İnsanlara hürriyət, millətlərə istiqlal!

HANSI PARTİYANIN PROFESSORU ÇOXDUR?

1497 26.01.2009 09:08 Siyasət A A
Müsavat Partiyası başqanının müavini, professor Qabil Hüseynli yalançı alimlərin müəyyənləşdirilməsini müsbət qiymətləndirir. Professor hesab edir ki, bu məsələ obyektiv və qərəzsiz aparılsa, düzgün nəticə əldə etmək mümkündür: “Bu, çox yaxşı təşəbbüsdür. Çünki son dövrlərdə həm elmi işi özü yazmayan, həm də bütövlükdə elmi-tədqiqat işlərində plagiat xarakterli, tədqiqat əhəmiyyəti daşımayan, elmə konkret töhfə verməyən mövzular çoxalıb. O üzdən təsadüfi adamların elmə gəlməsi halları xeyli artıb. Əgər saxta yolla elmi dərəcə alanlarla bağlı obyektiv, qərəzsiz təftiş aparılsa, bu, çox yaxşı olar. Təftişdən sonra, məncə, elmi işçilərin sıralarında kimin həqiqi, kimin psevdoalim olduğu aşkarlanar”.
Həqiqi alimlərin müəyyənləşdirilməsilə bağlı aparılan araşdırmalar bizdə bir sual da yaratdı ki, görəsən hansı müxalifət partiyasında nə qədər alim var? Kimin professoru daha çoxdur?
Müsavat Partiyasının Elm və Təhsil Komissiyasının sədri, Şərq tarixi üzrə dosent Rafiq İsmayılın bildirdiyinə görə, partiya üzvləri arasında elm xadimləri kifayət qədərdir: “Vaxtilə Müsavat sıralarında 450-dən çox alim vardı. Onların 50-dən çoxu professor, 2-3 nəfəri isə akademik idi. Sözün doğrusu, biz sonuncu statistikanı 2003-cü ildə aparmışıq. İndi o alimlərdən bəziləri dünyasını dəyişib, bəziləri isə xaricə gedib. Partiya sıralarını tərk edənlər də var. Hazırda Müsavat Divanında 3 professor var - Adil Qeybulla, Almaz Əliqızı, Qabil Hüseynli”.
R.İsmayıl saxta alimlərin müəyyən edilməsi üçün yaradılan komissiyanın qənaətbəxş fəaliyyət göstərəcəyini güman etmir: “Saxta alimləri müəyyənləşdirən ”naukomer" cihaz hələ ki yoxdur. Əgər o quruma Arif Həşimov rəhbərlik edirsə və özü elmi dərəcəni obyektiv yolla əldə etməyibsə, necə obyektiv ola bilər? Bu gün vəzifədə olanların əksəriyyəti özünə elmi dərəcə “alıb”. Halbuki həmin şəxsləri alim kimi Biləcəridən o tərəfə tanıyan yoxdur".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev partiya sıralarında olan alimlərin dəqiq siyahısını verməsə də, ADP-nin Ali Məclisində 5 elm xadiminin olduğunu dedi: “Hazırda partiyada referendumla əlaqədar işlərimiz çox olduğundan bu siyahının dəqiqləşdirilməsi məsələsi bizim üçün bir qədər çətindir. Amma Ali Məclisin komissiyalarında təmsil olunan alimlərin adlarını açıqlaya bilərəm: texnika elmləri doktoru, professor Ramiz Hacılı, kimya elmləri doktoru Eldar Məmmədbəyli, kənd təsərrüfatı elmləri namizədi Surxay Qasımov, fizika-riyaziyyat elmləri namizədi Əhəd Əbdülrəhmanov, tibb elmləri namizədi Babək Sadıqov”.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlunun  dediyinə görə, partiyada 35-dən çox alim var: “Partiyanın siyasi qurumunda bir elmlər doktoru - Əkbər Eldaroğlu, 10 elmlər namizədi var: bu sıraya da mən, Mirvari Naibova, Şəmsəddin Allahverdiyev, Fərahət Dəyyamov, Şıxəli Əliyev, Baxşeyiş Əsgərov, Mübariz Ağalarlı, Namiq Musalı, Cavanşir Həsənov, Anar Nərimanov daxildir. Ümumilikdə partiya  sıralarında 35-dən çox elm adamı var”.
Ümid Partiyasının mətbuat katibi Ənvər Ağayev də referendumla bağlı işlərinin çoxluğunu səbəb gətirib dəqiq rəqəm açıqlamaqda çətinlik çəkdi: “Partiya sıralarında 10-a yaxın elmlər doktoru, 20-dən çox elmlər namizədi var. Bu yaxınlarda partiyamızın sədri İqbal Ağazadə də filologiya üzrə elmi iş müdafiə edəcək, elmlər namizədi dərəcəsinə yiyələnəcək”.
Xalq Cəbhəsi Partiyasında nə qədər alimin olması ilə əlaqədar sorğumuz isə baş tutmadı. Partiya sədrinin köməkçisi Faiq Əmirov bildirdi ki, dəqiq rəqəmi sədr müavini Həsən Kərimov bilir. Həsən Kərimov isə bəyan etdi ki, o, “Yeni Müsavat”ın suallarına cavab vermir.
Saxta yolla elmi dərəcə alanların müəyyənləşdirilməsilə bağlı adının çəkilməsini istəməyən bir alimin fikirləri də bizdə maraq doğurdu: “Alimin fəaliyyəti elmdə görünməlidir, partiyalarda yox. Bir məsələni də unutmaq olmaz ki, elmi kəşflər praktiki həllini tapmırsa, artıq bu, əhəmiyyətsiz bir işdir. Elmin inkişafına dövlət qayğı göstərməlidir ki, həqiqi elm adamları də dövlətin inkişafına xidmət etsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR