İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi bəyanat yayıb

3649 15.10.2014 14:24 Siyasət A A
Oktyabrın 15-də Müsavat Partiyasının Mərkəzi Qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan siyasi partiyalar Avropa Parlamentinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair Qətnaməsinin müzakirəsinə həsr edilmiş Dəyirmi Masa keçirib.

Dəyirmi Masada  KXCP, Müsavat Partiyası, ADP, Ümid Partiyası, Azadlıq Partiyası, Liberal-Demokrat Partiyası, VİP, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, AXP və Azad Demokrat Partiyasının rəhbərliyi iştirak edib. 

Tədbirdə QHT və KİV nümayəndələri, eləcə də Avropa İttifaqının Azərbaycan ofisinin nümayəndəsi iştirak edib. 

Dəyirmi Masa müzakirələrin yekunlarına aid bəyanat qəbul edib. 

Bəyanatı təqdim edirik:

Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin Avropa Parlamentinin “Azərbaycanda demokratiyanın və  insan haqlarının vəziyyəti”  Qətnaməsi  mövzusunda təşkil etdiyi Dəyirmi Masanın
BƏYANATI

1. Dəyirmi Masa iştirakçıları Avropa Parlamentinin Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə dair 18 sentyabr 2014-cü il tarixli  Qətnaməsini müzakirə edərək qeyd edir ki, həmin sənəddə Azərbaycanda əsas insan hüquq və azadlıqlarına əməl olunması  sahəsində vəziyyətin təsviri və  faktiki halları real situasiyaya adekvatdır və gerçəkliyi əks etdirir. 

2. Qətnamənin tövsiyələrinə gəldikdə isə onlar Azərbaycanın demokratik ictimaiyyətinin, o cümlədən siyasi müxalifətin irəli sürdüyü tələblərlə səsləşir. Dəyirmi Masa iştirakçıları Azərbaycan hakimiyyətindən tələb edir ki, ölkənin strateji maraqlarını nəzərə alaraq, həmin tövsiyələrə diqqətlə yanaşsın,  ilk növbədə siyasi və vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etsin. Bu zaman  Dəyirmi Masa iştirakçıları diqqəti ona cəlb edirlər ki, analoji məzmunlu tələb və tövsiyələr Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, Avropa Şurası,  Avropa İnsan Haqları Məhkəməsi, BMT- nin İnsan Haqları Komissiyası, habelə sivilizasiyalı xalq və cəmiyyətlərdə böyük nüfuza malik hüquq müdafiə təşkilatları – “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” və digərləri tərəfindən də qəbul edilib.

3. Dəyirmi Masa iştirakçıları beynəlxalq qurum və təşkilatların, bölgə problemlərinə ciddi təsir imkanları olan dövlətlərin demokratiyanın və insan hüquqlarının müdafiəsinə aid çağrış və tovsiyələrinin görməzlikdən və eşitməzlikdən gəlinməsini milli təhlükəsizliyimiz baxımından yanlış  hesab edir.  Belə çağırış tələb və tövsiyələrin birmənalı şəkildə daxili işlərə qarışmaq kimi dəyərləndirilməsi, Azərbaycana düşmən qüvvələrin səylərinin nəticəsi kimi qələmə verilməsi problemin həlli olmayıb, dövlətimizi təcrid vəziyyətinə aparıb çıxara bilər ki, məhz bu Azərbaycana dost olmayan dairələrin əsas hədəflərindəndir. 

4. Dəyirmi Masa iştirakçıları Avropa İttifaqı ilə assosasiya sazişinin tezliklə imzalanması və bunun üçün tələb edilən islahatların aparılması istiqamətində addımlar atılmasını zəruri hesab edir. 

5. Avrointeqrasiya naminə ümummilli hərəkatın yaradılması təklifinin müzakirəyə çıxarılması lazım bilinsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR