Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki müzakirələrdə bələdiyyələrin tənqid olunmasına, onların əsasən torpaqları satan qurum kimi təqdimatına etiraz etdi.
Deputat bildirdi ki, bu yanaşmalar doğru deyil. “Biz bələdiyyələrlə bağlı iki məsələni həll etməliyik: bələdiyyələrin və bələdiyyə üzvlərinin sayını azaltmalıyıq. 1606 bələdiyyə var, 14 mindən artıq bələdiyyə üzvü seçilib. Üzvlər seçilən zaman bələdiyyə sədrləri də seçilməlidir. Bu, ortadakı dedi-qoduları xeyli dərəcədə aradan qaldıra bilər. İşğaldan azad olunan ərazilərdə ağıllı kənd, ağıllı şəhər yaradılır. Çalışmalıyıq ki, orda ağıllı bələdiyyə də yaradaq”, - S.Novruzov bildirdi. O, Həmçinin qeyd etdi ki, biz bələdiyyə seçkilərini ümummilli seçki formatından çıxartmalıyıq, hər kənd özünün bələdiyyəsini seçməlidir.
E.Paşasoy,
Musavat.com






