Rövnəq Abdullayev: “Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlıq yoxdur”
Azərbaycan Dövlət Neft Şirkəti qlobal iqlim dəyişmələrinə səbəb olan amillərin aradan qaldırılması sahəsində üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir. Şirkətin prezidenti Rövnəq Abdullayev “S&P Global Platts” nəşrinə müsahibəsində bu sahədə görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, şirkət gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır. SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib.
O qeyd edib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15 faizini təşkil edir. R. Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfıra endirilməsi planlaşdırılır: “Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfıra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək”.
Avropada üzvi yanacaq olaraq təbii qaza qarşı neqativ münasibətlə bağlı şirkətin mövqeyinə gəlincə, o bildirib ki, Avropanın enerji balansında təbii qaz hələ də əhəmiyyətli rola malikdir: “Biz şirkət olaraq təbii qaza qarşı yönələn kütləvi bir etiraz müşahidə etmirik. İctimai etiraz daha çox ümumilikdə üzvi yanacaqların ifrat istifadəsinə qarşı yönəlir. Bunlar ümumi mülahizələrdir, lakin korporativ perspektivdən yanaşanda Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlığımız yoxdur. Biz ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavab verən Cənub Qaz Dəhlizini, demək olar ki, tamamlamışıq”.
Bundan başqa, SOCAR-ın prezidenti qeyd edib ki, şirkət karbon emissiyalarının yığılması, istifadəsi və saxlanılması layihələrini emissiyaların azaldılmasının yolu kimi görür. O məlumat verib ki, SOCAR-ın uzunmüddətli hədəfi sıfır emissiyalı şirkət olmaqdır və buraya hibrid maşınlar və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələri kimi ekoloji baxımdan daha sərfəli nəqliyyatdan istifadə daxildir: “SOCAR istehsal zəncirinin müxtəlif seqmentlərində yaranan karbon emissiyalarının yığılması, xammal kimi istifadəsi və yeraltı laylara vurulması üzrə müxtəlif layihə ideyalarını nəzərdən keçirir. Metanol zavodumuzda yanma prosesində alınan CO2 emissiyalarının təkrar istifadəsi üçün avadanlıqlar və on-line monitorinq sistemi yaradılıb. Bəzən ictimai diskurs enerji mənbələri arasında fərqi nəzərə almır, neftin və qazın yanacaq olmaqdan başqa rolları da diqqətdən kənarda qalır. Biz bir neçə ildir, neft-kimya sənayesinə intensiv sərmayələr qoyuruq. Plastik kütlələr, gübrələr, rezin, dərman preparatları kimi istehlak mallarının istehsalını kimyəvi xammalla təmin edirik. Neft-kimya sənayesinin xammala olan tələbatını isə neftçıxarma sənayesi təmin edir.

Biz ətraf mühiti çox çirkləndirən və nisbətən az çirkləndirən üzvi yanacaqlara qoyulan məhdudiyyətləri də fərqləndirməliyik. Bu fərqləndirmə olmasa, enerji səbətində mazut və kömür kimi ətraf mühiti daha çox çirkləndirən, lakin nisbətən daha ucuz olan yanacaqların daha təmiz alternativ olan təbii qaza nisbətən çəkisinin artması ekoloji riskdir. SOCAR beynəlxalq ekoloji hərəkat çərçivəsində üzərinə həm də təşəbbüskar və aparıcı qüvvələrdən biri kimi əlavə rol götürüb".
R.Abdullayevin sözlərinə görə, SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş “Ekoloji Siyasəti” bu istiqamətdə fəaliyyətin əsasını təşkil edir. R.Abdullayev həmçinin deyib ki, şirkət neftlə çirklənmiş torpaqların təmizlənməsi vəyaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. istiqamətlər üzrə genişmiqyaslı tədbirlər həyata keçirir: “Qazma, hasilat, emal və neft-kimya prosesləri zamanı ətraf mühitin qorunması məsələləri daim diqqət mərkəzində saxlanılır. Neftlə birlikdə çıxan lay sularının neftlə çirklənməsi nəticəsində yaranan radioaktivlik və çirklənmə amili aradan qaldırılıb, neft-qaz çıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən biri olan lay sularının qapalı sistemdə utilizasiyası 100 faizə çatdırılıb. Son zamanlar ”Ekoloji Siyasət" sənədimiz çərçivəsində həmin torpaqların bərpası istiqamətində böyük uğurlar əldə edilib".
O məlumat verib ki, SOCAR, həm də Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda bu göstərici 1 faizə, cari ildən isə bu rəqəm 0.9 faizə endirilib: “”2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 milyard kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib. SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir. Əlbəttə, neftin-qazın hasilatı SOCAR-ın əsas vəzifəsidir. Amma əmin ola bilərsiniz ki, bizim üçün ətraf mühitin, ekoloji tarazlığın qorunması, torpağın, havanın və dənizin çirklənməsinin qarşısının alınması eyni dərəcədə vacib məsələlərdir. Bu məqsədlə reallaşdırdığımız layihələrin dayanıqlığı, müvəffəqiyyət qazanması SOCAR üçün müstəsna əhəmiyyət kəsb edir".
Qeyd edək ki, 2008-ci ildən SOCAR Dünya Bankının səmt qazının yandırılnması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatı ilə əməkdaşlığa başlayıb. Gördüyü işlər nəticəsində şirkət Dünya Bankı tərəfindən iki dəfə ali mükafata layiq görülüb. Avropa Komissiyasının İqlim dəyişmələri fəaliyyəti üzrə baş direktorluğu tərəfindən maliyyələşdirilmiş iqlim dəyişmələrinin təsirinin yumşalması üçün istehlak əsaslı yanaşmalar tədqiqatının nəticəsində ekspertlər bildiriblər ki, Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Avropa İttifaqına neft ixrac edən 10 ölkə arasında birinci yeri tutur.
Həmçinin SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azalmasını təmin edən milli fəaliyyət Planı layihəsini icra etməkdədir. Bu layihə üç komponentdən ibarətdir. Onlardan biri də səmt qazının istifadəçiyə verilməsidir. Artıq bu komponent üzrə işlər yekunlaşıb. Beləliklə il ərzində 63 quyudan 7 milyon kubmetr qazın yığılaraq Siyəzən və Şabran rayonları ərazisində kəndlərə ötürülməsinə start verilib.
SOCAR həmçinin bu ilin yanvarında metan emissiyasının azalması prinsipləri təşəbbüsünə qoşulub. BP, “Eni”, “Equinor”, “Exxon Mobile”, “Shell” və “Total ” kimi nəhəng şirkətlərin təşkilatçılığı üzrə başlanmış bu təşəbbüs vacib ekoloji problemlərdən biri olan metan emissiyasının müasir ekoloji tələblərə uyğun şəkildə azalmasına xidmət edəcək.
Gələn il yanvarın 15-də Londonda bu təşəbbüsə dair rəhbər komitənin növbəti görüşü keçiriləcək. Görüşdə iqlim dəyişmələrinin təsirinin azalması məqsədilə yeni ekoloji norma və prinsiplər qəbul ediləcək.
İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”






