İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Həsənlinin namizədliyi təsdiqləndi

3659 30.08.2013 09:46 Siyasət A A
Gülağa Aslanlı isə MSK sədrinə etiraz edib. O bildirib ki, imza vərəqələrinin namizədliyin təsdiqlənəndən dərhal sonra verilməməsi, bir gün yubadılması Seçki Məcəlləsinə, MSK-nın 18 iyun 2013-cü il tarixli 6/52 saylı qərarı ilə dəyişiklik edilmiş “Azərbaycan prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi qaydaları”nın tələblərinə, MSK-nın qəbul etdiyi təqvim planına ziddir: “Azərbaycan Respublikasının Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi qaydaları” adlı sənədin 1.1. maddəsi var. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasının prezidenti seçkilərində namizədə onun səlahiyyətli nümayəndəsinə namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün MSK tərəfindən imza vərəqələrinin verilməsi prezidentliyə namizədin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlayır. Bundan başqa MSK-nın təsdiq elədiyi Təqvim Planı var. Orada yazılır ki, prezidentliyə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə imza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq həyata keçirilir. Bu, Seçki Məcəlləsinin 53.6. maddəsinin tələbinə əsaslanaraq qəbul edilib. Amma siz deyirsiniz ki, qərar rəsmi dərc edildikdən sonra imza vərəqələri veriləcək. Mən 2003 və 2008-ci il seçkilərində iştirak etmişəm və təsdiqlənən gün imza vərəqələri mənə verilib". 
MSK sədri isə dediyinin üzərində dayanıb. Prosesin qanunda nəzərdə tutulan şəkildə həyata keçirildiyini qeyd edib. Beləliklə, Cəmil Həsənlinin imza toplanması üçün müddətin daha bir günü MSK-nın imza vərəqələrini verməməsi üzündən boşuna getmiş oldu. İmza vərəqələri bu gün verildikdən dərhal sonra Milli Şura imza toplamağa başlayacaq. Artıq Milli Şura və oradakı təşkilatlar Cəmil Həsənlinin imzatoplama kampaniyasını qısa müddətdə başa vurmağa hazır olduqlarını bəyan ediblər. Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahının həmsədri Həsən Kərimovun dediyinə görə, Seçki Qərargahında belə qərara gəliblər ki, AXCP və Müsavat Partiyası birlikdə 42 min imza toplayacaq. Hər partiyanın üzərinə 21 min imza düşəcək. Yerdə qalan 3 min imzanı isə gənclər təşkilatı və Milli Şuradakı digər siyasi qurumlar toplayacaq: “Qarşımızda əsas məqsəd kimi Cəmil Həsənlinin imzatoplama kampaniyasını uğurla başa çatdırmaq durur. Hər kəsin diqqəti imzatoplama kampaniyasına, Cəmil Həsənli qeydə alındıqdan sonra seçki komissiyalarına nümayəndələrin verilməsinə yönəlib. Bu proses artıq gedir”. 
H.Kərimov seçki kampaniyası dövründə regionlarda görüşlərə böyük diqqət ayrılacağını da dedi: “Bu istiqamətdə artıq fəaliyyətə başlamışıq. Biz hansı rayonlarda geniş mitinqlərin keçirilə biləcəyi, hansı qapalı məkanlarda görüşlərin təşkil edilə biləcəyi ilə bağlı təkliflərimizi hazırlayırıq. 3-4 rayonu birləşdirərək, ərazi üzrə mitinqlər də keçirməyə hazırlaşırıq. Təbliğat kampaniyası olduqca qısa müddəti əhatə edir. Seçki qanunvericiliyinin mürtəceləşdirilməsi nəticəsində təbliğata cəmi 21 gün ayrılıb. Ona görə qısa müddət ərzində bütün rayonları əhatə etmək mümkün deyil. Seçki qanununa uyğun olaraq Cəmil Həsənlinin 125 səlahiyyətli nümayəndəsi, eyni zamanda 50 vəkili olacaq. Bundan başqa, partiya sədrləri, funksionerləri də görüşlərə qatılacaq. İqtidar özündə siyasi iradə, cəsarət tapmalı, rəqiblərinə qarşı ləyaqətlə, qanunun tələblərinə uyğun olaraq mübarizə aparmalıdır. Əgər müxalifətə regionlarda seçicilərlə görüşmək imkanı yaradılmayacaqsa, onda əminliklə söyləmək olar ki, hakimiyyətin azad və ədalətli seçki keçirmək, rəqiblərinə bərabər şərait yaratmaq fikri yoxdur”.
Cəmil Həsənlinin bütövlükdə demokratik düşərgənin namizədi olduğunu vurğulayan H.Kərimov dedi ki, Azərbaycan cəmiyyətində qəbul olunan kifayət qədər ziyalı Cəmil Həsənlini dəstəkləyir. Həmin ziyalılar da Cəmil bəyin səlahiyyətli nümayəndəsi, vəkili kimi təqdim olunacaq. Seçki kampaniyasındakı çıxışlarda da həmin ziyalılar cəmiyyətə müraciət edəcəklər.
Bu arada Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək verib. Modern.az saytına açıqlama verən ALP sədri Əvəz Temirxan Lalə xanımla bu məsələni müzakirə etdiyini və Cəmil Həsənliyə dəstək olacaqlarını bildirib: “Lalə xanımın mövqeyi Milli Şuranın birliyini qorumaq idi. Cəmil bəy artıq ehtiyat deyil, vahid namizəddir. Biz də ona uğurlar diləyirik. Lalə Şövkət öz tərəfdarlarını Cəmil Həsənliyə dəstək olmağa çağıracaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR