Milli Məclisin bir qrup üzvünün Lefkoşaya tarixi səfəri müsbət qarşılanıb; Azərbaycan “Yavru Vətən”lə bağlı Türkiyə ilə birgə addımlar ata bilər
Azərbaycandan Şimali Kipr Türk Respublikasına ilk rəsmi səfər reallaşdırılacaq. Belə ki, Milli Məclisinin hazırda Türkiyədə səfərdə olan nümayəndə heyəti görüşlərini yekunlaşdırdıqdan sonra Şimali Kipr Türk Respublikasına gedib.
Məlumata görə, Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun rəhbərlik etdiyi heyət Şimali Kiprə iyulun 16-da səfər edib. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Akif Çağatay Kılıc Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə görüşdən sonra Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfərini “tarixi” adlandırıb. “Bu, Azərbaycan parlamentinin nümayəndə heyətinin Şimali Kiprə ilk tarixi səfəridir. Nümayəndə heyəti Şimali Kiprin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılacaq və daha sonra iyulun 20-də Sülh və Barış günü tədbirlərində iştirak edəcək. Mərasimdə Türkiyə dövlət başçısı da iştirak edəcək. Biz bu mühüm addıma görə minnətdarıq. Bu, dünyaya mesajdır və Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümayişidir”, - Kılıc deyib. Yunan Kiprini Avropa Birliyinə üzv qəbul edən Avropanın Türk Kiprinə qarşı davamlı təzyiqləri, təbii ki, Azərbaycanda da daim etirazlar doğurub. Ancaq bu, bir faktdır ki, uzun illər boyunca rəsmi Bakı Qarabağ məsələsi ilə əlaqədar Kiprlə əlaqələr istiqamətində daha da irəli gedə bilməyib, ikili standartlı dünyanın sui-istifadəsindən ehtiyatlanıb. Açığı, qardaş Türkiyə də hər zaman Azərbaycanın “Yavru Vətən”ə daha sıx tellərlə bağlanmasını, dəstək verməsini istəyib. Ancaq eyni zamanda Qarabağ problemi adlı “Damokl qılıncı”nın başımız üstündə asılmasını Türkiyədə də qəbul ediblər və rəsmi Bakının daha irəli addım ata bilməməsi anlayışla qarşılanıb. Ancaq 44 günlük Vətən müharibəsində, Türkiyənin də qardaşlıq dəstəyindən sonra yaranmış fərqli situasiya mövcuddur. Artıq Azərbaycanın önündə “Qarabağ əngəli” də yoxdur. Belə bir səfər rəsmi Bakının Şimali Kiprin müstəqilliyini tanıması yönündə ilk addım sayıla bilərmi?
İrəvan Türk Cümhuriyyətinin başqanı, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Şimali Kiprə səfəri yüksək dəyərləndirir: “Əlbəttə, mən də hesab edirəm ki, bu, tarixi səfərdir. Azərbaycan dövləti Kipr problemi ilə bağlı, nəhayət, öz mövqeyini ortaya qoymalıdır. Bu, həm də Türkiyəyə Kıprıs məsələsinin həllində bir qardaş dəstəyidir. Faktiki olaraq adada iki dövlət mövcuddur və burada yaşayan türklərin izolyasiyası insanlıq suçudur. Məsələ iki dövlətli bir federasiya şəklində həll edilməlidir. Burafa mövcud olan Şimali Kipr Türk Respublikasını görməzdən gəlib, Cənubi Kipri Avropa İttifaqına qəbul edən Qərbin planlarını alt - üst etmək siyasətinə Azərbaycan və Türk dövlətləri dəstək verməlidir”.

Qafar Çaxmaqlı
Q.Çaxmaqlı hesab edir ki, artıq tərəddüdlərə son vermək zamanıdır: “Şimali Kiprin müstəqilliyini tanımaq üçün addımlar atılmalıdır. İndiki situasiyada onu tanımaq ən doğru addımdır. Buna qədər ehtiyat edirdik ki, tanımaqla bağlı addım atsaq, Yunanıstan kimi dövlətlər də Dağlıq Qarabağdakı separatçı qurumu tanıya bilərlər. Artıq belə məsələ yoxdur. Bu səfər həmin istiqamətdə yaxşı bir diplomatik addımdır. İrəvan Türk Cümhuriyyəti olaraq biz də Şimali Kipr Türrk Cümhuriyyətinin haqlı davasına dəstək verməkdə davam edəcəyik”.

Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə ilə Azərbaycan siyasi və hərbi sahədə koordinasiyalı fəaliyyət göstərir: “Məhz Qarabağdakı qalibiyyətli müharibə hər iki qardaş ölkənin birgə problemlərə qarşı vahid mövqedən çıxış etdiyini göstərdi. Həmçinin Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan siyasi müttəfiqliyi ön plana keçib. Belə olan təqdirdə Azərbaycan da bütün parametrlərlə Türkiyəni tam dəstəkləyir. Məhz Şimali Kipr Türk Cümhuriyyətinin tanınması da bu xüsusdadır. Artıq Qarabağ münaqişəsi bitib. Yunanıstan Azərbaycana qarşı hər hansı şəkildə təsir etmək iqtidarında deyil. Həm də Şimali Kipr Türk Cümhuriyyətinə qarşı ədalətsiz bir mövqe ortaya qoyulub. Azərbaycan Türkiyə ilə birdir və artıq Şimali Kipr Türk Cümhuriyyətinin tanınması zəruridir”.
M.Əsədullazadə bu müstəvidə Azərbaycana qarşı hər hansı bir problemin olmasını istisna edir: “Düşünürəm ki, ”Yavru Vətən"in müstəqilliyini tanımaq Azərbaycan-Türkiyə müttəfiqliyinə yeni bir dinamizm gətirəcək, Türkiyə Azərbaycan qardaşlığının daha da bir nümunəsi olacaq. Düşünürəm ki, bu qərar verilməlidir. Azərbaycan parlamentinin bir neçə deputatının Lefkoşaya səfəri tarixi bir səfərdir. Ümumiyyətlə, Azərbaycanın qarşısında artıq heç bir əngəl yoxdur".

İlyas Hüseynov
Politoloq İlyas Hüseynov də hesab edir ki, hazırda Türkiyədə səfərdə olan Milli Məclisin nümayəndə heyətinin Şimali Kiprə getməsi yalnız dost səfəri kimi qiymətləndirilir: “Nümayəndə heyəti şimali Kiprin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılacaq və daha sonra iyulun 20-də Sülh və Barış günü tədbirlərində iştirak edəcək. Mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın da iştirak edəcəyi gözlənilir. Quzey Kıbrıs ilə bağlı müxtəlif proseslər hər zaman adanın yunan icması, Yunanıstan və Ermənistan tərəfindən diqqətlə izlənib. 2004-cü ildə Kirpdə keçirilmiş referendumun nəticələri ilə bağlı rəsmi Bakının atacağı addım da diqqət mərkəzində olub. Həmin dövrdə referendum ilə nəticə əldə olunmayıb və icmalar arasında konfensus ifadə edilməyib. Lakin Şimali Kirpə səfərdə ticari-iqtisadi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlıq imkanları haqqında fikir mübadilə aparıla bilər”. İ.Hüseynov qeyd etdi ki, son dövrlər Azərbaycan ərazisində yaşayan ermənilərə status verilməsi ilə bağlı müxtəlif mərkəzlər ciddi-cəhdlə çalışırlar: “Onlara ən yaxşı halda mədəni muxtariyyət verilə bilər. Bunun üçün də rəsmi Bakının tələbləri yerinə yetirilməlidir. Vətən müharibəsində qalib gələn Azərbaycanda postmünaqişə dövründə baş verən proseslər yalnız Azərbaycanın siyasi iradəsi, Konstitusiyası və qanunları ilə idarə olunur. Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya örnəkdir. Bir millət, iki dövlət fəlsəfəsi bu gün strateji müttəfiqliyə çevrilib və Şuşa Bəyannaməsi ilə möhkəmləndirilib. Milli maraqlarımıza zidd regionda təşəbbüslər baş qaldırarsa, hər zaman ”B" variantına müraciət etmək imkanlarını da düşünmək lazımdır".
Bu yerdə qeyd edək ki, 44 günlük müharibə dönəmində həm Yunanıstan, həm də Kiprin yunanlar yaşayan hissəsi Ermənistanı, o cümlədən Qarabağ separatçılarını məmnun edən fəaliyyət sərgiləyiblər. Eyni zamanda yunanlar dəfələrlə Türkiyəyə qarşı sərsəm iddialarla çıxış edib, Türkiyənin heysiyatına toxunan hərəkətlərə yol veriblər. Məhz buna görə Azərbaycanın dövlət başçısı Yunanıstanın ölkəmizə təyin olunan səlahiyyətli səfirinə çox sərt şəkildə mövqeyini çatdırmışdı. Bunun özü də Türkiyə-Azərbaycan-Şimali Kipr qardaşlığının növbəti nümayişi, birliyinin ifadəsi idi...
Elşad PAŞASOY,
“Yeni Müsavat”






