Həbsdsə olan şirkət rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılıb. Aldığı cəzadan narazı qalan şirkət rəhbərinin şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun şikayətinə baxılıb.
Barəsində olan hökmdən apellyasiya şikayəti verən Q.Rəhimovun məhkəmə prosesinə hakim Mirpaşa Hüseynov sədrlik edib.
Məhkəmənin qərarına əsasən, MMC rəhbərinin şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılan 6 il 7 aylıq cəza qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittihama əsasən 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binadan mənzil almaq istəyən vətəndaşlar şirkətlə müqavilə bağlayıblar.
Sonradan mənzillərin aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı üzə çıxıb. Ümumilikdə 29 nəfərin 305 min manatı ələ keçirilib.
MMC rəhbəri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.
Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Q.Rəhimovun qəbulunda olaraq ev alıblar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır.
Məhkəmədə ifadə verən Q.Rəhimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, VEDI-E” MMC-ni təsis edib, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Q.Rəhimovun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O, qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub. Q.Rəhimov söyləyib ki tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib. Onun sözlərinə görə, qeyd olunan məbləğdən İmran Axundovun xəbəri olub.
İ.Muradov
Musavat.com






