İnsanlara hürriyət, millətlərə istiqlal!

CƏMİL HƏSƏNLİDƏN SƏFƏVİLƏR DÖVLƏTİ İLƏ BAĞLI MARAQLI MÖVQE

10112 11.01.2013 09:42 Siyasət A A
Düzdür, bir sıra hallarda məsələyə “yel qayadan nə aparar” tipli yanaşmalar olur və belə hallara əhəmiyyət verilməməsi tövsiyə olunur. Ancaq bu da var ki, Şah İsmayıl Xətainin tarixi xidmətlərinə kölgə salınması, yaxud Rəsulzadə başda olmaqla, Cümhuriyyət qurucularımızın xəyanətdə suçlanması, həmçinin Elçibəyin  KQB ilə əməkdaşlığının iddia olunması gəncliyin gözü qarşısında baş verir. Bu kimi iddiaları eşidən, oxuyan müasir nəsil sabah o mənfi çalarlardan hansısa formada bəhrələnə bilər və bu da narahatçılıq yaradır.
Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin fikrincə, belə yanlış yanaşmaların ortaya çıxmasının ən böyük səbəbi cəmiyyətin qəhrəmanlarının olmaması ilə bağlıdır: “Keçmişə aludəçilik o halda baş verir və o xalqlar keçmişə aludə olurlar ki, onlar bu günü tapa bilmirlər. O zaman həmin xalqlar keçmişlə yaşamağa məcbur olurlar. Azərbaycan cəmiyyətində də keçmişə aludəçilik bununla bağlıdır. İstər Xətai ilə, istər Babəklə, istər Azərbaycan tarixinin bu və ya digər məsələləri ilə bağlı, həmçinin Əbülfəz bəylə əlaqədar başlanan diskussiyalar bir xeyli dərəcədə bununla bağlıdır. Əlbəttə, bu tarixə yanaşma yeniləşməlidir və bir metodoloji-nəzəri baxışlar sistemi formalaşdırılmalıdır. Ancaq ayrı bir böyük bəla var və bu da ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti oxumaq, bilik almaq istəmir”.
Tarixçi alim Səfəvilər dövləti ilə bağlı maraqlı fikirlərini də açıqladı: “Mən hesab edirəm ki, bu gün Səfəvi dövləti haqqında Azərbaycan tarixşünaslığında ən yaxşı əsəri Oqtay Əfəndiyev yazıb. Fikrimcə, Səfəvi dövləti ilə bağlı açılmayan elə çox şey qalmayıb. Oqtay Əfəndiyevin yanaşması da doğru-düzgün yanaşmadır. İstər Şah İsmayıla, istər Səfəvi dövlətinin yaranmasına, istər onun təkamül prosesinə, istər onun Azərbaycan dövlətindən təxminən İran dövlətinə çevrilmə prosesinə Oqtay Əfəndiyevin yanaşması doğrudur”.
Professor deyir ki, Səfəvi dövləti bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, dünya tarixşünaslığına İran dövləti kimi daxil olub: “Biz əgər deyiriksə, dünya tarix elmində bu nöqteyi-nəzəri dəyişək, o zaman bu iş inkarçılıq üzərində qurulmamalıdır. Bu dövlətdə İranın da payı var. Yəni biz iddia edək ki, bu, sırf Azərbaycan dövlətidir və axıra qədər də belə olub, belə deyil. Məsələn, paytaxt İsfahana köçəndən sonra Şah Abbas dövründə burda Azərbaycan dövlətindən bir şey qalmamışdı və heç bunu iddia etmək də lazım deyil. Bizim ictimai fikirdə Türkiyəyə münasibətdə belə bir yanaşma var: bir millət, iki dövlət. Tutalım niyə Səfəvi dövrü ilə bağlı bu xalqlara münasibətdə ”Bir dövlət, iki millət" yanaşması olmasın? “Bir dövlət iki millət” dövləti-aliyi-Səfəviyyənin sosial bazası idi. Axı bugünkü İran və ya fars əyalətləri sonradan göydən düşməyib, bu dövlətin tərkibində olublar. Ona görə də mən belə fikirləşirəm ki, tamamilə əhəmiyyətsiz inkarçılıqdan əl çəkib biz bu dövlətdə payımızın olduğunu ortaya qoymalıyıq və dünyaya da bunu təqdim etməliyik. İndi dünyada Səfəvi dövləti haqqında o qədər çox əsərlər yazılıb, şübhəsiz ki, burda Şah İsmayıl, Təhmasib dövründə dövlətin hakim idarəedici elitası türklər idi. Amma tək bununla iş qurtarmır, bunun sonrakı mərhələsi də var idi. Elə həmin Şah İsmayıl Osmanlı sultanına türkcə məktub yazanda Osmanlı sultanı ona farsca cavab vermişdi. Yəni biz bir az fars dilinin Şərq tarixindəki missiyasını bugünkü millətçilik düşüncəsi ilə əsaslandırmağa çalışırıq. Hesab edirəm ki, bu yanaşma kökündən səhvdir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR