Oktyabrın 22-də Azərbaycanda İnsan Hüquqları Problemləri üzrə Birgə Qrup yaradılıb. Rəsmilərin açıqlamalarından belə aydın olur ki, bu 2005-2008-ci illərdə siyasi məhbusların azad edilməsi üçün fəaliyyət göstərn İşçi Qrupun missiyasının bir qədər genişləndirilmiş formatıdır. Bir sıra ekspertlər iddia edirlər ki, bu qurum Qərblə Azərbaycan iqtidarı arasında böyük və prinsipial anlaşmanın təzahürüdür və ölkədəki böyük açılımların startı məhz bu qurum vasitəsi ilə həyata keçiriləcək. Qurumun vətəndaş cəmiyyətindən üzvləri, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı “Yeni Müsavat”ın qonağı olaraq bərpa prosesi və görüləcək işlərlə bağlı suallarımızı cavablandırıblar.
- İşçi Qrupun yenidən bərpa ediləndə missiyası xeyli genişləndirilib. Sizcə, yeni format siyasi məhbus problemini bir qədər arxa plana keçirməyəcək ki?
Novella Cəfəroğlu:
| Novella Cəfəroğlu: “Hətta "içəridə" 1 nəfər siyasi məhbus varsa, demək, o ölkədə siyasi məhbus problemi var və o çözülməlidir" |
- Xeyr. Mənim fikrimcə, bu qrupun əsas işi Azərbaycanda siyasi motivlərlə tutulan insanların azadlığa çıxması olacaq. Çünki dünya birliyinin Azərbaycandan əsas tələbi məhz bu insanların cəzadan azad edilməsidir. Ancaq beynəlxalq qurumlar Azərbaycandan həm də insan haqlarının durumu ilə bağlı digər məsələlərin çözümünü də istəyir. Bu gün məhkəmələrdə, digər rəsmi qurumlarda haqqı pozulan minlərlə insanlar var. Bizə ən müxtəlif məsələlərlə bağlı müraciətlər olunur. Ona görə də biz bu işi paralel aparmağı düşünürük.
- Yəni sizin üçün prioritet siyasi məhbuslar olacaq?
Novella Cəfəroğlu:
- Birmənalı. Ancaq cəmiyyət onu da bilsin ki, biz Azərbaycanda haqqı pozulan hər bir insanın yanında olacağıq.
Səidə Qocamanlı:
- Məncə, qrupun adına aydınlıq gətirməyə ehtiyac var. Mediada yanlış olaraq İnsan Haqları üzrə İşçi Qrup yazılır. Qurumun adı İnsan Hüquqları Problemləri üzrə Birgə Qrupdur. Çox təəssüflər olsun, bu gün kimlərsə bu adı təhrif edərək fərqli şəkildə yorumlamağa çalışır. İnsanların fikrini yanlış istiqamətlərə yönəltmək kimə, nəyə lazımdır? Biz bu adla ona görə razılaşdıq ki, bu, bizə geniş fəaliyyət üçün imkanlar yaradacaq. Bu format bizə imkan verəcək ki, bu gün həbsdə olan insanlarla yanaşı azadlıqda olub haqqı tapdananları da müdafiə edək. İndiyə qədər bizə edilən müraciətlərlə bağlı biz rəsmi qurumlara çıxa bilmirdik, imkan yaratmırdılar, imkan yaradılanda da məsələlərin həlli çox uzun zaman alırdı. Bu qurum bizə müraciətləri rəsmi qaydada birbaşa çözümü asılı olan qurumların nümayəndələrinə təqdim etmək imkanı verir. Üstəlik bizim şikayətləri Prezident Administrasiyasına çıxarmaq imkanlarımız da yaranıb. Əlimizdə Azərbaycan məhkəmələrinin biabırçı qərarları ilə bağlı çoxlu sayda şikayət var, mülkiyyət hüququ pozulanların, rəsmi orqanlarda süründürməçiliklə üzləşənlərin şikayətləri var. Ümid edirik ki, biz mərhələ-mərhələ bu problemlərin çözümünə nail olacağıq.
- Qurumda Avropa Şurasını Aleksandr Gessel təmsil edir. Onun missiyası nədən ibarət olacaq? Cənab Gessel sizinlə bərabər Avropa Şurasının azad edilməsini istədiyi məhbusların müdafiəçisi kimi çıxış edəcək, yoxsa, qurumdaxili dialoqu passiv müşahidə edəcək?
Səadət Bənənyarlı:
- Bu qrup vətəndaş cəmiyyəti ilə hökumət strukturları arasında dialoq üçün yaradılıb. Aleksandr Gessel bildiyiniz kimi, birbaşa AŞ baş katibi Torbörn Yaqlandın nümayəndəsidir. AŞ-nın bu məsələdə bir marağı var - Azərbaycanda insan haqları ilə bağlı problemlər çözülsün. Həm də söhbət yalnız siyasi məhbuslardan yox, geniş kontekstdə insan haqlarından gedir. Təbii, Aleksandr Gessel qrupda öz təşkilatının maraqlarını müdafiə edəcək.
Novella Cəfəroğlu:
- Məncə, Aleksandr Gesselin əsas missiyası siyasi məhbusların azad edilməsi ilə bağlı olacaq. Çünki bu qrupun bərpasını vacib edən məsələ məhz siyasi məhbus problemidir. Bu həm bizim, həm də dövlət strukturlarının məsuliyyətini daha da artırır. Aleksandr Gessel AŞ baş katibinin birbaşa nümayəndəsidir. Biz illərdi Avropa Şurasında Azərbaycandakı siyasi məhbusların azad edilməsi tələbləri ilə çıxış edirik. Dəfələrlə cənab Yaqlandla bu haqda müzakirələrimiz olub. Çox yaxşı ki, Avropa Şurasının təşəbbüsü, Azərbaycan tərəfin isə dəstəyi ilə belə bir dialoq başlayıb. Həm Avropa Şurasının, həm də bizim əsas tələbimiz siyasi məhbusların azad edilməsi prosesinin tezləşməsidir.
| Səidə Qocamanlı: “Azərbaycanda insan haqları ilə bağlı problemlərə görə səmimi narahatlıq keçirənlər qurumun bərpasına ancaq sevinə bilər” |
Səidə Qocamanlı:
- Birgə Qrup ümumiyyətlə Azərbaycan gündəmində insan haqları ilə bağlı hansı problem olsa, mütləq onunla məşğul olacaq. Qarşıdan seçkilər gəlir. Ola bilər, seçki prosesində hansısa hüquq pozuntuları olsun, ya media, söz azadlığı ilə bağlı hər hansı problem ortaya çıxsın. Biz ölkə gündəmini məşğul edən bütün hüquq pozuntularının həllinə çalışacağıq. Əsas olan odur ki, bu gün Azərbaycanda iqtidar və vətəndaş cəmiyyəti institutları üz-üzə oturub bu məsələni müzakirə etməyə başlayıb. Demək, problemlərin çözümü üçün ilk addım atılıb. Azərbaycanda insan haqları ilə bağlı problemlərə görə səmimi narahatlıq keçirənlər qurumun bərpasına ancaq sevinə bilər.
- Qurumda təmsil olunan vətəndaş cəmiyyəti institutları təmsilçilərinin siyasi məhbuslarla bağlı siyahıları fərqlidir. Bu məsələ necə tənzimlənəcək? Yeni ortaq siyahı yaradılacaq?
Səidə Qocamanlı:
- Siyahı bizim ən ağrılı məqamımızdır. Mən bunu deməyə bilmərəm. 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda ölkədən quruma çoxlu sayda siyasi məhbus siyahıları göndərilirdi. Hüquq müdafiəçiləri arasında parçalanma indi baş verməyib. O zaman da ciddi fikir ayrılıqları var idi. Mən ad çəkmək istəmirəm, çünki həmin adam əziyyətli bir durumdadır. Allah qapısını açsın. Ancaq insan haqları ilə bağlı Azərbaycanın ortaq siyahısı həmin şəxsin güdazına getdi. O zaman 716 nəfərlik siyahı hazırlanmışdı. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi siyahılar arasında çaş-baş qalmışdı. Ölkədəki bütün diplomatik korpusun iştirakı ilə bizi toplayıb rəyimizi soruşdular. Biz dedik ki, 716 nəfərlik siyahı ilə razıyıq. Yalnız həmin şəxs o siyahıya etiraz etdi. Həmin vaxtdan da Azərbaycanda siyasi məhbus problemi ilə bağlı alternativ siyahı problemləri başladı, indiyə kimi də davam edir. Bu gün Rəsul Cəfərovun hazırladığı siyahıda 98 nəfərin adı var. Həmin siyahı Leyla Yunusla da razılaşdırılıb. Son əfv fərmanı ilə 4 nəfər azad edilib, 1 nəfər şərti azadlığa buraxılıb. Bundan sonra siyahıya daha 2 nəfər əlavə olunub. Bu siyahını müdafiə edənlər deyir ki, müraciətlər çoxdur, müzakirələrdən sonra bu siyahı genişləndiriləcək. Bu insanlar bilmirlər ki, Avropa Şurasının siyasi məhbus hesab ediləcək şəxslərlə bağlı kriteriləri var? 2001-ci ildən biz bu kriterilərlə işləyirik. Bizim siyahımızda 37 nəfər var idi. Onlardan 28 nəfərin işi bütün məhkəmə instansiyalarını keçib. 28 nəfərdən 4-ü sonuncu əfv fərmanı ilə cəzadan azad edildi. Qaldı 24 məhbus və 11 istintaq altında olan şəxs.
| Səadət Bənənyarlı: “AŞ-nın bu məsələdə bir marağı var - Azərbaycanda insan haqları ilə bağlı problemlər çözülsün” |
- İntiqam Əliyev, Rauf Mirqədirov, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov bu siyahıda varmı?
- Novella Cəfəroğlu: Əlbəttə var. Bu 24 nəfər içərisində elə şəxslər var ki, Avropa Məhkəməsi onların cəzadan azad edilməsi haqqında qərar çıxarıb. Söhbət İlqar Məmmədovdan və Əli İnsanovdan gedir. Bəziləri artıq cəzalarının çox hissəsini çəkib, bir neçəsi ağır xəstədir, bir neçəsi əfv üçün müraciət edib. Çox güman, biz yaxın 2 gündə siyahını dəqiqləşdirəcəyik. Biz çalışırıq ki, içəridə siyasi motivlərlə həbs edilən heç kim qalmasın. Hətta “içəridə” 1 nəfər siyasi məhbus varsa, demək, o ölkədə siyasi məhbus problemi var və o, çözülməlidir.
- Siyahılar uzlaşdırılan zaman kimlərin qalmasını israr edəcəksiniz?
- Səadət Bənənyarlı: 24 nəfərin 24-nün də.
- Qurumun yaradılması zamanı tərkibə etirazlar da oldu. Konkret sizinlə bağlı Avropa Şurasına müraciət edilib. Bunu kim təşkil etmişdi?
- Novella Cəfəroğlu: Bizim bu prosesdən xəbərimiz var. Təşkilatçılar təbii, siyasi məhbus məsələsinə özlərinin xırda, maddi maraqları çərçivəsindən baxanlardır. Məhbusların içəridə kompüterdə sənəd tərtib etmək imkanları yoxdur. Onlara hazır yazılı sənədlər göndərilib və onlar öz imzalarını atıblar. Bircə Tofiq Yaqublunun ərizəsi əl yazısı ilədir. O indi içəridədir, biz onun tezliklə azad edilməsi üçün çalışırıq. İnşallah, o azadlığa çıxar, biz onun bu addımı kimin təkidi ilə atdığını öyrənərik. İnanıram ki, Yaqublular ağır günlərində bizim onlara görə kimlərin qapısını döydüyümüzü unutmayıblar. Bir də biz insanları şəxsi münasibətlərə görə müdafiə etmirik. Siyahımızda şəxsən tanımadığımız, ancaq haqqı tapdandığına əmin olduğumuz insanlar var. Biz ayrı-seçkilik salmırıq. Bu işin təşkilatçılarına demək istəyirəm ki, nə mən, nə Səidə xanım, nə də Səadət xanım siyasi məhbuslarla bağlı heç vaxt, heç yerdən 1 manat da olsa qrant almamışıq. Ancaq bu gün cəmiyyətdə bizim dustaqxanadan azad edilməsinə nail olduğumuz, haqqını bərpa elədiyimiz minlərlə insan var. Xədicə İsmayılın iddiaları sadəcə gülüncdür. Qurumda təmsil olunmur deyə, qara yaxmaqda davam edir. Belə çıxır, özü təmsil olunsaydı qurum haqqında müsbət danışacaqdı. O bizim üçümüzə etiraz edir. Ancaq onun namizədliyinə hökumət təmsilçiləri etiraz edəndə qurumdan 1 nəfər də onun müdafiəsinə qalxmadı. Nə Arzu Abdullayeva, nə Mirvari Qəhrəmanlı, nə də digərləri. Çünki onun nə üçün çalışdığını hər kəs bilir. Avropa Şurasının təmsilçisi onun davranışlarından təəssüfləndiyini dedi. Ümumiyyətlə Azərbaycanı sevməyən insan mənim üçün azərbaycanlı deyil. Bu gün Avropa Birliyinin Bakı nümayəndəliyində görüşdük. Orada qurumun təmsilçisi çox gözəl bir söz dedi. Dedi ki, hər kəs ölkəsi üçün can yandırmalıdır. Ancaq bu can yandırmaq daim ölkənə qara yaxmaq olmamalıdır, can yandırmaq problemlərin çözümünə çalışmaqdır ki, ölkə irəliləsin.
- Quruma həmsədr seçilənlərin ikisi də hökumət tərəfdəndir. Sizə həmsədrlik təklif edilsə də bundan imtina etmisiz? Səbəb nədir?
Səadət Bənənyarlı:
- Həmsədrin heç bir üstünlüyü yoxdur. O, sadəcə toplantını aparır.
Novella Cəfəroğlu:
- Səadət xanım katibliyə seçilib. Onlar da texniki məsələlərin çözümü ilə məşğul olacaq. Bizim işimiz haqqı pozulan insanlarla bağlı bütün sənədləri toplamaq, sistemləşdirmək və hökumətə onların pozulan haqqının bərpası üçün müraciətlər etməkdir. Bununla da məşğul olacağıq.
- Qarşıda Konstitusiya Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu tarixlərdə əfv fərmanları olacağını gözləyirsinizmi?
Səidə Qocamanlı:
- Açığı, 12 noyabr Konstitusiya Gününə qısa zaman qaldığı üçün yeni fərman imzalanacağı inandırıcı görünmür. Ancaq 31 dekabrla bağlı ümidlərimiz böyükdür. Biz bu ilin sonuna qədər Azərbaycanda siyasi məhbus probleminin çözüləcəyinə çox ümid edirik. Çox istərdik ki, Avropa Şurasının 2015-ci ilin qış sessiyasında Azərbaycan bu problemi birdəfəlik çözdüyü üçün digər ölkələrə nümunə göstərilsin.
Aygün MURADXANLI
Foto: Məhəmməd TÜRKMƏN