KXDR rəhbərliyi Demokrat partiyasının rəhbərliyini prezident Donald Trampla Kim Çen In arasında fevralın 27-28-də Vyetnamın paytaxtı Xanoy şəhərində baş tutacaq görüşü pozmaqda ittiham edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, rəsmi bəyanat ölkənin Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilib.
Sənəd “KXDR və ABŞ arasındakı danışıqların əleyhdarları düşünməlidirlər” deyə adlanır.
Materialın müəlliflərinin sözlərinə görə, ABŞ-ın Demokrat partiyası və onun kimi danışıqların əleyhinə olanlar bütün əsassız və uydurma hekayələr, dezinformasiyalarla şübhə yayaraq müzakirələri pozmaq istəyirlər.
Yazıda bu yaxınlarda ABŞ Senatının komitələrinin birində keçirilən dinləmələr nümunə gətirilir. Burada bir sıra yüksək mövqeli siyasətçi və ekspert KXDR-i nüvə silahı ilə bağlı işlərdən vaz keçməməkdə ittiham etmişdi.
“Bu cür söyləmlər əsassız olub, danışıqların atmosferini soyuqlaşdırır”, deyə rəsmi Pxenyan təpkisini göstərib.
Bundan başqa, Demokrat parityasının əvvəlki prezident Barak Obamanın hakimiyyəti dövründə Koreya yarımadasında böhranın həllində ciddi nəticəyə nail olmadığı üçün onun respublikaçı xələfi Donald Trampa əngəl törətmək istədiyi vurğulanır.
Sənəd müəllifləri hətta görüşün əleyhinə olanlara xəbərdarlıq da ediblər.
“Əgər bu danışıqlar da uğursuzluqla başa çatsa, ABŞ əhalisinin başı üstündəki təhdidlər bitməyəcək. ABŞ administrasiyası müxalifət qüvvələrinin başmaqları altında müzakirələr apardığı ötən illərin dərsini unutmasınlar”,-deyə bəyanatda qeyd olunub.
Musavat.com






