İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Biz ona deyə bilmərik ki, sənin oğlun niyə müxalifətə qoşulub?”

5071 12.02.2014 08:26 Siyasət A A

Reallıq bundan ibarətdir ki, Azərbaycanda ailə üzvlərinin müxtəlif siyasi təşkilatların üzvü olmasına dözümlü yanaşılmır, xüsusilə də ata YAP üzvüdürsə. Düzdür, A.Nağılbaz atasının adına xələl gətirəcək addım atmadığını, bundan sonra da Rizvan Cəbiyevin imicinə toxunan işlər görməyəcəyini deyib. Həmçinin atası oğlunun işinə qarışmadığını deməklə kifayətlənib. Hər halda, YAP rəhbərliyinin mövqeyi maraqlıdır. Bu mövzu ətrafında söhbət etdiyimiz YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a geniş müsahibəsində prezidentin məmurlara xəbərdarlığı, xüsusilə də hakim düşərgəyə xarici təhlükələr barədə də maraqlı açıqlamalar verdi:

- Siyavuş bəy, YAP-çı, sabiq deputat Rizvan Cəbiyevin oğlu Anar Nağılbazın müxalifətə keçməsini necə qarşıladınız? 

- Hər bir vətəndaşın özünün seçimi var. Biz azad ölkədə, demokratik cəmiyyətdə yaşayırıq. Hərə öz seçimini edir. Bu insan da mövqeyini seçib, özü bilər. Ancaq onun orda olması heç nəyi dəyişmir. Atası YAP-ın çoxdankı üzvüdür, bir neçə çağırış Milli Məclisin deputatı olub, indi də təqaüddədir.

- Yəni deyirsiniz partiyadan ataya hər hansı irad olmayıb? 

- Yenə deyirəm, seçim insanın özünə məxsusdur. İnsan bu yolu seçibsə, özü bilər.

- Ancaq Azərbaycan reallığında belə nümunə nadir hallarda olur. 

-  İndi elə  bir dövrdür ki, qardaş qardaşa, oğul ataya, ata oğula cavabdehlik daşımağa çətinlik çəkir. Ona görə də hərənin öz seçimi var. Adam tanıyıram, uşaqların hərəsini bir partiyaya göndərir ki, harada imkan düşsə... Belə hallar vaxtilə də olub. Bu adamın isə orda olması heç nəyi dəyişmir. Yəni ümumiyyətlə, Azərbaycan cəmiyyətində heç bir göstərici deyil. 

- İcazə verin, sizə opponentlik edim, müxalifətdə bir neçə belə nümunə olub ki, ailənin siyasi aktivlik göstərən bir üzvünə görə digər üzvlər, hətta YAP-dan olanlar belə işdən çıxarılıb, yaxud başqa cür cəzalandırılıb...

- Yox, siyasi baxışlarına görə heç kəs işdən çıxarılmayıb. Kiminsə hansısa nöqsanı olubsa, buna görə işdən çıxarılıb. Məsələni başqa formada qələmə verirlər. Bəzi insanlar öz qəbahətini hansısa formada siyasi təşkilatın pərdəsi arxasında gizlədir, yaxud bizə də müraciət edirlər ki, guya hansısa idarədə bunu elə YAP-çılığına görə işdən çıxardıblar. Amma araşdırma apardıqda görürsən ki, onun kifayət qədər qəbahəti var və ona görə işdən azad olunub. Elə insanlar var ki, bundan sui-istifadə etməyə çalışırlar. Siyasi əqidə tamam başqa şeydir. Hər bir şəxs işdən sonrakı fəaliyyəti dövründə istənilən siyasi əqidə, siyasi fəaliyyətlə məşğul ola bilər. Amma görürsən ki, tədris yerində, başqa-başqa yerlərdə özünün mənsub olduğu partiyanın siyasi mövqeyini dərs əvəzinə tələbələrə, cəmiyyətə təqdim edirsə, artıq bu, həm qanun pozuntusu, həm də vəzifə borcunun yerinə yetirilməməsidir. 

- Anar Nağılbazın açıqlamasından belə görünür ki, o, hakim partiyanın münasibətindən inciyib. O deyib ki, “1994-95-ci illərdə belə ölkə başçısı və hakimiyyət nümayəndələri qarşısında mövcud olan problemlərdən oxuyub, mövqe göstərmişəm. Bu günə qədər də ona görə hakimiyyət nümayəndələri tərəfindən ciddi qəbul olunmamışam. Rep musiqi növünü yararsız, ifaçılarını isə çox halda narkoman, yaramaz adlandırıb, bu işlərdən bizi soyudublar”. Bu mənada o, öz yerini müxalifət düşərgəsində tapdığını bildirib...

- Şükür edirəm ki, elə adamlar müxalifət düşərgəsinə gəliblər. 

- Yəni siz də ona ünvanlı ittihamları bölüşürsünüz?

- Ümumiyyətlə, araşdırma aparsanız nə olub, necə olub, hansı halda olub, bunu siz hamıdan yaxşı müəyyənləşdirərsiniz.

- Partiyadaş kimi Rizvan Cəbiyevə hər hansı iradınız olubmu?

- Yox, ona nə deyəcəyik. Rizvan Cəbiyev oğluna görə cavabdehlik daşımır ki. Biz ona deyə bilmərik ki, sənin oğlun niyə müxalifətə qoşulub.
 
- Adətən YAP sənət adamlarını partiyaya üzv eləməyə üstünlük verir. Nədən bu qayda YAP-çının oğlundan yan keçib, Anar Nağılbaza şamil olunmayıb?

- Sənət adamları özləri YAP-a müraciət edirdi və bu partiya sıralarında olmaq istəyirdilər. İlk partiya təşkilatları onların müraciətinə baxıb qəbul edəndən sonra YAP-ın mərkəzi qərargahına məlumat verirdi ki, bu sənətçilər partiya sıralarına qəbul olundu. Bu, ancaq sənətçilərin öz arzusu, istəyi nəticəsində olub. O qədər sənət adamı var ki,  bu gün YAP-ın üzvü deyil, bizim onlara çox böyük hörmətimiz var. Onlar sənətçidir, nə cür istəsələr öz fəaliyyətlərini o cür qururlar, bu sahədə onlara heç bir qadağa yoxdur. 

- Anar Nağılbazın REAL hərəkatını - sədri həbsdə olan qurumu seçməsi də maraqlı haldır...

- REAL-ı, ya haranı seçibsə, özü bilər. 9 milyonluq Azərbaycan vətəndaşının hərəsinin öz seçimi var, hər kəs sərbəstdir. 600 milyon vətəndaş YAP-ı seçib. 3-5 nəfər hansısa təşkilatı seçir və buna görə kiməsə təzyiq oluna bilməz.  

- Yeri gəlmişkən, prezident son müşavirədə məmurlara xitabən “hər bir dövlət məmuru Vətənə sədaqətli olmalı, heç bir xarici dairənin təsiri altına düşməməlidir” xəbərdarlığını etdi. Bir çox hallarda xarici dairələrlə müxalifətin adı yanaşı çəkilirdi, ancaq bu dəfə fərqli mövqenin şahidi olduq. Bu mesajın izahatını necə verə bilərsiniz? Burada söhbətin “xaricdən maliyyələşən müxalifətlə” xarici dairələrin təsiri altına düşən məmurların birliyindən getdiyini güman etmək olarmı? 

- Əsla belə deyil. Azərbaycanın müstəqillik qazanmasından sonra xarici dövlətlərin, təşkilatların, o cümlədən xarici ölkələrin kəşfiyyat orqanlarının maliyyələşən siyasi partiyalar, onların nümayəndələri, rəhbərləri mövcuddur. Bunlar öz ətrafındakı QHT-lər vasitəsilə maliyyələşirlər, bu, bəllidir. Ona görə də bu günə qədər maliyyə hesabatlarını təqdim etmirlər. Halbuki qanunun tələbi var ki, ildə bir dəfədən az olmayaraq maliyyə hesabatını dərc etməlidirlər. Saflıqdan, düzgünlükdən, ədalətdən danışırlar, lakin öz aparatlarında onlarla insan işlədiyi, hamısı əmək haqqı aldıqları halda gəlirlərini göstərəndə adlarının qarşısında “sıfır” yazırlar, qeyd edirlər ki, biz pulsuz işləyirik. Bəs hava ilə dolanırsınız? Bu da ordan irəli gəlir ki, bunların maliyyələşdiyi mənbələr qaranlıqdır, həmin mənbələrin tapşırıqları həyata keçirilir. Biz bunun dəfələrlə şahidi olmuşuq, Azərbaycan dövlətinə, millətinə deyil, ayrı-ayrı təşkilatlara xidmət edirlər. Məmurlara gəldikdə isə ola bilər ki, kiminsə hansısa qəbahəti olar və təsir altına düşə bilər. Bu baxımdan da prezident xəbərdarlıq etdi ki, belə hallar olduqda aidiyyəti orqanlara müraciət etsinlər. Bəli, bizi əhatə edən böyük dövlətlər, iri təşkilatlar var. Onlar bu və ya digər şəkildə siyasi partiyaların, QHT-lərin rəhbərlərini təsir altına salıblar. Bu mənada hər hansı məmuru da təsir altına salmaq cəhdləri ola bilər. Kimsə hansısa vasitə ilə təsir altına düşə bilər, söhbət ondan gedir. Böyük dövlətlər, ayrı-ayrı kəşfiyyat orqanları təbii ki, bütün siyasi sistemlə işləyib, QHT-lər, mətbuat orqanları ilə necə iş qurmağa, onları təsir altına salırlarsa, o cümlədən həmin təzyiqlər məmur üçün də ola bilər.  

