Barda tanış olduğu qıza sataşan şəxsi vuran gənc, hakim hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində barda qıza sataşan oğlana ağır xəsarət yetirməkdə təqsirləndirilən İslam Yusifovun məhkəməsi keçirilib.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub. Hökmə əsasən İ.Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda yazılır ki, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb və əsəbləşib.
Bundan sonra K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib və mübahisə ediblər.
Daha sonra o, Kamili izləyib və Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K. Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.
Məhkəmədə ifadə verən İ.Yusifov özünü qismən təqsirli bildiyini deyib:
"Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Mən də içkili idim, Elnarə də. Kamil bir neçə dəfə qıza yaxınlaşdı, o "otval" verdi. Sonra da qızın yaxasından tutdu, yaxınlaşıb ona dedim ki, bu nə hərəkətdir edirsən. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. İndi Kamillə barışmışıq".
Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
İ.Muradov
Musavat.com






