Azərbaycanda siyasi mühacir alverində ittiham edilən şəxslər barəsində açılmış cinayət işi üzrə istintaq davam edir.
Musavat.com xəbər verir ki, həbs edilən şəxslər İsgəndərov Sərdar Yusif oğlu, Əmirov Zakir Əjdər oğlu və Xanəli Əziz Əvəz oğludur.
hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin müxtəlif ağır maddələri ilə ittihamlar irəli sürülüb.
Sərdar İsgəndərova qarşı Cinayət Məcəlləsi 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.1-ci (dələduzluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Qanunsuz miqrasiyanın təşkili) və 318-2-ci (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddələri ilə ittiham elan edilib.
Həbs edilən Əmirov Zakir Əjdər oğlu və Xanəli Əziz Əvəz oğluna qarşı yuxarıdakı maddələrdən (313-cü maddə istisna olunmaqla) əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə də ittiham irəli sürülüb.
Xatırladaq ki, adı çəkilən şəxslər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat tədbirləri çərçivəsində saxlanılıblar.
Məlumata görə, həbs edilən şəxslər Kanada, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində siyasi sığınacaq alınması üçün müəyyən məbləğlərdə maliyyə vəsaiti qarşılığında saxta sənəd hazırlayıblar. Onların mütəşəkkil dəstə şəklində fəaliyyət göstərdikləri bildirilir.
Məlumata görə, onların Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb.
Qeyd edilir ki, dəstə üzvləri bu əməlləri bir sıra diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçiriblər.
Xatırladaq ki, Sərdar İsgəndərov “Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyinin sədridir. Birlik əsasən xaricdə təhsil adı altında fəaliyyət göstərməsi ilə tanınıb.
Saxlanılan şəxslərə məxsus ofislərdən 100-ə yaxın möhür, ştamp və blanklar götürülüb. Maddi sübutlar arasında Xarici İşlər nazirliyi, Konsulluq İdarəsinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının, “Hürriyət” qəzetinin də möhürləri olub.
Cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İlkin Muradov,
Musavat.com






