İnsanlara hürriyət, millətlərə istiqlal!

“SİYASƏT OYUNCAQ DEYİL Kİ, GÜNDƏ BİR FİKRƏ DÜŞƏSƏN”

1307 22.06.2010 09:04 Siyasət A A

- AXCP-dən ayrılaraq partiya quran keçmiş cəbhəçilər uğur qazana bilmədi. Onlardan bəzilərini ümumiyyətlə “cib müxalifəti” adlandırırlar. Bu haqda nə düşünürsünüz?

- Bir partiyadan çıxıb başqa partiyanın əsasını qoymaq bir qədər çətin məsələdir. Siyasət oyuncaq deyil ki, gündə bir fikrə düşəsən. Ömrümün yarıdan çoxu keçib. Onun bir hissəsini siyasi fəaliyyətə həsr etmişəm. İndi bunu kimi “cib” müxalifəti, kimi əsl, kimi yalan müxalifət adlandırır. Belə zarafatlar olur təbii ki. Müxalifətin öz daxilində müxtəlif meyllər var. Müxalifət daxilində konsolidasiya söyüş və təhqirlə yox, partiyaları bir araya gətirməklə mümkün ola bilər. Xalq Cəbhəsi dövründə də kimsə kimisə harasa xidmət etməkdə ittiham edib. Ola bilər ki, bir partiyanın müxalifətçiliyi daha çox kütləvi aksiya formasında fərqlənsin. Müsavat və AXCP buna daha çox üstünlük verir. Başqaları kütləvi aksiyalar keçirmirsə, bu o demək deyil ki, həmin partiya müxalifətdə deyil.

- AXCP-dən ayrılanlar barədə müxtəlif söz-söhbətlər oldu. Həmin şəxslərin hakimiyyət tərəfindən hətta satın alındığı barədə də xəbərlər yayıldı. Eləcə də sizin barənizdə...

- Təmsil olunduğun siyasi partiyadan çıxmaq istəyirsənsə, deməli, ciddi səbəblər var. Mən AXCP-də ikinci şəxs sayılırdım. Partiyadan çıxmağıma səbəb AXCP-nin həmin dövrdə seçkilərə münasibəti idi. Siyasi partiya bütün hallarda seçkidə iştirak etməlidir. Mövqelərimiz üst-üst düşməyəndə ya özümü partiyanın mövqeyinə uyğunlaşdırmalı idim, ya da getməli idim. Kim nə istəyir desin. Mənə qarşı müəyyən təhqirlər də olub. Əleyhimə yazılar da yazdırıblar. Mənə qarşı ittihamlara cavab vermək fikrində deyiləm.

- Müxalifət partiyasına sədrlik etdiyinizi deyirsiniz. Amma sizi ölkədəki özbaşınalıqlarla bağlı fəal mövqe sərgilədiyinizi xatırlamırıq.

- Müxalifətçiliyi hakimiyyəti söyməkdə yox, iqtidarın siyasətini təhlil və tənqid etməkdə, eləcə də təkliflər verməkdə görürük. Hesab edirik ki, kütləvi etiraz aksiyaları da keçirmək olar. Hakimiyyətin indiki siyasətinə əksərən əks münasibətdəyik. Sosial, daxili siyasəti, partiyalara, kütləvi informasiya vasitələrinə, insan haqlarına münasibəti pisləyirik və iqtisadi siyasəti də qismən yanlış hesab edirik.

- Kütləvi aksiya keçirmək üçün sosial bazanız zəifdir, yoxsa bizim bilmədiyimiz başqa səbəblər var?

- Güman edirəm ki, üzvlərimizin sayı orta səviyyəli aksiyanın keçirilməsinə kifayət edə bilər. Amma seçki kampaniyası başlayana qədər kütləvi aksiya keçirməyəcəyimiz qətidir. Bu dövrə qədər yalnız Dağlıq Qarabağla bağlı antimilli razılıq reallaşsa, kütləvi aksiyalara çıxacağıq.

- Bəs hakimiyyətə qarşı etirazlarınızı hansı formalarla bildirirsiniz?

- Bir neçə gün əvvəl seçki qanunvericiliyinə dəyişikliklərə, kütləvi aksiyaların dağıdılmasına münasibətimizi bəyanat formasında bildirdik. İnsanlar seçki ərəfəsində sərbəst toplaşmaq imkanına malik olmalıdırlar. Kütləvi aksiyalar qapalı yerlərdə yox, şəhərin mərkəzində keçirilməlidir ki, ictimai rəyi cəlb edə bilsin. Biz yalnız fəaliyyət göstərdiyimiz məsələlərə münasibət bildiririk. Tez-tez qəzetlərə çıxmağı, gurultulu bəyanatlar və təntənəli vədlər verməyi nəzərdə tutmamışıq. Bəzən də qəzetlər siyasi maraqlarından çıxış edərək haqqımızda olan məlumatları dərc etmirlər. Bizə bəzi müxalifət qəzetləri embarqo qoyub, haqqımızda gedən məlumatları vermirlər.

- 2008 - ci ildə “AXCP Müsavat birliyinə ehtiyac var” deyirdiniz. Yenə eyni fikirdəsiniz?

- Hər iki partiya cəmiyyətin siyasi həyatına real təsir göstərmək imkanına malikdir. Amma bu o demək deyil ki, biz partiyamızı zəif hesab edirik. Hər halda, Aydınlar Partiyasının cəmiyyətə təsir imkanları onlardan azdır. Müxalifətin nüvəsini AXCP və Müsavatın birliyində görürdüm. Danışıqlar və məsləhətləşmələrin aparıldığı indiki vaxtda yenə də ittihamlar başlayıb. Bu halda bir araya gəlmək mümkün olmayacaq. Hər iki partiyanın bir araya gəlməsi ortaya qüvvə qoya bilərdi.

- Hansısa partiyalarla əməkdaşlıq planlarınız varmı?

- Ötən prezident seçkilərindən sonra BAXCP ilə birlik təklifi var idi. Prinsipləri müzakirə elədik. Amma real nəticəyə gəlmədik.

- Qüdrət bəylə dil tapa bilmədiniz?

- Prinsipcə yox. Hesab etdik ki, bu məsələyə parlament seçkiləri ərəfəsində bir daha qayıda bilərik. İndi seçkidə təkbaşına iştirak etmək qərarı vermişik.

- Hələ də qərargahınız yoxdur?

- Qeydiyyatdan keçəndən sonra qərargah üçün müraciət etmişik, amma hələ ki cavab yoxdu. Dostlarımızdan biri ofisində iclaslarımızı keçirməyə icazə verirlər.

- Ölkəmizdə demokratiyanın inkişafına neft mane olur, yoxsa insanların seyrçi mövqeyi?

- İqtisadi imkanlar çox şeyi həll etmir. Azərbaycanda iqtisadi imkanlar cəmiyyətin inkişafına yox, oliqarxların varlanmasına yönəlib. Hakimiyyətimizin siyasi iradəsi yoxdur. Azərbaycan iqtidarı demokratik proseslərdən ehtiyat edir. Cəmiyyət demokratikləşsə, insanlar fikirlərini sərbəst ifadə etsə, hakimiyyətdəkilərə heç kəs səs verməz. Daxildə hakimiyyətin zorla çevrilmək qorxusu yoxdur. Dəyişiklik seçki yolu ilə olmalıdır və Qərb bu prosesə ancaq siyasi dəstək verə bilər. Seçkidə iştirak etməyəndə hakimiyyət öz bildiyini edir. Ən böyük problem odur ki, seçici səs verir, amma oğurlanan səsinin arxasında dura bilmir. Gec-tez xalq 90-ci illərdə olduğu kimi öz sözünü deyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR