SMDT bələdiyyə seçkilərinə hazırlıq və seçkiqabağı vəziyyətlə bağlı açıqlama yayıb
SMDT 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində mövcud ictimai-siyasi durumdan ciddi narahatlıq keçirərək, hazırda insan hüquqları, xüsusən də siyasi azadlıqların təmin olunması sahəsində problemlərin azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini bildirir. Bu barədə qurumdan yayılan press-relizdə bildirilir.
Bildirilir ki, SMDT xatırladır ki, 9 oktyabr 2013-ci ildə Azərbaycan Respublikasında keçirilən prezident seçkisindən sonra ölkədə siyasi azadlıqların pozulması, repressiyaların daha da güclənməsi nəticəsində siyasi müxalifətin, vətəndaş cəmiyyətinin və medianın fəaliyyəti daha da məhdudlaşdırılıb. 2014-cü ilin əvvəlindən siyasi hakimiyyət Milli Məclisin vasitəsi ilə QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara mürtəce dəyişikliklər etməklə, xüsusilə də oktyabrın 17-də Milli Məclis qrant və QHT qanunlarına dəyişikliklər edərək məhdudiyyətləri daha da artırıb.
2014-cü ildə siyasi motivli həbslərin davam etməsi nəticəsində ölkədə 100 nəfərə yaxın siyasi məhbus var. Oktyabrın 17-də Azərbaycan Respublikasının prezident İlham Əliyev əfv sərəncamı imzalasa da, bu ölkədəki siyasi məhbus probleminin aradan qaldırılmasına ciddi təsir etməyib, yalnız 4 siyasi məhbus azadlığa buxarılıb.
Azərbaycan may ayının 14-dən Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) sədrlik etməyə başlayandan sonra da onlarla ictimsi-siyasi fəal həbs edilib, barələrində məhkəmə hökmləri çıxarılıb. Məsələn, vəkil Əliabbas Rüstəmov, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, Bəşir Süleymanlı, Rəsul Cəfərov, İntiqam Əliyev, Müsavat Partiyasının fəalı Fərəc Kərimov, jurnalist Seymur Həzi Azərbaycanın AŞ NK-nə sədrlik etdiyi dövrdə həbs ediliblər. Bundan əlavə 30-a yaxın QHT-nin bank hesabına məhkəmə qərarı ilə həbs qoyulub, təzyiqlər nəticəsində isə onlarla QHT fəaliyyətini dayandırıb. Hazırda Azərbaycan AŞ NK rəhbərlik etsə də, bu qurumun qarşısında götürdüyü öhdəliklətə əməl edilmir, ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarından istifadə etdiklərinə görə, insanlar təzyiq və təqiblərə məruz qalır. Məhkəmə sistemində isə müstəqillilik əldə edilməyib, hakimlər icra orqanlarının tapşırıqları əsasında qərar və hökmlər çıxarırlar.
Müxalif qüvvə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl, vicdan məhbusu Leyla Yunusun vəkili Əlayif Həsənov diffamasiya ilə məhkəməyə verilib. X.İsmayılın ölkədən çıxmasına qadağa qoyulub. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə məhkəmə hökmü ilə diffamasiyaya görə cəzalandırılıb. Oktyabrın 29-da “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” internet televerilişinin əməkdaşı Xalid Qarayev polislər tərəfindən saxlanılıb, bir gündən sonra isə o, məhkəmə qərarı ilə 25 gün müddətinə inzibati həbs cəzasına məhkum edib. Oktyabrın 30-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevə məhkəmə hökmü ilə 6 ay müddətinə şərti cəza verilib. Adları çəkilən şəxslər və onların müdafiəçiləri onlara qarşı qeyd olunan təzyiqlərin onların ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.
2008-ci ildə keçirilmiş prezident seçkisindən sonra Azərbaycan Respublikası Seçki Məcəlləsinə bəzi dəyişikliklər edilərək, seçki qaydaları daha məhdudlaşdırılıb. Məsələn, 2 iyun 2008-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklər nəticəsində seçki müddəti 120 gündən 75 günədək azaldılıb, namizədlərin qeydiyyatı üçün alternativ variant kimi nəzərdə tutulan qeydiyyat depoziti (seçki girovu) ləğv edilib. 18 iyun 2010-cu ildə isə növbəti parlament seçkilərindən 3 ay öncə Milli Məclis Seçki Məcəlləsində seçki müddətini 75 gündən 60 günədək və təşviqat müddəti isə 23 günə qədər azaldıb. Bununla yanaşı seçki dövründə qeydə alınmış namizədlərə təbliğat kampaniyasının təşkili üçün dövlət hesabına maliyyə fondunun ayrılması müddəası ləğv edilib. Yuxarıda sözügedən qanun layihələri Avropa Şurası Venesiya Komissiyasının rəyi öyrənilmədən, həmçinin ictimai müzakirələr keçirilmədən qəbul edilib. Ölkədə keçirilən seçkilərinin nəticələri ilə bağlı SMDT-nin hesabatlarında, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (ATƏT DTİHB) hesabatlarında yer alan tövsiyyələrdə qeyd edilib ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, o cümlədən seçki komissiyalarının formalaşması ilə bağlı ictimai etimadın əldə olunmasına ehtiyac var . Ancaq hakimiyyət ATƏT/DTİHB və Avropa Şurası Venesiya Komissiyasının seçki qanunverciliyinin təkmilləşməsi yönündə tövsiyyələrinin icrası ilə bağlı müzakirələri son 5 ildə keçirməkdən yayınıb.
Təəssüf ki, sonuncu prezident seçkisindən sonra ATƏT/DTİHB hesabatında göstərilən pozuntularla bağlı heç bir tədbir görülməyib, seçki qanunvericiliyinin təkminləşdirilməsi istiqamətində heç bir addımlar atılmayıb, Avropa İnsan Hüquqları Məhkəməsinin seçki şikayətləri üzrə çıxardığı qərarlarla bağlı praktiki işlər görülməyib. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş səhiyyə naziri, siyasi məhbus Əli İnsanovun və 9 oktyabr 2013-ci ildə keçirilən prezident seçkisində namizədliyini irəli sürmüş REAL sədri, vicdan məhbusu İlqar Məmmədovla bağlı çıxadığı qərarlar icra edilməyib.
QHT-lərə edilən təzyiqlər zamanı yerli seçki müşahidəçiliyinə də ciddi zəribələr vurulub. Belə ki, ölkənin yeganə müstəqil seçki təşkilatı olan SMDT rəhbəri Anar Məmmədli və onun müavini Bəşir Süleymanlı əsassız və qondarma ittihamlarla həbsə atılıblar. 2013-cü ilin dekabr ayının 16-da A.Məmmədli həbs edilib, may ayının 26-da isə məhkəmə hökmü ilə A.Məmmədli 5 il 6 ay, B.Süleymanlı isə 3 il 6 ay azadlıqdan məhrum ediliblər. İstintaq və məhkəmə zamanı seçki dövrlərində SMDT ilə əməkdaşlıq edən könüllülər istintaqa və məhkəmə prosesinə cəlb edilərək mənəvi, pisxoloji təzyiqlərə məruz qalıblar. Hazırda təşkilata qarşı siyasi təzyiqlər, hakimiyyət nümayəndələri tərəfindən gözdənsalma kampaniyaları davam edir. Məsələn, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzov təşkilat və təşkilatın rəhbəri haqda əsassız fikirlər səsləndiriblər. Bundan əlavə bölgələrdə SMDT ilə əməkdaşlıq etmiş şəxslər də hüquq-mühafizə orqanlarının nəzarəti altında saxlanılır. Məqsəd isə müstəqil yerli seçki müşahidəçiliyini sıradan çıxartmaqdı.
Avropa Şurasının Monitorinq Komitəsinin və müstəqil təşkilatların araşdırması göstərir ki, Azərbaycan 2001-ci ilə Yerli özünüidarəyə dair Avropa Xartiyasına qoşulmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hökumət bələdiyyələrin səlahiyyətlərinin artırılması və maliyyə imkanlarının gücləndirilməsi istiqamətində ciddi iş görməyib. Azərbaycan Avropa Şurasının yeganə ölkəsidir ki, paytaxt və digər böyük şəhərlərində hələ də mer institutu formalaşmayıb. Yerli özünü idarə qurumlarının statusu qeyri-müəyyəndir və dövlət idarəetmə sisteminə daxil deyil.
SMDT hesab edir ki, istənilən seçki ilə bağlı qiymətləndirmə apararkən, bu seçkinin ayrıca mərhələsi deyil, seçkinin baş verdiyi tarixi siyasi şərait, seçkiqabağı ictimai-siyasi imkanlar, seçki qanunvericiliyinin vəziyyəti və seçki iştirakçıları üçün mövcud imkanları ümumiləşdirilərək dəyərləndirilməlidir. Bu baxımdan SMDT hazırkı şəraitdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı siyasi şəraiti son 10 ildə ən qeyri-demokratik dövrə təsadüf etdiyini bəyan edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, SMDT bildirir ki, mövcud problemlərlə bağlı hazırda ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir siyasi mühit mövcud deyil. Bundan əlavə SMDT siyasi sifariş əsasında dövlət qeydiyyatına alınmadığı, onunla partnyor olmuş QHT-lərin bank hesablarına həbs qoyulduğuna və xüsusi olaraq siyasi hakimiyyətin repressiyaları nəticəsində seçkilərin müşahidəsini həyata keçirmək mümkünsüz hala salınıb və bu səbəbdən SMDT bələdiyyə seçkilərində müşahidəçilik həyata keçirə bilməyəcəyini bəyan edir. SMDT həmçinin hesab edir ki, yaranmış siyasi şəraitdə keçirilən seçkilər demokratik, azad və ədalətli seçki hesab edilə bilməz.
SMDT mövcud siyasi vəziyyətin dəyişməsi və demokratik, azad və ədalətli seçkinin keçirilməsi üçün aşağıdakı təkliflər irəli sürür.
• Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusları kimi tanınan şəxslər dərhal azad edilsin.
• Vətəndaş Cəmiyyətinin üzvlərinə, jurnalistlərə, siyasi fəallara qarşı məhkəmə işləri, digər təzyiq və təqiblər dayandırılsın.
• Azərbaycan hökuməti Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə yerinə yetirsin, vətəndaşların ifadə, sərbəst toplaşmaq, birləşmək azadlıqlarına və mülkiyyət hüquqlarına hörmətlə yanaşsın.
• Seçki qanunvericiliyinə yerli və beynəlxalq təşkilatların, o cümlədən ATƏT/DTİHB və Avropa Şurasının tövsiyələrinə uyğun düzəlişlər edilsin.
• QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən mürtəce düzəlişlər aradan qaldırılsın və QHT-lərə qarşı basqılara son qoyulsun.
• Yerli seçki müşahidəçilərin seçkiləri müşahidə etmələrinə imkan yaradılsın, SMDT sədri A.Məmmədli və sədr müavini B.Süleymanlı azad edilsin.
• Xarici QHT-lərin ölkədə fəaliyyət göstərmələrinə imkan verilsin.
SMDT Azərbaycanda azad ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. SMDT 1 dekabr 2008-ci ildə, qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) bazası əsasında təsis olunub. Xatırladaq ki, 14 may 2008-ci ildə SMM-in qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edilib. Qeyd edək ki, SMDT 2009-cu ildə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etsə də, bu müraciət təmin edilməyib və SMDT məhkəməyə birləşmək hüququnun pozulması iddiası üzrə şikayət edib. Ancaq daxili məhkəmələr SMDT-nin şikayətini təmin etmədiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
SMDT (keçmiş SMM) 2001-ci ildən Azərbaycanda keçirilən əlavə və təkrar parlament və bələdiyyə seçkilərini, referendum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 12 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT indiyədək 13000 nəfərdən artıq vətəndaşa 600-dən çox təlim keçib və onların seçki komissiyalarında akkreditə olunmalarına hüquqi-texniki yardım göstərib. SMDT seçkilərin monitorinqini seçkilərin bütün mərhələləri üzrə uzunmüddətli qaydada həyata keçirir. SMDT ATƏT-ə üzv olan ölkələrin QHT-lərini birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO), Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumu, Parlament Monitorinq Təşkilatları Şəbəkəsi (PMO) və Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) üzvüdür. SMDT seçkilərin müşahidəsi sahəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının rəhbər prinsipləri əsasında fəaliyyət göstərir.






