İnsanlara hürriyət, millətlərə istiqlal!

Skripkaçı Ceyhun “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədrinə 30 mini niyə verib? - Məhkəməyə gəlmir

2919 26.05.2021 20:34 Ölkə A A

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Həbsdə olan N.İsmayılovun məhkəmə prosesinə zərərçəkmişlərdən biri gəlmir.

Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. Daha əvvəlki proseslərdə İ.Axundovun epizodu üzrə geniş məlumat vermişdik. Yazının sonundakı linkdən həmin yazı ilə tanış ola bilərsiniz.

Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.

Musavat.com-un əldə etdiyi məlumata görə iş üzrə zərərçəkmişlərən biri də tanınmış skripkaçı Ceyhun İsmayılovdur.

Məlumata görə Ceyhun İsmayılov Nadir İsmayılova 30 min manat verdiyini iddia edir. Belə ki, skripkaçı banka olan borcuna görə 30 min manat ödənişi N.İsmayılova verdiyini, lakin pulun ödənilmədiyini bildirir.

Hazırda C.İsmayılov məhkəmə proseslərinə gəlmir. Səbəb isə onun ölkə xaricində, Moskvada olmasıdır. Məhkəmə onun Moskvadan qayıtmasını, məhkəməyə gəlməsini gözləyir.

Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.

(Bundan əvvəlki məhkəmə prosesində baş verənlərlə bu linkdən tanış ola bilrəsiz: https://musavat.com/news/sensasion-mehkeme-isi-zaminbank-in-hebs-edilen-sedri-ile-serurlu-isfendiyar-in-qalmaqali-nazirlerle-gorus_784129.html)

İlkin MURADOV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR