İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirməmməd Hüseynov xalq şairinə qarşı ağır ittihama cavab verdi

6824 21.11.2013 08:30 Ölkə A A
Mərhum xalq şairimizə qarşı bu ittihamın haradan qaynaqlandığını aydınlaşdırmaq üçün müraciət etdiyimiz B.Vahabzadənin yaxın dostu, professor Şirməmməd Hüseynov deyilənləri qətiyyətlə təkzib etməklə bərabər, dediklərini sübut etməkdən ötrü bizə 2007-ci ildə nəşr olunmuş “Mətbu irsimizdən səhifələr” kitabını təqdim etdi. Kitabın 317-321-ci səhifələrində Ş.Hüseynovun bu mövzu ilə bağlı elə “Yeni Müsavat” qəzetində dərc olunmuş məqaləsi yer alır. Dəyərli ziyalımız həmin məqaləni vaxtilə nəşr olunan, hazırda isə fəaliyyəti dayandırılmış “Alternativ” qəzetində eyniadlı mövzuya cavabında yazıb və tarixi həqiqətə hərtərəfli işıq salıb. Ancaq üstündən 11 il keçəndən sonra “Gündəm xəbər” qəzetinin bu mövzuda yazdıqlarını və xalq şairinə qarşı bu kimi ittihamların davam etdirilə biləcəyini nəzərə alaraq Ş.Hüseynovun “Böhtan və məkrlə dolu bir suala cavab” sərlövhəli yazısını olduğu kimi diqqətinizə çatdırırıq: “”Alternativ" qəzeti 17-23 iyul tarixli sayında hiddət və nifrət doğuracaq əcaib bir sual - “Bəxtiyar Vahabzadənin anası ermənidir?” başlıqlı yazı dərc etmişdir. Redaksiya, məsələnin və redaksiyaya gələn üzdəniraq “oxucunun təqdim etdiyi” “sənəd”in mahiyyətini lazımınca araşdırmadan “sevincək” olmuş, Amerika açmış bir poza götürərək millətimizin fəxri, şərəf və ləyaqəti simvoluna çevrilmiş, həqiqətən dünyaca tanınmış bir xalq şairini əslində ləkələməyi, gözdən salmağı qarşısına məqsəd qoymuşdur. Qayəm belə qələm dəllallarına, iftira və böhtan orqanına cavab vermək deyil. Belə şərəfsizlərə qoşulmaq mənim yaşıma və əqidəmə yaraşmaz. Amma qoyulan suala konkret cavab verməyi özümə borc bilirəm. Mən, Bəxtiyar Vahabzadənin eloğlusu, 70 illik dostu, ailəsini, nəsil-nəcabətini yaxından tanıyan bir adam kimi “Alternativ” qəzetində dərc olunan məqalədəki suala öz münasibətimi bildirmək istəyirəm. Bəxtiyarın həqiqi anasına, onu dünyaya gətirən nənə, analığına isə “ana” deməsi nə ilə əlaqədardır? Aydınlıq gətirmək istəyirəm. 
Bəxtiyarın kökünə bələd olan çox yaxın adam kimi deyə bilərəm ki, onun anası xalis türk-müsəlman qadını Xanım Məcid qızıdır. Bu həqiqəti şairin doğulduğu Şəkinin Yuxarıbaş məhəlləsində bilməyən yoxdur. Xanım arvad vaxtilə mənim anamla birlikdə Şəkinin 3 nömrəli İpək Fabrikində barama çeşidləyən sexdə işləyirdi. 1905-ci ildə erməni-müsəlman qarşıdurmasında Vartaşenin (indiki Oğuz rayonu) Söyüdlü kəndindən 2-3 yaşında bir erməni qızı Şəkiyə gətirilir. Onu Şəkidə Allahverdi adında xeyirxah bir kişi qızlığa götürür. Adını Gülzar çağırır. Qız bu ailədə müsəlman adətləri ilə böyüyür. Oruc tutur, namaz qılır. 1918-ci ildə bu qızı Şəkinin Yuxarıbaş məhəlləsinin sakini Mahmud Zəkəriyyə oğlu Vahabov adlı bir gəncə “Gülzar Allahverdi qızı” adı ilə ərə verirlər. 6-7 il keçir, Gülzarın övladı olmur. Mahmud və Gülzar 1925-ci ildə Zəkəriyyə və Xanımın 3-cü övladı olan Bəxtiyarı oğulluğa götürürlər. 1934-cü ildə Mahmud və Gülzar uşaqla bərabər Bakıya köçür. 

Bəxtiyar onların himayəsində böyüyür. Demək, Bəxtiyarın doğma atası Zəkəriyyə Vahab oğlu, anası isə Xanım Məcid qızıdır. Amma o, uşaqlıqdan doğma atası olan Zəkəriyyəni babası, doğma anası Xanım Məcid qızını isə nənəsi kimi tanıyır.

Bu barədə şair özü “Şənbə gecəsinə gedən yol” kitabında (1991) ətraflı yazmışdır.... Əslində həqiqət belədir: şairin doğma atası, baba kimi qəbul etdiyi Zəkəriyyə Vahab oğlu, anası isə nənə kimi qəbul etdiyi Xanım Məcid qızıdır. Gülzar xanım isə əslində onun ata bir, ana ayrı ögey qardaşının arvadıdır". 

Xatırladaq ki, bu yazı “Yeni Müsavat”ın 1 avqust 2002-ci il sayında dərc olunub. Həmin sayda Şəkinin bir qrup sakininin də redaksiyaya məktubu dərc olunub. Hacı Səlim Əfəndi və Yuxarıbaş məhəlləsinin bir neçə sakininin adından ünvanlanan məktubda deyilir: “Hörmətli redaksiya!

Mən, Şəki-Qəbələ bölgəsinin qazisi Hacı Səlim Əfəndi Səfərov, xalqımızın ləyaqətli oğlu Bəxtiyar Vahabzadənin doğulduğu Yuxarıbaş məhəlləsində onların qapıbir qonşusu olmuşam. Yəni mən Vahabzadələr nəslinin 4-5 arxadönənini tanıyıram...

Bəxtiyar Vahabzadə ata bir, ana ayrı ögey qardaşı Mahmudun və onun sidq ürəklə islam dinini qəbul etmiş həyat yoldaşı Gülzar Allahverdi qızının doğma övladları deyil, himayəyə götürüb böyütdükləri götürmə övladıdır. Belə ki, Bəxtiyar müəllimin baba kimi tanıdılan doğma atası Zəkəriyyə Vahaboğlu, nənə kimi tanıdılan doğma anası, yeddi arxadönəninə qədər müsəlman-türk olan Xanım Məcid qızıdır. 

Sözümün sonunda B.Vahabzadənin həm ata, həm də ana tərəfindən xalis türk oğlu türk olduğuna bir din xadimi kimi Allah qarşısında yəmin edirəm". 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR