İnsanlara hürriyət, millətlərə istiqlal!

Sezen Aksunun Azərbaycandakı gizli xeyriyyə aksiyası- Müğənninin ətrafındakı qalmaqallarla bağlı İLGİNC AÇIQLAMA MÜSAHİBƏ

3859 07.04.2022 17:33 Müsahibə A A



Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib.

Yola saldığımız Novruz Bayramında (21 mart 2022-ci il) Bakıda 1 saylı körpələr evində və İstanbul, Asiya qitəsində yerləşən Qalip Öztürk adına kimsəsiz qızlar evində xeyriyyə aksiyası keçirilib. Aksiya heç bir mətbu orqanda yayımlanmasa da əldə etdiyimiz məlumata görə, aksiyanın təşəbbüskarı və maliyyəçisi Türkiyənin məşhur bəstəkar, şair və müğənnisi Sezen Aksu olub.

Verilən məlumata görə hər iki ölkədəki xeyriyyə tədbirləri, Sezen Aksunun 1998-ci ildə Bakıda ilk konsertini təşkil edən, əvvəllər “ZODİAK-L” MMC (təşkilatçılıq və reklam) şirkətinin rəhbəri Lalə Mustafayeva tərəfindən icra və koordinasiya olunub. Tədbirlərdə Sezen Aksu iştirak etməsə də bütün təşkilatçılıq işlər Lalə Mustafayeva həvalə edilib.

Musavat.com olaraq məlumatı dəqiqləşdirmək üçün Lalə Mustafayeva ilə əlaqə saxladıq və Lalə xanım xəbərin doğruluğunu təsdiq etdi.

Təşkilatçı bildirdi ki, Sezen Aksu və ailəsi ilə indiyə qədər gözəl münasibətləri var. Bu xeyriyyə aksiyası təklifi də Sezen Aksu tərəfindən olub:

 “Mən də sevə-sevə qəbul etmişəm: Sezen Aksu dünyaca tanınan və qəbul edilən, 800 mahnının müəllifi, böyük sənətkardır. Ona hörmətim və sevgim böyükdür. İstər Türkiyədə, istərsə də Azərbaycanda xalqın könlünə taxt quran bəstəkar-müğənnidir. Onun bu təşəbbüsü məni çox sevindirdi və bu xeyirxah işdə mənim də payım olsun istədim. Təklifi qəbul etdim və Azərbaycanın Novruz bayramı ənənələri ilə həm İstanbulda həm də Bakıda kimsəsiz uşaqlar üçün tədbir keçirdik”.

Azərbaycanda son illər əksər insanlar tərəfindən “Ermənipərəst”, “Erməni gəlini” olaraq adlandırılan  Sezen Aksunun Azərbaycanda tədbir keçirməsi diqqətimizi cəlb etdiyi üçün Lalə Mustafayevaya deyiləcək suallarımız çox idi. Buna görə də ona daha bir neçə sual ünvanladıq.

Həmin müsahibəni təqdim edirik:   

-Öncə istərdik ki, sizi bir qədər oxuculara tanıdaq...

-Əvvəla hamınızı Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edirəm! Allah namaz qılan, oruc tutan bacı, qardaşlarımızın namazlarını, oruclarını qəbul etsin və qalanlara da namazı da orucu da qismət eyləsin, inşallah. Bir zamanlar Azərbaycanda bir çox tədbirləri təşkil edən (H.Əliyevin 75 illiyinə Maya Plisetskaya və Rusiya İmperial Balleti, Paco Rabanne, Valentin Yudaşkin, Pierre Cardin moda nümayişləri, Anastasiya Voloçkova, “Virtuozı Moskvı” orkestrin solistləri, Larisa Quzeyeva, Liya Ahedjakova və “SOVREMENNİK” teatrı, Azərbaycanda Bədii Gimnastika üzrə ilk Dünya Çempionatı və b.), “ZODİAK-L” şirkətinin rəhbəri olmuşam, beynəlxalq tədbirlər, konsertlər, çöl reklamların yerləşdirilməsi (H.Əliyev adına Bakı Beynəlxalq Aeroportu və Bakı ş.) ilə məşğul olmuşam. Aygün Kazımova və Brilliant Dadaşova kimi estradamızın ən parlaq nümayəndələri ilə işləmişəm. Azərbaycan Respublikasının Dövlət Akademik Opera və Balet Teatrı və M. Maqomayev adına Filarmoniyanın baş müdir müavini olmuşam.

-Novruz Bayramında Sezen Aksunun təşəbbüsü ilə 1 saylı körpələr evində keçirilən xeyriyyə tədbiri haqqında qısa məlumat almaq istərdik. Necə oldu belə bir fikir yarandı və nə üçün məhz sizə həvalə olundu?

-Bəli, bu il mart ayının 21-də Bakıda 1 saylı körpələr evində (1-4 yaş arası) uşaqlar üçün və 22.03.2022-ci il tarixində İstanbulda Qalip Öztürk adına qızlar üçün (5-18 yaş arası) 100 nəfər qızlarımız olan uşaq evində Novruz Bayramı keçirildi. Təbi ki, biz bu tədbirləri daha geniş miqyasda etmək istəyərdik, nəğməli qonaqların iştirakı ilə. Ancaq pandemiyaya görə müəyyən məhdudiyyətlər vardı. İnşallah bu məhdudiyyətlər qaldırılandan sonra uşaqlarımız üçün yenə gözəl bayramlar keçirə biləcəyimizə ümid edirik.

Tədbirin keçirilməsi ilə əlaqədar ideyanın müəllifi məhz Sezen xanımdır. Tədbirlər onun maddi dəstəyi ilə keçirildi. 8 il bundan əvvəl Sezen xanımı Novruz bayramı münasibəti ilə təbrik edəndə, ona ənənəvi şirniyyatlarımız və milli atributlarımızdan apardım, o da mənə dedi ki, bu qədər şeyi mənə gətirməkdənsə, onları kimsəsiz uşaqlara aparardın. Düzdür, həmin gün Sezen xanımın köməkçisinə dedim ki, Sezen xanıma söylə, gedək bir yerdə paylayaq uşaqlara. O güldü, amma o vaxtdan bəri Sezen xanımın bu sözü beynimdə qaldı. Həmin zaman Sezen xanıma apardığım sovqatlar arasında məşhur musiqili komediyamız “O olmasın, bu olsun” filmi vardı. Sezen xanım onu çox bəyəndi.

Düzdür, aradan çox vaxt keçdi, amma necə deyərlər, gec olsun, güc olsun. Yəni yaxşı əməl etmək üçün heç vaxt gec deyil. Bu il də Qarabağımızın qayıtması fonunda çox gözəl il oldu.  Fürsətdən istifadə edib Sezen xanımın köməkçisinə bu təklifi verdik və Allahın icazəsi ilə tədbirləri keçirdik. Uşaq evlərinin müdiriyyətlərinə əvvəl heç nə söyləmədik. Tədbirlərin Sezen Aksunun dəstəyi ilə keçirildiyini ancaq tədbir günü söylədik və hamı üçün bu, çox xoş bir sürpriz oldu. İstanbuldakı qızlarımız üçün yeməkləri bişirən, İstanbulda yaşayan bizim gənc azərbaycanlı xanımımız Turan Əmirbəyova oldu. Özü peşəkar tərcüməçidir. Sezen xanımın adını eşidəndə və belə təşəbbüs haqqında məlumat alanda çox böyük həvəslə xahişimizi yerinə yetirdi. Buradan ona təşəkkürlərimizi bildirirəm. Uşaq evlərindən videolar çəkildi və Sezen xanıma göndərildi. Sezen xanım da bu tədbirlərin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Sezen xanım ümumiyyətlə, mütəmadi şəkildə xeyirxah layihələr və təşəbbüslərlə çıxış edir. Məsələn, “Kardelen” layihəsi çox gözəl layihə idi – Türkiyədə təhsil ala bilməyən qızlar üçün böyük dəstək kampaniyasını keçirtdi. Cəmiyyətin diqqətini bu problemə çəkdi və bütün Türkiyədə konsertlər verdi. Hətta eyni ad altında musiqi albomu da çıxmışdı. Pandemiyada hamının evdə qaldığı vaxtda çox insan işsiz idi.  Sezen xanımın göstərişi ilə onun köməkçiləri İstanbulda yaşadığı rayonda imkansız ailələrin siyahısını hazırladılar və Sezen xanım həmin ailələrə maddi dəstək göstərdi. Bundan əlavə, həmin vaxtlarda küçələrdə məskunlaşmış kimsəsiz heyvanlara yeməklər paylanıldı və bu aksiyaya Sezen xanım özü də qatılmışdı. Çox layihələri oldu. Hamısı barədə onun işçiləri daha çox məlumatlıdırlar. Türkiyədə kimsəsiz heyvanlar üçün təşkil edilən kampaniyalarda da fəal iştirak edir, amma o özü bunlar barədə danışmağı sevmir.

Hal-hazırda da sizə verdiyim müsahibədən Sezen xanımın heç bir xəbəri yoxdur. Bilsəydi qəbul etməzdi, çünki xeyriyyə fəaliyyətini çox işıqlandırmır. Bunu öz təşəbbüsümlə edirəm, çünki son illər ölkəmizdə bəzi media nümayəndələri soydaşlarımıza Sezen xanım barədə həqiqətdən ona aid olmayan “məlumatları” yayırlar və xalqımızda yanlış təəssüratlar yaradırlar. Ən son da bu ilin yanvar ayında Sezen Aksunun “Ne şahane şey yaşamaq” mahnısı ətrafında süni şəkildə yaradılmış qalmaqalın ölkəmizdə də mənfi əks-sədası oldu. Ona görə dedim ki, artıq bıçaq sümüyə dayandı və sizinlə həqiqəti paylaşmağa qərar verdim ki, ucuz reytinq dalınca qaçıb, şər-böhtan atanlara öz yerlərini göstərək. 

 

-Bəs onun konsertini təşkil etmək düşüncəsi və planı necə yarandı?

-Allahın çox böyük lütfü oldu. Sezen xanımın Bakıda ilk konsertini etmək istəyən çox insanlar var idi. Hətta keçmiş mədəniyyət nazirimiz Polad Bulbuloğlu da. Amma çox şükür ki, bu, bizə qismət oldu.  Sezen xanımın o illərdə olan meneceri Mustafa Oğuz bəyin vasitəsi və bilavasitə köməyi ilə Sezen Aksunun 1998 ildə Azərbaycanın Müstəqillik Günündə Bakıda ilk konsertini təşkil edə bildik və konsert çox gözəl keçdi. Baxmayaraq ki, Sezen xanım Bakıya 39.5 qızdırma ilə gəlmişdi və üstəlik onun diabeti də var, biz ona bir neçə gün burada dincəlib, sonra konsert verməyi təklif edəndə dedi ki, mən təyin edilən gün səhnədə çıxış edəcəyəm.  Qızdırmalı halda radioya da getdi, kim onu görürdüsə, hamı ilə gülümsəyərək şəkil çəkdirirdi, hamıya xoş sözlər deyirdi, insanlarımız da ona çox böyük sevgi ilə yanaşırdılar. Hətta oteldə ikən orada işləyən xadimələr dəqiqə başı otağının qapısını döyürdülər ki, qızım, olar səni öpüm? Axırda dözmədim və dedim ki, bəsdirin, insan xəstədir, qoyun  sağalsın, sonra. O, heç kimi geri qaytarmırdı, hamı ilə görüşürdü. Çox təəssüf edirəm ki, sonrakı illərdə biz Sezen xanımın konsertlərini Bakıda keçirtmədik. Halbuki, Sezen xanımın Azərbaycana qarşı, xalqımıza qarşı çox gözəl münasibəti var.

Hələ mən tələbə ikən, Sezen xanımın İstanbuldakı konsertlərinə gedəndə, onun mühafizələrinə (həmişə hərbiçilər var idi və sayları çox idi) yaxınlaşıb deyəndə ki, tələbəyik, Azərbaycandan gəlmişik, Sezen xanımla konsertdən sonra görüşmək istəyərik, onlar bizə deyirdilər ki, Azərbaycandan gəlmisinizsə, o, sizi mütləq qəbul edəcək. Belə də oldu, Sezen xanım görüşməyə razılıq verdi, mən də o vaxt utandığımdan getmədim, tələbə yoldaşlarım bunu mənə əfv  etmədilər.

2010-cu ildə biz Sezen xanımın konsertini yenidən keçirtmək istədik və müsbət cavab aldıq. Lakin sponsor olan azərbaycanlı şirkət ən son anda sözünə əməl etmədi və konsert baş tutmadı. Bugün də təəssüf edirəm ki, bu konserti öz gücümüzlə keçirtmək imkanımız ola-ola, onu təşkil etmədik, amma hər şərdə bir xeyir var, deyirlər.  Sezen xanım səhnəyə qayıtdığı gündən etibarən onun konsertini məhz gözəl Şuşamızda keçirməyi çox istəyərdik, çünki Şuşa həmişə mədəniyyətin, musiqinin, dahi insanların beşiyi olub və məhz Sezen xanım kimi gözəl dahi sənətkarın orada çıxış etməsi çox yerinə düşərdi. Dualarımız Allahadır.

İnşallah Sezen Aksunu Şuşada konsert verərkən də görərik. Amma onun “Hər şeyi yak” mahnısı Aygün Kazımovanın “Vətən Çağırır” ifasında 44 günlük ikinci Qarabağ savaşında efirlərdə, radioda ən çox verilən mahnılardan olmuşdu.

-Bəli, açığı mən gözləmirdim ki, Sezen xanımın “Hərşeyi yak” mahnısı Aygün xanımın ifasında 44 günlük Vətən müharibəsində belə böyük sevgi ilə qarşılanacaq və bir növ müharibənin himninə çevriləcək. Çünki bütün radio dalğalar ən çox bu mahnını səsləndirirdilər. Düzdür, mahnı yunan bəstəkarı Thanou Mikroutsikou tərəfindən bəstələnib, sözləri Sezen xanımındır, amma Aygün xanım məhz Sezen xanımın ifasından ilhamlanaraq bu mahnıya başqa sözlər yazdıraraq onu oxuyub. Bu ifa onunla əmakdaşlığımız bitdiyi ərəfədə oldu. Ürəklə söylədi. İlk olaraq böyük stadionda oxudu və konsertdən sonra ona zəng edib təbrik edəndə, “mahnını sənin üçün oxudum”, dedi. Düzdür, mahnının olduğu kimi qalmağın həmişə tərəfdarı idim və Aygün xanıma o vaxt demişdim, amma bu ifa da çox bəyənildi və dediyiniz kimi, 44 günlük Vətən müharibəsində çox böyük rəğbətlə qarşılandı.

-Sezen Aksunun bu ifadan xəbəri var idi?

Xeyr, Sezen xanımın mahnısının bu versiyasından xəbəri yoxdur. Bu ifanı eşitməyib. Bilirsiniz, həyatda təsadüf deyilən şey yoxdur, çünki Qarabağda da məhz Qara Dəniz sahillərindən köçən və köklərini Qarabağda salan rum köklü insanlar yaşayırdı. Baxın, yunan bəstəkar, Türkiyənin Qara Dəniz köklü dahi sənətkarı və Azərbaycanın ən tanınmış və sevilən müğənnisinin enerjiləri ilə xalqımıza, döyüşən  qardaşlarımıza Allah  tərəfindən bu mahnı ilə çox böyük dəstək göstərildi. Bu, ruhlarımızın qidası oldu.

Həmin günlərdə hamımız böyük həyəcan keçirirdik və demək olar ki, heç kimlə təmasda deyildim, Sezen xanımı da dəqiqə başı narahat etmək düzgün deyil, onun bacısı Zehra xanımla danışırdıq və ondan ürək dirək alırdım.

-Azərbaycanda Sezen Aksunun belə bir xeyriyyə tədbirinin keçirməsi yəqin ki, birmənalı qarşılanmayacaq. Çünki ölkəmizdə hamı Sezen Aksunun dilindən ermənilərə tərif eşidib və erməni gəlini olduğunu açıq bəyan edib. 

 

-Son illərdə mətbuatda Sezen xanım barədə yayımlanan iftira xarakterli xəbərlər, vətəndaşlarımızda bu şəxsiyyət barədə yanlış təəssürat yaradır və bilmədən çox neqativ şeyləri internetdə yazırlar.

-İzləyirmi Azərbaycanda onun haqqında yazılan, deyilən fikirləri?

Əslində, bəlkə Sezen xanıma onun haqqında yazılanları göndərməməli idim, amma göndərdim. Təbii ki, o üzüldü,  amma yenə də heç nə demədi. 

Buradan Sezen xanımı illərdir tanıyan, onun yaradıcılığı və ailəsi ilə maraqlanan azərbaycanlı kimi xalqımıza səslənirəm:

Sezen Aksunun İrəvanda konserti olmayıb, Sezen Aksu erməni deyil. Nə atası ermənidir, nə də anası. Anasının adı Şehriban xanım olub. Allah ona qəni-qəni rəhmət eyləsin. Zadəganlardan idi və özü də elə xanım idi. Yanılmıramsa, fizika üzrə müəllimə idi.

Sezen xanım, onun birinci adı Fatmadır, əslli-köklü bir insandır, amma onu heç yerdə demir və özünə ucuz şöhrət qazanmaq istəyənlər kimi dəqiqə başı sinəsinə vurmur. O ancaq işi ilə, sənəti ilə məşğuldur. Öz şöhrətini, öz zəhməti ilə qazandı. Bundan gözəl nə ola bilər ki.

Bu yaxınlarda bir jurnalist məndən soruşdu ki, düz deyirlər ki, Sezen Aksunun atası yəhudidir, adı da Semyondur? Ona dedim ki, çox qurdalasanız, məndə yəhudi toxumunu taparsınız, amma onda tapmazsınız.

Necə olur ki, biz Allahın yəhudi olan peyğəmbərlərini, elçilərini qəbul edirik, İsrailin 44 günlük Vətən müharibəsində bizə göstərdiyi dəstəyini qəbul edə bilirik, amma yəhudiləri qəbul etmirik?.. Bir də lap Sezen Aksunun atası yəhudi olub, bundan kimə nə? Bu insan canını, qanını qoyub ölkəsi üçün, xalqı üçün. Sabah bir afrikalı onun yanına gəlsə, o yenə onu qəbul edəcək, çünki o, bunu etməlidir. Bu onun dünyadaki missiyasıdır, onun Allahın qabağında borcudur. 800 mahnının müəllifi, bizim kimi adi insan deyil. Bunu unutmamaq lazım. Fatma Sezen Yıldırım (Sezen Aksu) – Dünya adamıdır.

Mən demirəm ki, Sezen xanım heç ermənilərlə təması yoxdur, olub, var (rəfiqəsi, Nükhet Duru – müğənni, ermənidir Bakıya da onu gətirmişdilər). O elə Nükhet Durunun vasitəsi ilə Onno Tunc adında əvvəl bas gitara, sonra aranjemançı və məhz Sezen xanımın təşəbbüsü ilə bəstəkarlıqla məşğul olmağa başlayan, erməni mənşəli insanla tanış olaraq, onunla 10-11 illik həm eşq yaşayıb, həm iş birlikləri olub. “Şinanay”, “Hadi Bakalım”, “Sən ağlama” kimi mahnıların bəstəkarı Onno Tunc (Ohannes Tuncboyaciyan) olub. Sezen xanımın ümumiyyətlə, elə energetikası var ki, onun yanında əsa qoy, o əsa çiçək açacak, ona görə kim onunla təmasda olubsa, məşhurlaşıb. Düzdür, mən daha çox Sezen xanımın özünün bəstələdiyi mahnılarını dinləməyə üstünlük verirəm, amma vaxt var idi “Şinanay”, “Hadi Bakalım”, “Sən ağlama” mahnıları Azərbaycanda dillər əzbəri mahnılar idi.

Heç Sezen xanım Onno Tuncla ailə də qurmamışdı, sonradan Onno Tunc təyyarə qəzasında rəhmətə getdi. Sezen xanım xaraktercə çox etibarlı insandır. Deyərdim artıq dərəcədə etibarlıdır və bugünə qədər Onno Tuncun öz qızlarını hər cür dəstəkləyir. Vaxt olub ki, biz ermənilərlə qonşulluqda yaşamışıq. Mənim məktəb vaxtı, o qədər erməni dostlarım olub ki. Onların arasında yaxşı dostlar olur, amma bir mənfi cəhətləri var, riyakarlıqları çoxdur.

Cənab Prezidentimiz İlham Əliyev bugün nə deyir: “Gəlsinlər, yaşasınlar, mən onlara tam təminat verirəm”. Biz heç kimə düşmən gözü ilə baxmırıq, sadəcə bizim ölkənin qanunlarına riayət etsinlər və sülh içində yaşamağa üstünlük versinlər.

Bundan başqa gözəl söz ola bilməz. Ona görə də insanların Sezen xanımın vaxtı ilə yaşadığı eşqə və onun şəxsi münasibətlərinə belə münasibət bəsləməyi düzgün deyil.

Sezen xanımın oğlu da anasına bənzəyir və Onno Tuncdan deyil, türk işadamı (yanılmıramsa kürd köklü) Sinan Özerdəndir.

-Sezen Aksu mahnısında Adəm və Həvvaya cahil deməsindən sonra Türkiyədə və Azərbaycanda böyük səs-küy, etiraz yarandı...

 

-Bəli, hadisə bu ilin yanvar ayında Sezen Aksunun “Şahane şey yaşamak” mahnısı ətrafında süni şəkildə yaradıldı. Düzdür, biz də Sezen xanımı sevən bir çox insanlar kimi, onu dəstəkləmə kampaniyasına qoşulduq və Türkiyə Prezidenti Recep Tayyip Erdoğana açıq məktub yazdıq. Bu məktub Türkiyə Prezidentinin müşavirinə çatdırıldı və həmin möhtərəm şəxs sonradan mətbuata çox gözəl müsahibə verməklə, yaranmış məsələyə son verdi.

Mən sadəcə internetdə həmin vaxt ərzində Sezen xanım barədə mənfi yazılar yazan insanlara üzümü tutub deyirəm: Adəm peyğəmbərimizin cəddinə qurban, Həvva Anamızın cəddinə qurban, Sezen xanım heç vaxt onlara qarşı hörmətsiz ifadələr işlətməz. Çünki əsl müsəlman ailəsində böyüyüb və Quranı Kərimi çox yaxşı bilir.

Onun şeiri başqa şeylərdən bəhs edirdi: Allah təala Adəm peyğəmbərə (salam ona) və Həvva Anamıza (salam ona) Cənnəti və əbədi həyatı bəxş etmiş ikən, onlar şeytanın vəsvəsinə uyub, əbədiyyat adı ilə fani dünyaya meyl saldılar. Cahil sözü orada – gənc, yetişməmiş mənasında istifadə edildi (Türk Dil Kuruluna görə cahil sözü həm də gənc, yetişməyən olaraq tərcümə edilir). Amma yenə də “dik durmak, dim-dik qalmak, nə şahanə şey yaşamaq”, deyir Sezen Aksu. Yəni həyatın bütün sınaqlarına baxmayaraq, dözümlü olmaq, səbirli olmaq və həyata sevinmək lazımdır, deyir Sezen Aksu. Eyni şeyi bizə Qurani Kərim də deyir, Tövrat da, İncil də deyir, yəni Allahın kəlamıdır.

Ona görə mən hamıdan artıq dərəcədə xahiş edirəm, mahnının sözlərini anlamadan heç bir müzakirəyə başlamayın. Mən özüm də Sezen xanımın şeirlərini 3-4 dəfə oxuyuram ki, nə demək istədiyini anlayım.

Ən sonda da üzümü bir daha bütün azərbaycanlı bacı və qardaşlarıma tutub deyirəm, Sezen Aksu (Fatma Sezen Yıldırım) mənim azərbaycanlı olduğumu bilə-bilə konsertlərindən sonra mənimlə dəfələrlə görüşüb, evinə də dəvət edib. Anamla tanış etmişəm, anamı və məni İstanbuldakı yubiley konsertinə dəvət edib, Bakıdakı konsertindən sonra ilk çıxan musiqi albomunun hədiyyəli versiyasını göndərmişdi, həmişə də çox gözəl münasibət bəsləmişdi, o da, bacısı da.

Baxın, əsl həqiqət budur. Allahın izni ilə, vaxtı gəldi, onu hamınıza açıqladım.

Bir daha hamınızı Ramazan ayı münasibəti ilə sidqi qəlbdən təbrik edir və hər birinizə can sağlığı, əminamanlıq, ruzi- bərəkət və Tanrı rəğbətini qazanmağınızı arzu edirəm. Diqqətinizə görə minnətdaram.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR