polşa və Ukrayna-Polşa arasında olan hüquqi prosedurlar və digər münasibətlərə əsaslanan qaydalarla həllini tapacaq. Ondan sonra digər məsələlər yəqin ki, ardıcıllıqla baş verə bilər. Elxan Nuriyevin Ukraynada gizli fəaliyyəti olmayıb, orada leqal şəkildə fəaliyyət göstərib, xüsusilə ictimai sektorda faəllıq göstərib. Azərbaycan mediasına açıq olub. Bu zaman ərzində bildiyim qədərilə Elxan Nuriyevin Azərbaycanın Ukraynadakı Səfirliyi ilə də sıx təmasları olub. İndiyə qədər hər hansı problem olmayıb. Biz bilmirik hüquq-mühafizə orqanları nəyə istinadən axtarış elan ediblər, hərəkətə keçiblər. O baxımdan bu barədə nəsə söyləmək doğru olmaz".
İctimai-siyasi fəal Elçin Paşayev isə sosial şəbəkə hesabında bunları qeyd edib:
![]()
Musavat.com






