Siyasətçinin unudulmaq və unutdurmaq istəyi
Amma suallar yaratdı. Birincisi, Rəsul müəllim, siyasətdən getmək və unudulmaq istəyirsinizsə, bu, sizin öz işinizdir. Amma başqalarını niyə öz ardınızca çəkmək istəyirsiniz?
İkincisi, sizin ittihamlarınız mənə bir qədər qəribə gəldi. Deyirsiniz ki, bəs müxalifət 1993-cü ildən ölkəni bu vəziyyətə gətirib çıxarıb... Çox gözəl. Çox pakizə. Bəs o vaxt siz haradaydınız, Rəsul müəllim?
Ölkəni bu vəziyyətə gətirib çıxaranlara bələdçilik edən siz deyildinizmi? Bir Allah şahiddir ki, mən həmişə sizin əleyhinizə olmuşam.
Hətta “müxalifətçiliyinizin” ən pik vaxtlarında sizə qarşı çıxmışam. O vaxt buna görə məni qınayırdılar, “siyasi reallıqları” nəzərə almadığımı deyirdilər.
Amma mən sizin “müxalifətçilik”dən əvvəlki fəaliyyətinizi də bilirdim. Ona görə də sizə inanmırdım.
Düşünürəm ki, digər müxalifətçilər də bunu unutmamışdı. Amma sizi müxalifət düşərgəsinə buraxdılar. Burada mənim yadıma N.Mandelanın bir fikri düşür. O, deyirdi ki, unuda bilmərəm, amma bağışlaya bilərəm...
Biz də unutmadıq. Amma bağışladıq. Sizə müxalifət mandatı verildi. İndi siz məsləhət görürsünüz ki, daha sizi unudaq, amma bir şərtlə: digərlərinin də yada salmayaq...
Burada icazə verin, sizinlə razılaşmayaq. Mən heç vaxt inanmamışam ki, bu müxalifət getsə onun yerini “təptəzə” müxalifət tutacaq. Hərçənd özüm də bu müxalifəti hərdən tənqid etmişəm, özü də çox kəskin tərzdə...
Bu müxalifət getsə bir müddət buralar bilirsiniz hara bənzəyəcək? Türkmənistana, Özbəkistana. “Yeni”, “təptəzə” siyasətçilər göyərçin deyil və onları heç kim haradasa saxlamır ki, birdən “prr!” edib havaya qalxsınlar! Bəli, yeni siyasətçilər yetişir və yetişəcək...
Amma onlar məhz bu mühitdə yetişəcək, çünki bizim başqa Azərbaycanımız yoxdur. Heç kim də heç kimin ayaqlarını buxovlamayıb.
Təbii ki, başqa bir vaxt, başqa bir mühitdə onlar daha asan yetişə bilərdi, indi müqavimət böyükdür. Amma nə etmək olar?
Siyasətçilər tərəvəz deyillər ki, onları istilikxanada yetişdirəsən? O ki qaldı bu müxalifətə, nədənsə siz siyasəti dolanışıq və biznes vasitəsinə çevirən onlarla “yeni siyasətçi”ni görmürsünüz.
Onlar da var. Bu günün siyasi şəraiti və mühiti onların yetişməsi üçün daha əlverişlidir. Neftdən o qədər pul gəlib ki, onun çox cüzi bir hissəsini həmin “yeni”, “təptəzə” siyasətçilərə xərcləmək bu hakimiyyət üçün elə bir problem deyil.
Bəli, müxalifətdə problemlər var. Amma onlar qəzet səhifəsi üçün deyil. Bu illər ərzində həmin müxalifətçilər nə edib? Pis-yaxşı təşkilat yaradıblar, onları müxalifət təşkilatları kimi tanıdıblar.
Mən lap açığını deyəcəm. “Yeni”, “təptəzə” siyasətçi iddiasında bulunan bəzi gənclər nə deyir?
Onların fikri və istəkləri budur ki, indiki müxalifət öz malik olduqlarını onların sərəncamına versin. Onların fikrincə, yalnız bu yolla böyük siyasətə giriş mümkün ola bilər.
Amma bunu kim edər, əzizlərim? Kim özünün min cür əziyyətlə qurduğunu başqasına hədiyyə edər?
Mən bu məsələdə bir qədər fərqli düşünürəm. Yeni siyasətçi olmaq istəyənlər qoy bu müxalifət partiyalarına üzv olsunlar və orada hamı ilə birgə çalışsınlar, onlarla dost və həmkar olsunlar, həmin partiyalarda irəliləsinlər.
Ona görə də partiyalarda gənclər şöbəsinin yaranmasını heç vaxt təqdir etməmişəm. Mənə elə gəlir ki, bu, gənclərin statusunu aşağı salır. İndi bizim müxalifət liderlərinin ilk siyasi qurumlar yaranan vaxt neçə yaşları olardı? Onlar o vaxt çox gənc idi. Doğrusu, 18 yaşı tamam olmuş adamı mən artıq yetkin bir şəxs kimi qəbul edirəm. Düzdür, gənclər özləri də bir qədər avtonom olmağa çalışırlar. Ona görə də partiyalarda ayrıca qanad kimi təmsil olunmağa üstünlük verirlər.
Amma siyasətçi “Mən kiminlə olacam?” deyənlərdən yox, “Kim mənimlə olacaq?” deyənlərdən yetişir... Sonda daha bir nüans. Bəzən proseslərin tempi bizim tempimizlə, bir insanın arzu və istəklərilə uzlaşmır. Nə etmək olar ki?..






