İnsanlara hürriyət, millətlərə istiqlal!

AYDINLAR PARTİYASININ TƏSİS QURULTAYI KEÇİRİLDİ

1290 15.12.2008 02:02 Siyasət A A
Q.Əlibəyli çıxışında partiyanın yaradılması zərurətindən söz açdı: “Azərbaycanda sakit totalitar rejim formalaşıb. Siyasi partiyaların üzvləri təqib olunur, onların fəaliyyəti inzibati yollarla məhdudlaşdırılır. Cəmiyyətdəki siyasi münasibətlər qanun və siyasi mədəniyyət çərçivəsində həyata keçirilməlidir. Cəmiyyət siyasilərə ümidini itirib. Biz bu inamsızlığı aradan qaldıracağıq”.
Q.Əlibəyli partiyanın hakimiyyətə münasibətdə müxalifətçi mövqedə dayanacağını söylədi: “Amma biz konkret məsələlərdə iqtidar və müxalifət partiyaları ilə əməkdaşlığa da hazırıq”.
Tədbir zamanı yaşanan maraqlı bir məqam hamının diqqətini çəkdi. Uzun illərini AXCP-də keçirmiş Q.Əlibəyli Aydınlar Partiyasının təsis olunması təklifini səsə qoymaq istədiyini söyləyərkən çaşıb “AXCP-nin təsis olunması” dedi. O, yanlış kəlmə işlətdiyini başa düşəndən sonra gülümsünüb bunun vərdiş halını aldığını söylədi.
Qeyd edək ki, gündəlikdəki məsələlərlə bağlı səsvermə açıq şəkildə keçirildi və qurultay partiyanın təsis olunması təklifini yekdilliklə qəbul etdi. Sonra partiyanın nizamnamə və məramnaməsi təsdiqləndi və rəhbər orqanlara seçkilər başlandı. Seçkilər alternativsiz keçirildi. Vahid namizəd olan Q.Əlibəyli açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.
Bundan sonra 30 nəfər şəhər və rayon təşkilatları sədrlərinin, eləcə də 15 nəfər Ali Məclis üzvlüyünə namizədlərin səlahiyyətləri təsdiq edildi. Məclis üzvləri öz növbəsində Nizami Quliyevi Aydınlar Partiyası Ali Məclisinin sədri seçdi. Daha sonra partiya sədrinin müavinləri seçildi. Qorxmaz İbrahimli partiya sədrinin birinci müavini, Xanoğlan Əhmədov təşkilati məsələlər üzrə müavin, Fuad Məmmədov siyasi məsələlər üzrə müavin, Qadir İbrahimli iqtisadi məsələlər üzrə müavin vəzifələrinə təsdiq olundu. 9 nəfərdən ibarət Siyasi Şurada partiya sədrinin, onun müavinlərinin, Ali Məclis sədrinin və onun müavininin, həmçinin Ali Məclis üzvü Tamilla Salayevanın təmsil olunması qərara alındı. Nəzarət-Təftiş Komissiyasına da üzvlər seçildi.
Sonda Aydınlar Partiyasının təsis qurultayının bəyanatı səsləndirildi. Sənəddə deyilir: “Qurultay Aydınlar Partiyasının ölkənin intellektual potensialına güvənərək azərbaycançılığın təntənəsini, dövlətçiliyin möhkəmləndirilməsini, dünyaya inteqrasiyasını, hüquqi dövlətin qurulmasını hədəf tutan sağ mərkəzçi partiya olaraq təsis olunduğunu bəyan edir. Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin ”mərhələli həll"ini təklif edir və ərazilər azad olunduqdan sonra qaçqınların qaytarılması və onların təhlükəsizliyi həll olunandan sonra ermənilərin statusu haqqında müzakirələrin başlaması planının partiya tərəfindən əsas götürüldüyünü bəyan edir. Partiya ölkədə hakimiyyət dəyişikliyinin yeganə yolunu azad və ədalətli seçkilərdə görür. İnsan və vətəndaş haqları və azadlıqları sahəsindəki mövcud problemlər aradan qaldırılmalıdır. Siyasi partiyaların normal fəaliyyəti üçün şərait yaradılmalıdır".
Partiyanın şüarı “Azad vətəndaş, məğrur millət, güclü dövlət”dir. Partiyanın emblemi isə partiyanın adının ilk hərfi və onun üzərində yanan ocaq rəsmindən ibarətdir. Onu da qeyd edək ki, siyasi partiyaların, beynəlxalq və ictimai təşkilatların heç biri qurultaya dəvət edilməmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR