Şok statistika: əhalinin 8 faizi talassemiya daşıyıcısıdır
Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır. Bu barədə jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb:
“Talassemiya daşıyıcılarının müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, xəstəliyin azalması üçün nikaha daxil olmaq istəyən cütlüklərin müayinəsinin aparılmasına da başlanılıb. Bu müayinələr artıq öz nəticələrini verir. Belə ki, cütlüklərin müayinəsinə başlanılandan, yəni 2015-ci ilin iyun ayının 1-dən bu günə qədər 197 min 554 şəxs tibbi müayinədən keçib. Onların 9 min 131 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Eləcə də 71 cütlükdə, yəni hər ikisində talassemiya daşıyıcılığı üzə çıxıb. Hər ikisində talassemiya aşkarlanan cütlüklərdə hamiləliyin 12-18 həftəsində döldən nümunə götürülür və institutda molekulyar genetik müayinə aparılır”.
Z.Əlimirzəyeva bildirib ki, indiyədək üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər: “Talassemiya aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib”.
Ümumilikdə isə Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində nikaha daxil olmaq istəyən 110 min nəfər üzərində tibbi müayinə aparılıb. Onların 3597 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 500 milyondan çox qan xəstəsi var. Onlar arasında hemofiliya, talassemiya, leykemiya və anemiya xəstələri daha çoxdur.
Maraqlıdır, son vaxtlar Azərbaycanda talassemiya faktlarının artmasına səbəb nədir? Nə etmək lazımdır ki, bu xəstəlik inkişaf etməsin?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu faizin ciddi bir rəqəm olduğunu dedi: “Talassemiya xəstələrinin sayı bu cür xəstələrin aşkar edilməsi ilə bağlıdır. Əvvəllər bu xəstəliklər yoxlanmırdı və xəstələr yalnız ailə qurduqdan, talassemiyalı xəstə uşaq doğulduqdan sonra təsadüfi yoxlama nəticəsində aşkar olunurdu və real statistika da məlum deyildi. Ölkədə talassemiya geni daşıyıcıları var və bunlar da əhalinin bir neçə faizini təşkil edir. Bu faiz özü də ciddi rəqəmdir. Hazırda bütün ailə quranlarda onların talassemiya geni daşıyıb-daşımadıqları yoxlanılır. Bu cür yoxlamalar da aşkar edilmələrin sayını artırır və bu da şübhəsiz ki, saya təsir edir. Amma əslində bu - artma deyil. Çünki yoluxucu xəstəlik deyil ki, artsın. Müəyyən dövrdən sonra bu cür xəstələrin doğulmasının qarşısının alınması imkanları araşdırılır. Çünki artıq belə bir mərkəz var. Bu mərkəzdə də dövlət proqramı mövcuddur. Talassemiyalı şəxslər ailə qurarsa, dünyaya gələcək uşağın talassemiyalı doğulmaması üçün proqram var. Bütün bu çalışmalar talassemiyanın yayılmasının, artmasının qarşısının alınmasına kömək etməlidir. Hazırkı statistika isə yoxlamalar nəticəsindəki real statistikanı ortaya çıxarıb. Ona görə də düşünmürəm ki, bu artımdır və bundan xüsusi narahat olunmalıdır. Əksinə, proses gedir və bu istiqamətdə tədricən talassemiyalı xəstələrin sayının minimuma endirilməsinə nail olmaq mümkün olacaq”.
Günel MANAFLI






