İnsanlara hürriyət, millətlərə istiqlal!

Şokolad vannası

2733 20.09.2019 08:25 Yazarlar A A

“Pir mənimdir, kəramətini bilirəm”

(Azərbaycan ata sözü)

Tunisin keçmiş prezidenti Zeynalabdin Binəli müəllim inqilabdan sonra beş-on kilo qızılı təyyarəyə vurub Səudiyyəyə qaçmışdı. İndi deyir orada xəstəxanaya düşübdür. Tunisin hazırkı baş naziri isə Zeynalabdin müəllimin vətənə qayıdıb öz doğma yurdunda ölə biləcəyinə, bunun humanitar aksiya olmasına işarə vurubdur. Bəs ərəb inqilablarının əsasını qoyan Tunis hərəkatı zamanı Binəli müəllimin əmriylə öldürülən yüzlərlə ərəbin qanı necə olacaq? Əlbəttə, batıb gedəcəkdir. Səhrada qanın batması lap asandır. Quma tökürsən, yarım saata yoxa çıxır. Buxarlanır gedir. Bundan da qabaq Zimbabvedə Robert Muqabeni milli qəhrəman elan etdilər. 2 il qabaq onu devirənlər tərəfindən.

Bu baxımdan, hansısa ölkədə inqilabi, qarış-quruş işlər törədiləndə,  gərək inqilabın ya lap önündə gedib vaxtında vəzifə qapazlayasan, ya da axırında veyillənib proseslərin kimin xeyrinə bitəcəyini gözləyəsən. Molla Nəsrəddin demişkən, çalışasan bircə inqilabın “içində olmayasan”. Azərbaycan xalqı bu baxımdan xeyli müdrikləşibdir, 90-larda başı daşdan-daşa dəyəndən sonra hər “tırkaya” uymur. Biz o zaman məşhur aforizmin necə həyata keçdiyini canlı şəkildə gördük: “İnqilabı romantiklər düşünür, fanatiklər həyata keçirir, bəhrəsini isə hər cür alçaqlar yeyirlər”. O zamandan bəri uca millət nəinki inqilab, heç bələdiyyə seçkilərinə də öldürsən getmir. Xaricdən, internetdən-zaddan qımıldaşanlara aldanmayın. Azərbaycan xalqı çoxdan öz taleyi ilə barışıb və əsl tərəkəmə ruhu ilə hərəkət edir: havalar soyuyanda başqa ölkələrə uçub gedirik.

Sözgəlişi, mən iqtidarın builki bələdiyyə seçkisini niyə 27 dekabr kimi qəribə bir tarixə salmasının məntiqini anlayıram. Başqa vaxt o mənasız quruma seçki adıyla camaatı necə toplayasan? İndi isə Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi (DAH) günü münasibətilə xalqı şənliklərə yığıb elə ordaca qutulara bülleten doldurmaq olar. Hələ istəsən Məzahir müəllim şəxsən məntəqələr bağlananda Santa Klaus geyimində, bülleten torbası ilə peyda olub seçicilərə hədiyyə paylayar. Müşahidəçilərə “staliçni” salat, xarici qonaqlara mandarin, yeni bələdiyyə üzvlərinə isə qotazlı yolka bəzəkləri veriləcəkdir. Müdrik qərardır. Özü də bunun da tarixi kökləri vardır. Məsələn, elə bayaq adını çəkdiyimiz DAH gününü sizcə, 31 dekabra yox, ilin hər hansı başqa gününə salsaydılar, o, kiminsə yadına düşərdimi? Ancaq Yeni il-lə bir komplektdə yaxşı girir. Bir növ bambılı çayçılarda “Bu da komplektə girir” adıyla sənə tarakan mürəbbəsi, maşın yağı, ayaqqabı kremi soxuşdururlar ha, bax onun kimi.

Ümid edək növbəti deputatxana seçkiləri də oxşar dövlətçilik metodlarıyla təşkil olunar və biz Novruz bayramında tonqaldan hoppanıb birbaşa məntəqəyə girərik, Keçəl və Kosanı deputat seçərik. Yoxsa Hadı müəllimin 77-ci dəfə deputat qoyulacağını fikirləşəndə adamda heç bir həvəs qalmır. Nə yumurta döyüşdürməyə, nə xoruz dalaşdırmağa.

Ancaq çox pessimist olmaq istəmirik, ölkəmizdə inkişafın sorağı artıq şimal ellərində dolaşır. Rusiyadan bir deputat, ya da hansısa icra hakiminin müavini olan (dəqiq yadımda qalmayıb, guya çox vacibdir) arvad təzəlikcə Naftalana gəlib oradakı kurortda şokolad vannasında üzmüşdü. Onun şəkilləri internetdə yayılandan sonra ruslar ellikcə əsəbləşibdir, Putini divara qısnayıblar ki, bəs bizim niyə azərbaycanlılar kimi şokolad vannamız yoxdur. Hətta keçən ay bu münasibətlə Moskvada xeyli mitinq oldu, camaatı zindana basdılar. Avam adamlardır. Sanki hər ölkənin şokolad vannası düzəltməyə imkanı vardır. Bunun üçün Azərbaycan qədər inkişaf eləməlisən! Yüz minlərlə rus ölkəmizə gəlib müxtəlif işlərdə çalışır, tayqada qalmış arvad-uşaqlarına çörəkpulu göndərirlər.

Öz aramızdır, çox geopolitik yazı alındı, Tunisdən başlayıb tayqadan çıxdıq. Arada ölkəmizə də baş çəkdik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR