İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Vardanyan Paşinyana qarşı “kamikadze” dəstələri yaradır - “Ermənistanın xilası üçün...”

1078 17.06.2023 09:49 Gündəm A A

Rusiyaya bağlı qatı müxalifətçi “Ermənistan” blokundan olan deputat Aqvan Vardanyan “ölkənin xilası” üçün “hər yola getməyə” hazır olan 200-250 “kamikadze”nin siyahısını hazırlayıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yalnız dövlət dəyərlərini qorumaq üçün hər şeyə hazır olanlar siyasi elita adlandırıla bilər. “Təəssüflər olsun ki, indi siyasi sahə parçalanıb və onu vahid gündəm ətrafında, vəziyyətə vahid baxışla birləşdirmək lazımdır”, - Vardanyan deyib. “Mən qəti əminəm ki, bu insanların missiyası ölkəni siyasi yolla indiki hakimiyyətdən azad etmək olmalıdır. Ona görə də bu qrup insanların özəyi ölkəni bu xarabalıqlardan çıxaracaq gələcək hökumətin tərkib hissəsini təşkil etməlidir”, - radikal müxalifətçi iddialı şəkildə bildirib. Vardanyana görə, o, artıq 200-250 nəfərlik siyahı hazırlayıb və nə vaxtsa onların razılığı olmadan bu siyahını dərc edəcəyini istisna etmir. “O zaman onlar elan olunmuş yolla getmək istəyirlər ya yox, özləri qərar versinlər”, deyə o əlavə edib.

Bundan əvvəl parlamentdə hökumət saatında hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Hasmik Akopyan baş nazir Nikol Paşinyandan hakimiyyəti dəyişmək istəyənlərin niyyətindən narahat olub-olmadığını soruşmuş, Paşinyan da demişdi ki, belə bəyanatlara hüquq-mühafizə orqanları reaksiya verməlidir. Bəs Moskvaya bağlı qanunsuz dəstələr Paşinyana sui-qəsd edə bilərmi? ABŞ Nikolu lazımınca qoruyurmu?

Arzu Nağıyev: “Bu, Ermənistanın xilası deməkdir”

Arzu Nağıyev

Deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Ermənistan dövləti terroru həmişə vasitə kimi istifadə edib: “Ermənistanda siyasi mübarizədə terrordan istifadə ənənəsi var və gələcəkdə də belə halların olması istisna deyil. Amma bütün terror aktlarının arxasında etiraz edən qüvvə yox, böyük güclərin razılığı dayanır. 1999-cu ildə baş verən hadisədən əvvəl rusiyameyilli Köçəryan Fransaya gizli səfər edib və o vaxtkı prezident Jak Şirakla görüşmüşdü. Görünür, həmin mərkəzlərdən "xeyir-dua" aldıqdan sonra hakimiyyətə gəlmişdi. İndi isə regionda vəziyyət fərqlidir, bölgədə Türkiyə var, Rusiyanın yanaşması dəyişib, təsir imkanları da o dərəcədə deyil. Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdən sonra hakimiyyətdə qaldı və görünür, onu qoruyurlar. Düzdür, hansısa fanatiklərin əməli istisna deyil, ancaq olsa belə, 1999-cu il səviyyəsində gözlənilmir. Paşinyan qapalı görüşlərdə tərəfləri inandırmağa çalışır ki, sülh sazişi imzalansa, hakimiyyətinin devrilməsi baş verəcək. Bu da nəticədə prosesin uzadılmasına gətirib çıxarır. Ancaq bu, bizi maraqlandırmır. Azərbaycanın qarşıda planları var və Ermənistanın daxilində siyasi böhranla, xəstə təfəkkürlə barışmaq niyyətində deyilik. Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR