“Bəzi hallarda statistika real situasiyanı tam olaraq əks etdirmir”
Hökumət nümayəndələri çıxışlarında tez-tez ölkədə çoxsaylı iş yerlərinin açılmasından bəhs edirlər. Rəsmilər bildirirlər ki, son illər Azərbaycanda xeyli sayda iş yerləri açılıb. Xüsusilə də yüksək çinli dövlət məmurları rəqəmlər açıqlayaraq bildirirlər ki, son 10 il ərzində ölkədə bir milyondan çox yeni iş yeri açılıb.
Lakin bu məsələ insanlar tərəfindən birmənalı qarşılanmır. Elə son zamanlar ölkədə yaranmış iqtisadi durumla bağlı olaraq da dövlət və özəl qurumlarda aparılan ixtisarların nəticəsində xeyli sayda vətəndaşın öz iş yerini itirməsi də heç kimə sirr deyil. Xüsusilə də bu baxımdan bank sektorunu qeyd edə bilərik.
Bəs belə olduğu halda hökumət qurumları iş yerlərinin sayını niyə şişirdir?
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a bildirib ki, əslində son dövrlər həqiqətən də yeni iş yerləri açılıb: “Lakin 2014-cü ildən sonra biz, yeni iş yerlərinin yaradılması ilə bərabər, eyni zamanda bağlanan iş yerlərinin də sayının artmasını müşahidə etdik. Xüsusilə də neftin dünya bazarında qiymətinin aşağı düşməsi nəticəsində inşaat sektoru da daxil olmaqla müxtəlif sahələrə ayrılan vəsaitlərin həcminin azalmasına səbəb oldu. Əvvəlki illərdə dövlət büdcəsindən kifayət qədər infrastruktur layihələri həyata keçirilirdi. Həmin layihələr də büdcədən maliyyələşirdi və onlar da yeni iş yerləri, məşğulluq demək idi. İndi isə həmin layihələrin bir qismi dayandırılıb. Neftin qiymətinin aşağı düşməsi həmçinin alıcılıq qabiliyyətinə də təsir göstərdi. Monitorinqlərimiz göstərir ki, bu da bağlanan iş yerlərinin artmasına səbəb oldu. Bu müddətdə isə xüsusilə aqrar sektorda və dövlətin müdaxiləsinin qaldığı sektorlarda yeni iş yerləri də yaradıldı. Həmin iş yerlərinin sayını dəqiq söyləyə bilməsəm də, ancaq bu var. Lakin əvvəlki illərdə yeni iş yerlərinin yaranması fonunda bağlanan iş yerlərinin sayı azlıq təşkil edirdisə, hal-hazırda bu, belə deyil”.
İqtisadçı Rəşad Həsənov isə “Yeni Müsavat”a bildirib ki, bəzi hallarda statistika real situasiyanı tam olaraq əks etdirmir: “Xüsusilə də o ölkələrdə ki, gizli iqtisadiyyatın həcmi kifayət qədər genişdir. Belə ki, Azərbaycanda son 10-12 il ərzində yeni iş yerləri daha çox illeqal əmək bazarının iştirakçısı olan vətəndaşların əmək fəaliyyətinin leqallaşdırılması vasitəsilə yaranmış kimi göründü. Yəni hansı ki, insanlar işləyirdilər sadəcə olaraq müxtəlif metodlarla aidiyyəti dövlət qurumları bu insanları qanuni əmək fəaliyyətinə cəlb eləməklə yeni iş yerləri açılmış kimi görüntü yaratdılar. Paralel olaraq da iqtisadiyyatın özü müəyyən tələblər yaratmışdı. Xüsusilə də tikinti və xidmət sektoru inkişaf edirdi, nəticədə isə əlavə işçi qüvvəsinə ehtiyac yaranmışdı. Bunun özü də məlum statistikanın əldə edilməsində hökumətə müəyyən qədər kömək edirdi. Digər bir məsələyə də toxunmaq lazımdır ki, adətən Azərbaycanda açılan iş yerlərinin sayı açıqlansa da, xitam verilən əmək müqavilələrinin sayı ilə bağlı məlumatları əldə etmək çətin olur və bu göstəricilər açıqlanmır. Əslində isə qeyd etdiyimiz göstəricilər də paralel olaraq açıqlanarsa, aradakı fərqin yeni iş yeri kimi qiymətləndirilməsini aparmaq olar. Yəni kiminsə işdən çıxması əvəzinə bir başqası işə girir, onunla da əmək müqaviləsi bağlanır. Nəticədə isə işdən çıxan qeydiyyata alınmadığı halda işə daxil olan yeni iş yeri kimi qeydiyyata düşür. Ona görə də hesab edirəm ki, burada metodologiyanın özündə də dəyişikliyə ehtiyac var”.
Ekspert bildirib ki, 2014-cü ilin sonundan etibarən ölkə iqtisadiyyatında durğunluq dövrü yaşanır ki, bunun da məsələyə aidiyyəti var: “2016-cı ildə isə iqtisadiyyat 4 faizə yaxın kiçilib. Belə bir şərtlər daxilində işsizliyin ümumi həcminin artması zəruridir, danılmazdır. Həqiqətən də ötən iki ildə ölkədə ciddi şəkildə işsizlər kütləsi yaranıb. Rəsmi statistikada bunlar öz əksini tapmasa da apardığımız müşahidələr göstərir ki, tikinti və xidmət sektoru da daxil olmaqla əksər sektorlarda böyük işçi qüvvəsi ixtisara salınıb. Bir çox hallarda isə biznes subyektləri öz fəaliyyətlərini dayandırıblar. Onların da fəaliyyətlərinin dayanması nəticəsində həddindən artıq işsizlər kütləsi yaranıb. Belə bir şəraitdə real statistikanı tam olaraq hesablamaq çətindir. Statistika Komitəsi ailə təsərrüfatları arasında bununla bağlı sorğular keçirib və nəticələri açıqlayıb. Ancaq burada təbii ki, seçilən kontingent də mühüm əhəmiyyət daşıyır. Rəqəmlərin tam dəqiqliyi davamlı olaraq şübhələr doğurur. Hazırda təxminən əmək qabiliyyətli əhalinin 20-25 faizi faktiki olaraq işsizdirlər. Eyni zamanda əlavə də 20 faiz əhali potensial işsizlərdir. Çünki müəyyən həm risklər var, həmçinin də insanların bir çoxu hədindən artıq öz potensialına, ixtisasına uyğun olmayan fəaliyyətlərdə məcburi olaraq çalışırlar. Onlar isə əslində yarımişsizlər kimi də hesablanır. Çünki davamlı olaraq iş axtarırlar”.
Əli Rais






