“Sıfır Nöqtəsi” romanı İstanbulda müzakirə olundu (FOTO)
Türkiyənin İstanbul şəhərində Türk Ocakları İstanbul şöbəsinin mərkəzi ofisində azərbaycanlı yazıçı Əhməd Şahidovun “Sıfır Nöqtəsi” romanının müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Türk Ocaklarının fəalları ilə yanaşı, Türkiyədə yaşayan azərbaycanlı xanım yazıçı Kəbutər Haqverdi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Metin Özer və türkiyəli tələbələr də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İstanbul Türk Ocakları Gənclik Qolları Başkanı Barış Onur Sargın azərbaycanlı yazıçı Əhməd Şahidovun yaradıcılığı barədə qısa məlumat verib və “Sıfır Nöqtəsi” romanının əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Əhməd Şahidov Şimali Kiprlə bağlı bədii əsər yazmasının səbəbləri haqqında məlumat verib, Şimali Kiprlə bağlı xatirələrini - Rauf Denktaşla tarixi görüşünü, Kipr adasına ilk gəlişini tədbir iştirakçıları ilə bölüşüb.
Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanının süjet xətti barədə geniş məlumat verib və ədəbiyyatın dili ilə Kipr problemini Azərbaycan oxucusuna çatdırmağa çalışdığını qeyd edib. Gələcəkdə Kərkük problemi barədə də əsər yazmağı xahiş edən Türk Ocakları üzvləri müəllifin “Sıfır Nöqtəsi” əsərini mütləq oxuyacaqlarını bildirib və müəllifdən bu kitabı imzalamasını xahiş ediblər.
Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanını tədbir iştirakçıları üçün imzalayıb.






