Dekabrın 14-də Yaponiyanın Baş naziri Şinzo Abe Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə bir araya gələrək Şimali Koreyanın nüvə-raket proqramları nəticəsində artan təhlükənin qarşısını almaq istiqamətində müzakirələr aparıblar.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, görüşdə Şinzo Abe və Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını tam həyata keçirməyə çağırıblar.
Baş nazirin iqamətgahında baş tutan görüşdə tərəflər, həmçinin bildiriblər ki, Koreya yarımadasının nüvə silahından təmizlənməsi regionda sülhə və sabitliyə əvəzedilməz töhfə ola bilər.
Danışıqlardan sonra jurnalistlərlə görüşən A.Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları tam həcmdə həyata keçirilməlidir.
Dekabrın 15-də BMT Təhlükəsizlik Şurasında nazirlərin görüşünə toxunan Baş nazir Şinzo Abe isə deyib ki, Şimali Koreyaya qarşı təzyiqləri gücləndirəcək güclü siqnalın əldə edilməsinə çalışacaqlar.
Şimali Koreya ətrafında müasir vəziyyətə toxunan A.Quterreş vurğulayıb ki, ən pis cəhət dramatik vəziyyətin daha gərginləşməsi və hadisələrin müharibəyə doğru irəliləməsidir.
Şimali Koreyaya mümkün səfəri barədə sualı cavablandıran BMT-nin baş katibi qeyd edib ki, müsbət nəticə gözləniləcəyi təqdirdə o, istənilən vaxt istənilən yerə getməyə hazırdır.
Ş.Abenin A.Quterreşlə söhbəti zamanı Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları məsələsinə də toxunulub. Ş.Abe bildirib ki, həmin şəxslərin geri qaytarılması onun rəhbərlik etdiyi administrasiyanın ən əsas vəzifələrindəndir.
A.Quterreş öz növbəsində bildirib ki, o, yapon ailələrinə bu qədər sıxıntı gətirən məsələnin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Görüşdə BMT-nin islahatları məsələsinə də toxunulub. Bu beynəlxalq təşkilatda daimi üzv olmağa can atan Yaponiya öz tərəfindən həmin islahatları dəstəklədiyini bildirib.






