İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Ərbildə konsulluq açır

1053 19.02.2014 08:23 Siyasət A A

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İraqa rəsmi səfərə gedib. Xatırladaq ki, ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da İraqa səfər etmişdi. Azərbaycan xarici işlər nazirinin Bağdadda apardığı danışıqlar və verdiyi bəyanatlar geniş rezonansa səbəb olmuşdu. Çünki Məmmədyarov bəyan etmişdi ki, Azərbaycan İraq qazının Avropaya nəqlinə kömək etməyə və təhlükəsizlik məsələsində Bağdadla əməkdaşlığa hazırdır.

Ermənistan xarici işlər nazirinin Azərbaycan xarici işlər nazirinin ardınca İraqa səfər etməsi maraq doğurur.


Azərbaycanda kürd dilində çap edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman “Rojevakurd” saytına istinadən “Yeni Müsavat”a məlumat verib ki, Ermənistan xarici işlər naziri İraqda jurnalistlərlə görüşü zamanı Ermənistan hökumətinin İraq vətəndaşlarının Ermənistana sərbəst gəlməsi üçün viza rejimini ləğv etdiyini bildirib. E.Nalbəndyan bundan sonra İraq vətəndaşlarının istədikləri vaxt Ermənistana sərbəst gələ biləcəyini qeyd edib. Eyni zamanda onu da bildirib ki, bu yaxınlarda Kürdüstanın (Şimalı İraq Kürd Administrasiyası) paytaxtı Həvler-Ərbil şəhərində Ermənistanın konsulluğunu da açacaqlar.

T.Süleymanın yazdığına görə, sonda Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bildirib ki, artıq bu məsələ ilə bağlı İraqın xarici işlər naziri Hoşyar Zebari ilə danışıqlar aparılıb. 

T.Süleyman bu məlumatı verdikdən sonra qeyd etdi ki, işğalçı Ermənistan bu məsələdə də Azərbaycanı qabaqlayır. Azərbaycan Ərbildə konsulluq açmalıdır.

T.Süleyman bunun üçün bu yaxınlarda prezident İlham Əliyevə rəsmi müraciət göndərdiyini açıqladı: “Məktubumda bildirmişəm ki, artıq hətta Türkiyə Cümhuriyyəti əlaqələr yaratmaq üçün Ərbildə konsulluq açıb. Azərbaycanın da konsulluq açmasının vacibliyini qeyd edib xahişimi geniş şəkildə bildirmişəm”.

T.Süleyman qeyd etdi ki, prezidentə müraciətinə Xarici İşlər Nazirliyində baxıldığı barədə ona nazirliyin İkinci Şərq İdarəsinin rəisi N.Hüseynov tərəfindən rəsmi cavab məktubu göndərilib: “Cavab məktubunda idarə rəisi mənə bildirib ki, Prezident Administrasiyasına ünvanladığınız məktuba Xarici İşlər Nazirliyində baxılıb. Nazirlik rəsmisi mənə məktubunda yazıb ki, Azərbaycan prezidenti tərəfindən 12 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının İraq Respublikasında  (Bağdad şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalanıb. İraqın Ərbil şəhərində Azərbaycan konsulluğunun açılması ilə bağlı müraciətə cavab olaraq bildirmək istəyirik ki, İraqda daxili, hərbi-siyasi vəziyyətin gərgin və mürəkkəb olduğunu nəzərə alaraq, İraqda vəziyyətin nisbətən sabitləşməsi və orada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra digər regionlarda konsulluğun açılması məsələsinə münasibətlərin və maraqlarımızın həcminə uyğun olaraq baxıla bilər”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR