Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdəki müzakirələrdə Milli Koordinatorun hesabatını yüksək qiymətləndirdi.
Deputat dedi ki, Vətən Müharibəsi günlərində və pandemiyaya qarşı mübarizə dövründə ölkə polisi fədakarlıq göstərib və bu fədakarlıq davam edir.
S.Novruzov bəzi məsələlərə də diqqət çəkdi: “İnsan alverinə qarşı mübarizə müharibə gedən ölkələrdə ikiqat artır. Azərbaycanı əhatə edən dövlətlərdə bu məsələylə bağlı problem var. Miqrant axını artıb. Özünü demokratik adlandıran ölkələrin nə etdiyi hamıya məlumdur. Neçə-neçə gəmilər itir, batır. İnsan alveriylə bağlı daxildə məsələ belədir ki, regionlardan insanları aldadılaraq gətirilib gizli əməyə cəlb edirlər”.
Komitə sədri qeyd etid ki, qurbanların bəzilərinin sənədlərini alırlar, onları məcburi sürətdə müxtəlif işlərə cəlb edirlər. Deputatın sözlərinə görə, bir sıra telekanallardakı verilişlər insan alverinin qarşısını almaq əvəzinə, insanları həvəsləndirir: “Dövlət televiziyasında və İTV-də heç olmasa, bir saatlıq verilişlər hazırlanmalıdır ki, insanlar məlumatlansın.
Çoxsaylı filmlər çəkilir, amma çəkilən filmlər insan alverinin qarşısını almaqdansa, bu işi daha da sürətləndirir. Verilişlər var ki, insanları efirə çıxarırlar, amma çıxışlarla ictimaiyyəti çaşdırırlar. Özəl kanallara müdaxilə etmək olmur, ancaq dövlət televiziyasında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirici verilişlərin yayımlanmasına ehtiyac var”.
E.Paşasoy,
Musavat.com