- Belə çıxır ki, xarici güclər Azərbaycan hakimiyyətini daxildən parçalamaq planı qurub?

- Təbii ki. Azərbaycanın bugünkü inkişafını, ictimai-siyasi sabitliyini, ölkədə gedən prosesləri gözü götürməyən istənilən dövlət, o cümlədən erməni lobbisi, kəşfiyyat orqanları, bizi əhatə edən iri dövlətlər təbii ki, istər-istəməz belə bir cəhd göstərəcəklər. Bu, real məsələdir. Biz bunun əyani sübutunu Gürcüstanda gördük, başqa yerlərdə də belə hadisələr olub. Ona görə də cənab prezident qabaqcadan xəbərdarlıq edir.  
          
- Həm də belə hesab etmək olarmı ki, bəzi məmurlar rüşvət və korrupsiyaya qarşı mübarizənin aparılmasını narazılıqla qarşılayır və müqavimət göstərir? 

- Təbii ki. Rüşvətə, korrupsiyaya qarşı cənab prezident hər zaman tapşırıqlar verib. Daim bəyan edib ki, hər şey insanlar, cəmiyyət üçündür, insanlarla davranış qaydalarına fikir vermək lazımdır. Ola bilər bəziləri insanlarla rəftarında dəyişiklik etməlidir. Vaxtilə rayonlarda insanlar gəlir, nazirlik və komitələrin qarşısında qəbula dayanmaq üçün növbə tuturdu. Bir ildən çoxdur ki, bütün məmurlar rayonlarda görüşlər keçirir, qabaqcadan da hansı məmurun hansı rayona gedəcəyi elan edilir və artıq əhali məmurlara yerlərdə müraciət edir, problemlər həllini tapır.

- Beynəlxalq səviyyədə “Ukraynadan sonra növbə Azərbaycanındır” xəbərdarlığı barədə nə deyə bilərsiniz? Bu mənada hakim düşərgədə narahatlıq varmı?

- Qəti şəkildə. Ukrayna ilə Azərbaycanı müqayisə etmək olmaz. Xaricdə hazırlanan  plan o ölkədə həyata keçir ki, müxtəlif təsir dairələri olur, yaxud prezidentin xalq arasındakı nüfuzu və sair məsələlər nəzərə alınır. Üç ay bundan əvvəl Azərbaycanda seçki keçirilib və xalqın 85 faizi prezidentə səs verib. Ona görə də buranı Ukraynaya bənzətmək mümkün deyil. Azərbaycan düzgün, balanslı və müstəqil xarici siyasət yeridir, heç bir qruplara qoşulmur, heç bir dövlətin təsiri altına düşmür, heç bir qurumun, dövlətin diktəsi ilə hərəkət etmir. 

- Ancaq güman olunur ki, son xəbərdarlığın ardınca hansısa qrup komandadan uzaqlaşdırılacaq. 

- Onsuz da icra orqanları cənab prezidentin sərəncamı ilə təyin olunur. Kim öz işinin öhdəsindən gəlməyəcəksə, cənab prezident onu azad edəcək, yerinə başqasını qoyacaq. Necə ki, seçkidən sonra müəyyən sahələrdə dəyişiklik oldu. O sahələr ki, cəmiyyət tərəfindən də deyilirdi ki, burada nöqsanlar var. Digər sahələrdə də oxşar problemlər olacaqsa, orda da islahatlar həyata keçiriləcək, dəyişikliklər olacaq. 

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR