2018-ci ilin dövlət büdcəsi zərfinin Milli Məclisdə müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırmaqla sözə başladı. Həmkarları onun təbrikinə alqışlarla qarşılıq verdilər.
S.Novruzov Rəşt-Astara dəmiryolu xəttinə dəstək verilməsini təklif etdi. “Bu xəttin işə düşməsi Naxçıvanın qismən də olsa, blokadadan çıxması deməkdir”-deyə, o, bildirdi. S.Novruzov bildirdi ki, rayonlar arasında rəqabət prinsipini həyata keçirə bilərik: “Necə ki, cərimələlərin 25 faizi ayrı-ayrı qurumlarda saxlanılıb. Bu məsələdə də kim ki, öz büdcəsini tamamilə təmin edir, yığdığı vəsaitin də müəyyən faizi o rayonda saxlanılsın”. YAP-çı deputat ayrı-ayrı obyektlərin saxlanılması üçün mərkəzi büdcədən vəsait ayrılmasındansa, həmin obyektlərin işləməsi, əlavə gəlir gətirməsi istiqamətində addımlar atmağa çağırdı.
Hər bir rayonda ingilis dilli, başqa təmayüllü özəl məktəb açılmalıdır ki, kim istəyir övladını orada oxutdursun, müəllimlər də əmək haqqının artırılmasına nail olsun.
Əhali ilə Mərkəzi Bank arasında anlaşma gedir, ortada qazanan kommersiya bankalarıdır. Onlar on illərlə qazanıblar, indi buyursunlar, vətəndaşa kömək etsinlər. 13 faizə depozit götürür, vətəndaşa 28-30 faizlə kredit verir. Banklar vətəndaşı dövlətdən narazı salmasınlar”.
S.Novruzov hökumətə xatırlatdı ki, bütün dünyada seçki ilində siyasi partiyalara ayrılan vəsait digər illərdən çox olur: “Təklif edirəm ki, bizdə də siyasi partiyalara ayrılan vəsait artırılsın”.
E.Paşasoy, Musavat.com






